Türkiyədə ana müxalifət 35, hakim partiya 24 başqanlıq qazanıb

Türkiyədə yerli seçkilərin nəticələrinə görə, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri İstanbul və Ankara şəhərləri də daxil 35 yerdə bələdiyyə başqanı kürsüsünü əldə edib.

İstanbulun hazırkı bələdiyyə başçısı Əkrəm İmamoğlu 51.1 faiz səslə postunu qoruyub. O, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) ən yaxın rəqibini 11.5 faiz üstələyir.

“Deyə bilərəm ki, vətəndaşlarımızın bizə olan inamı mükafatlandırıldı”, – İmamoğlu seçkinin nəticələrini şərh edərkən bildirib.

İstanbul Türkiyənin ən böyük şəhəridir, orada təxminən 16 milyon insan yaşayır. Rəcəb Tayyib Ərdoğan ötənilki prezident seçkilərində qələbədən və müxalifət koalisiyasının dağılmasından sonra İstanbulu AKP-nin nəzarətinə qaytaracağına ümid edirdi.

Ankaranın bələdiyyə başqanı, CHP-dən olan Mənsur Yavaş da postunu qoruyub saxlayır. Paytaxt seçicilərinin, demək olar, 60.4 faizi ona səs verib. İmamoğlu kimi, Yavaş da Ərdoğanın iştirak etməyəcəyini söylədiyi 2028-ci il seçkilərində potensial prezidentliyə namizəd kimi görünür.

Ümumilikdə CHP 81 bölgədən 35-ni qazanıb: İstanbul və Ankaradan başqa, bunlar şimal, qərb və cənub vilayətləridir. Hakim AKP 24 kreslo alacaq – əsasən Türkiyənin mərkəzində. Kürdyönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndələri cənub-şərqdəki 10 əyalətdə bələdiyyə sədri olacaqlar. Daha səkkiz mer postu ifrat sağçı Milliyyətçi Hərəkat Partiyasına (MHP) keçir. Bu partiya hakim AKP ilə bir ittifaqa daxildir.

“Təəssüf ki, yerli seçkilərdə istədiyimiz və ümid etdiyimiz nəticəni ala bilmədik”, – Ərdoğan aprelin 1-i, bazar ertəsi gecəsi seçkilərdən sonra ilk çıxışında bildirib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button