Tahir Kərimli İranın Xameneyisini – “Xamneyi Ağa” adlandırdı

Tanınmış ictimai fəal, Zəka Sahib İranın Azərbaycandakı səfirliyinin qarşısında keçirilən Xameneyiyə dəstək aksiyasına münasibət bildirərkən, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneyini “Xamneyi Ağa” adlandırmasını da tənqid edib.

Həmin müsahibədən sonra Vəhdət Partiyasının Mətbuat Xidmətindən Sozcu.az saytının e-mail ünvanına daxil olan yazida deputatın işlətdiyi “Xamneyi Ağa” cümləsinə açıqlama verilib.

Həmin açıqlamanı təqdim edirik:

“Zəka Sahibin sizin saytda yayımlanan müsahibəsinə əslində cavab verməmək olardı. Amma yanlış danışan birisinə bilmədiyini öyrənməsi üçün cavab verməyi lazım bidim. Heç olmasa öyrənsin. “Xamneyi Ağa” ifadəsi hörmət anlamındadır. “Ağaye Xomneyi” adı tərcümə olunduqda “Xamneyi Ağa” kimi səslənir. Necə ki, Azərbaycan dilində “cənab” sözü işlədilir, eləcə də qonşu İran dövlətində “Ağa” ifadəsi işlədilir. Bilməmək ayıb deyil, hörmətli Zəka bəy, bilməyə-bilməyə özünü bilən kimi aparmaq yanlışdır”.

87 Saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa keçmiş namizəd, Bütöv Azərbaycan Ocaqlarının üzvü Zəka Sahib Sozcu.az saytına bildirib ki, həmin aksiyanı İranın Azərbaycanda olan agentura şəbəkəsi təşkil edib: “Hesab edirəm ki, bu aksiyanı İranın Azərbaycanda olan agentura şəbəkəsi təşkil edibdir. Bu aksiyanın torpaqları erməni işğalında olan Azərbaycanda keçirilməsi utancverici bir hadisə oldu. Torpaqlarımızı işğal edən, Xocalı Soyqrımı kimi dəhşətli bir soyqrım törədən bir vəhşi millətə hər vasitə ilə dəsətk verən Xomneyiyə “ağam”, “rəhbərim”, deyə müraciət edənlər, Xomneyinin düşmənlərinə ölüm arzulayanlar Azərbaycan dövlətinin düşmənləridirlər.

Həmin aksiyayanın keçirilməsində Azərbaycan hakimiyyətinin də hansısa bir marağının olduğunu deyən Zəka Sahib qeyd etdi ki, İrana qarşı keçirilən aksiyaları zopa ilə dağıdan Azərbaycan polisi, düşmənlərin aksiyasına müdaxilə etmədi: “Azərbaycanın güneyində baş verən hadisələrlə bağlı iran səfirliyi qarşısında etiraz piketi keçirmək istəyəndə polislər dərhal zor tətbiq edərək piketi dağıdır, lakin ölkəmizin strateji rəqibi olan bir ölkəyə öz içimdən belə anormalcasına “dəstək” verənlərə niyə müdaxilə etmirlər? Bu həm də strateji hədəflərimizə qarşı xəyanətdir. Həmin “aksiya”da iştirak edənlərin milli düşüncəsi olmadığına əminəm. Xəyanətkarlar hər zaman olub olacaqlarda, lakin tarixin qızıl yaddaşında milətinin sabahı üçün savaşanlar qalacaq. Molla rejimi artıq öz içindən parçalanmaqdadır, bunun üçün də onların burdakı əlaltılar narahat olublar”.

Son zamanlar bəzi QHT -lərin İrana səfərlər etməsinə toxunan Zəka Sahib bunu da qeyd etdi ki, əgər İrana gedən Tahir Kərimli kimi deputatlar Xamneyi haqda danışanda “Xamneyi ağa” deyirsə, İranın agenturası da Azərbaycanda rahat şəkildə fəaliyyət göstərəcək: “Son zamanlar bəzi QHT-lərin İrana səfərlər etməsi, bəzilərinin sədrlərinin İranı qardaş-dost dövlət adlandırması və hətta daha uzağa gedərək, İranı Türkiyə ilə eyniləşdirməsi halları nəzərə çarpır. İran artıq Azərbaycanda bir çox ictimai-siyasi təşkilatlara nüfuz etməyi bacarıbdır. Elə bir insanlar var ki, onları Milli Şuranın mitinqlərində tirbunada da, dövlət xətti ilə İrana gedən nümayəndə heyətinin tərkibində də görmək mümkündür. Çox qarmaqarışıq bir vəziyyət yaranıbdır, bir çoxlarının kim olduğu məlum olmur. Bu yaxınlarda İrana gedənlərin arasında Tahir Kərimli də var idi. Bir başa hakimiyyətin dəstəyi ilə mandat əldə edən bu adam, Xomneyi haqda danışarkən, “Xamneyi ağa” deyə sözünü işlədir. Belə məsuliyyətsiz insanların dövlətimizin parlamentində oturması və başqa bir dövlətin rəhbərini “ağa” adlandırması dövlətçiliyimizə təhdiddir. Bu adamla eyni dairədən deputatlığa namizəd olmuşuq. Tahir Kərimli demək olar ki, bütün görüşlərində Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy haqqında şər-böhtan dolu sözlər işlədirdi. Bəlkə də bu yanaşmasına görə də saxta mandat qazandı. Əbülfəz bəy haqqında sanki vətən xayinindən danışırmış kimi danışan Tahir Kərimlinin, Azərbaycana düşmən olan bir dövlətin rəhbərini özünə “ağa”adlandırması bəs edir ki, İranın agenturası Azərbaycanda rahat şəkildə fəaliyyət göstərsin”.

Xural.com xəbər verir ki, Tahir Kərimlinin dediklərinə cavab verən Zəka Shib bunları deyib:

“Tahir bəyin bu cavabını yanlış işlətdiyi ifadəsini sığortalamaq kimi başa düşmək olar. Tahir bəy zamanında Azərbaycan istiqlalina imza atmış şəxslərdəndir, lakin sonraki ziq-zaq siyasi fəaliyyəti və siyasi məğlubiyyəti onun illərlə çəkdiyi əziyyətini yerə vurdu.
Tahir bəy 2015-ci ildə Kanal 13-ə müsahibəsində “Böyük Azərbaycanın adamı” olduğunu qeyd edirdi. Lakin o hadisədən bir müddət sonra İrandan səfərdən qayıdan zaman səsli müsahibə verərək, “Böyük rəhbər Seyid Əli Xamneyi ağa” ifadəsini işlətdi. Bu iki müsahibə və bugünkü açıqlaması arasında heç bir uyğunluq yoxdur. Xamneyiyə “ağa” deyənlər ona təqlid edən insanlardı, bəlkə Tahir bəy də Xamneyiyə təqlid edir?
Tahir bəy Xamneyi haqqında dediyi ifadəni hörmət əlaməti olaraq işlətdiyini bildirir, amma hörmət əlaməti olaraq İranin birinci şəxsinə “böyük rəhbər” demək heç bir məntiqə sığmır. Tahir bəy, sizin “böyük rəhbər” dediyiniz şəxs Xocalıda körpə uşaqları qətlə yetirən Sarkisyana bütün gücü ilə iqtisadi yardım edir, Qarabağ məsələsində Ermənistanın mövqeyini hər zaman dəstəkləyir, Güney Azərbaycan Türklərinin isə milli haqlarını ayaqlar altına alır, Allahın insanlara bəxş etdiyi ana dilini belə onların əlindən alır. Məgər siz bunları görmürsünüz?
Tahir bəy, siz hörmətdən danışırsınızsa 2015-ci il parlament seçkilərində bütün kampaniyanı milli azadliq hərakatının lideri, eks prezident Əbülfəz Elçibəyə qarşı kinli mövqe qoymaqla apardınız. Təmsil olunduğunuz parlament isə həmin şəxsə “eks-prezdent” statusu verib ən azından həmin quruma hörmət edin. Öz ölkənizin önəmli şəxsi haqqında kinli mövqe sərgiləməklə hər zaman diqqətdə qalmağa çalışırsınız, lakin strateji hədəflərimizə qarşı hiygələr mövqeyi ilə seçilən, müstəqilliyimizə qarşı hər zaman mübarizə aparan İran adlı dövlətin birinci şəxsinə, həm də Erməni dəstəkçisi olan Xamneyiyə “böyük rəhbər”, “Seyid Əli Xamneyi ağa” deməyinizin heç də hörmətdən irəli gəldiyi görsənmir. Bizim öz ana dilimiz var, “cənab” sözünü “ağayi” sözü ilə əvəz etmək də doğru sayılmaz. Azərbaycan deputatının diplomatik münasibətləri hər zaman konflikti olan ölkənin birinci şəxsinə “böyük rəhbər”, “Seyid Əli Xamneyi ağa” deməsi nə dərəcədə hüquqa uyğundur? Bir halda ki, siz hüquq üzrə təhsil alıb o sahədə rəsmi vəzifədə olmusunuz, niyə ağa sözünü cənab sözü ilə əvəz etmirsiniz? Sizi onların dili ilə danışmağa nə məcbur edir?
Cənab Tahir Kərimli, bütün gücünüzlə çalışsaniz belə, nə Xamneyini, nə də ki, onun tərəfdarlarını bu millətə sevdirə bilməyəcəksiniz. Çünki bu millətin 35 milyondan çox qardaş və bacıları orada ana dili hüququna malik olmadığı hər kəsə məlumdur, xalqımızın həqiqətləri deyən və onu müdafiə edəcək yetərincə fədakarları var, özünüzü boşuna yormayın.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button