Türkiyənin fındıq və Azərbaycanın qeyri-neft ixracatı
Məhəmməd Talıblı
Rəsmi hesabatlara baxıram. Qeyri-neft ixracının artım dinamikasını ifadə edən yaxşı “piroqlar” tərtib edilib. Dinamikanın ümidverici mesajlarla zəngin olması haqqında optimist qeydlər yer alır. Düşünə bilərsiniz ki, neft sektorunda ciddi artım templəri qeydə alınıb. Azərbaycanın qeyri-neft ixracatında elə bir mal pozisiyasını götürüb başqa ölkələrlə müqayisə etmək istədim ki, mənzərə nisbətən aydın olsun. Bu məhsullardan ilk üçlüyə daxil olanı fındıqdır.
Azərbaycanın qeyri-neft ixracatında pomidor və qızıldan sonra 3-ci yerdə fındıq ixracatı dayanır. Ölkəmiz əsasən fındığın 34 faizini İtaliya və Rusiyaya ixrac edir. 2017-ci ildə Azərbaycan fındıq ixracatından 115 mln. dollar əldə edib.
Türkiyənin ixracatında da öncül yerdə duran fındıqçılıq əsasən Qaradəniz bölgəsində inkişaf edib. Toplam olaraq 400 min ailəni əhatə etməklə 706 min hektar ərazidə yetişdirilir. Müqayisə üçün deyim ki, Türkiyənin illik 278 min ton fındıq ixracatı dünya fındıq ixracatının 75%-i və fındıq istehsalının isə 70%-i təşkil edir.
Fındığın dünya bazarında qiyməti yüksək olan illərdə (2014-2015) qardaş ölkə onun 1 kq-nı 13 dollardan satırdı. Həmin illər Türkiyə fındıq ixracatından ildə 2,8 mlrd. dollar qazanırdı. Sonradan qiymətlər təxminən 2 dəfə – 6,3 dollara qədər aşağı düşdü. Hətta aşağı səviyyəli qiymət səviyyəsi ilə belə ötən il Türkiyənin fındıq ixracatından 1,73 mlrd. dollar gəlir əldə edib.
• 2015-ci ildə Türkiyənin fındıq ixracatı həmin il üçün Azərbaycanın bütövlükdə qeyri-neft ixracatından 1,9 və ya yuvarlaq olaraq 2 dəfə çox olub.
• 2017-ci ilin göstəricilərindən çıxış etsək, Türkiyənin fındıq ixracatı Azərbaycanın fındıq ixracatından 15 dəfə çox olub.
• 2017-ci ildə Türkiyənin təkcə fındıq ixracatı toplam olaraq Azərbaycanın qeyri-neft ixracından (1.538 mlrd.) böyük olub.