Türkiyədə seçki həyəcanı

Toğrul İsmayıl: “Türk seçicisi hər zaman sürprizlər edir”

Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə üç gün qalır. Asan olmayacaq bu seçkilərlə bağlı qardaş ölkə bütün dünyanın diqqət mərkəzindədir.

Prezident seçkilərində kimin qalib olacağı ilə bağlı proqnozlar birmənalı deyil. Cümhur başqanı olmaq üçün AKP lideri, hazırkı ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, İYİ Partiya başqanı Meral Akşener, HDP-nin keçmiş lideri Səlahəddin Dəmirtaş, Səadət Partiyasının başqanı Temel Karamollaoğlu və Vətən Partiyasının başqanı Doğu Perinçək mübarizə aparır.

Çoxları ikinci turun olacağını düşünür. Doğrudur, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə şəriksiz lider olacağına şübhə yoxdur. Amma onun prezident olmaq üçün 50%-i keçib-keçməyəcəyi suallar doğurur. CHP-nin seçkilərə Məhərrəm İncə ilə qatılması, eləcə də İyi Partiyanı yaradaraq siyasi səhnəyə çıxan Meral Akşenerin namizəd olması seçkilərə tamam fərqli bir rənglər qatıb. İkinci tur olarsa Ərdoğan iqtidarının çətin anlar yaşayacağı iddiası da var.

“Millət” ittifaqı ilə parlament seçkilərinə vahid şəkildə qatılan müxalifətin bu seçkilərdə üstün olacağı proqnozlaşdırılır. Lakin əvvəlki seçkilərdən fərqli olaraq prezident seçkilərində qalib gələn şəxsin hökuməti təkbaşına formalaşdırmaq səlahiyyətinə malik olması onun qarşısında cığırlar açır.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında seçki təbliğatında son texnologiyalardan istifadə edildiyini bildirdi: “Müxalifətin təbliğat kampaniyasında daha çox AKP iqtidarının iqtisadi sahədəki xətaları üzərinə vurğu edilir. Son dönəmlərdə təbliğat-təşviqatda gərginliyin artdığını görürük. Seçkilər yaxınlaşdıqca siyasilər bir-birilərinə qarşı daha sərt mesajlar verməyə başlayıblar. Bu da Türkiyə cəmiyyətini narahat etməyə bilməz. Bu şəkildə hələ ki təbliğat davam edir. Hazırlıqlar artıq son həddədir. Siyasi partiyalar, prezidentliyə namizədlər öz tərəfdaşlarını aktiv şəkildə proseslərdə iştiraka çağırırlar. Cəmiyyətdə bu aktivlik hiss olunur. Yay ayları, dərslərin bitməsinə baxmayaraq bu aktivlik görünür. Seçkilər gözlənilən kimi aktiv şəkildə olacaq. Nəticələri görməyimizə artıq çox qısa zaman qalır. İkinci turun olacağı ehtimalları yenə də böyük görünür. Hesablamalar da bunu göstərir. Sadəcə, bunu qarışdırmamaq lazımdır ki, ikinci turun olması Ərdoğanın və lideri olduğu AKP-nin məğlub olması anlamına gəlmir. Bunu əvvəlki seçkilərlə müqayisə edib demək olar ki, nə qədər irəliləyiş, yaxud gerilik var. Ümumiyyətlə, Ərdoğan çox maraqlı bir siyasi liderdir. Türkiyə tarixində ilk dəfə olaraq, uzun illər hakimiyyətdə olmasına baxmayaraq yüksələn xətlə səslərini artıraraq seçkiləri qazanıb. Bugünkü seçkilərdə ikinci turun olub-olmayacağından asılı olmayaraq həmin nəticələrə baxmaq lazımdır. İkinci tur istənilən halda ehtimallar arasındadır. Türkiyə seçicisi çox həssasdır. Bugünkü iqtidarın ən zəif nöqtəsi uzun illər hakimiyyətdə olmasıdır. Uzun müddət hakimiyyətdə qalmaq istənilən iqtidarı tükəndirir. Məhərrəm İncənin təbliğatda bir az önə keçdiyi barədə düşüncələr var. Bunu seçkilərin nəticələri göstərəcək. Unutmaq olmaz ki, belə düşüncələr, sadəcə, yorumdur”.

Toğrul İsmayıl ile ilgili görsel sonucu

T.İsmayıl seçkilərdə sürprizlərin olacağını istisna etmir: “Türk seçicisi hər zaman sürprizlər edir.  Bunu yaxşı bilirik. CHP-ni də, MHP-ni də zamanında 10% barajın altında buraxıb. Türkiyədə gənclər demək olar hakimiyyətdə Ərdoğanı, AK Partini  görüblər.  Alternativ də demək olar olmayıb. Bu kimi məsələlər öz sözünü təbii ki, deyir. AKP və Ərdoğan hakimiyyətdə olduqları illər böyük işlərə imza atıblar. Uzun müddət hakimiyyətdə qalmaq xətaların da çox olması deməkdir. Burada bölgədəki siyasi mühiti də unutmamaq lazımdır. Yaxın Şərqdə ciddi şəkildə dəyişikliklər, savaşlar var. Bunlar da istər-istəməz Türkiyəyə öz təsirini göstərir. Bugünkü hakimiyyətin daxili və xarici siyasətinin formalaşmasına da ciddi təsir edir. AK Parti hakimiyyəti illərində ciddi dönüşlər yarada bildi. Yanlışlarını görüb dönüş etməyi bacardılar. Digər tərəfdən, təhsil sistemində istənilən dönüşü edə bilmədilər. İslahatlar istənildiyi kimi gerçəkləşə bilmədi. Belə məsələlər indiki iqtidara müəyyən dərəcədə mənfiliklər gətirir. Bundan əlavə, ekonomik sahədə, eləcə də bölgədə Türkiyənin öz sözünü deməsi müsbət cəhətlərdir. Buna qarşı müxalifət hakimiyyət daxilində olan nazirlərin, siyasilərin səhvlərini öndə tutaraq təbliğatlarını bunun üzərində qururlar. Mənə görə bu taktika çox doğrudur”.

Politoloq seçkilərdə ikinci turun olacağı təqdirdə siyasi ortamın tamam fərqli olacağını düşünür: “İlk dəfə Türkiyə bir başqanlıq sistemində prezident seçir. Bu da tamamən fərqli bir ortamdır. Əvvəllər də dediyim kimi, bu başqanlıq sisteminə qarşı çıxanlar az deyildi. Bunlar cəmiyyətin yarısını təşkil edirdi. Böyük şəhərlər də bu sistemin əleyhinə çıxmışdı. İndi bu sistemə qarşı çıxanların, bu sistemi istəməyənlərin, Ərdoğandan narazı olanların birləşmə dönəmidir. Türkiyə real, siyasi bir ortamdadır. Mövcud vəziyyəti keçmiş sistem üzərindən dəyərləndirsək, səhvlərə yol verə bilərik. Real sistem dəyərləndirməsində Cümhurbaşqanının birbaşa seçildiyini unutmaq olmaz. İlk dəfə yoxlanılmamış bir sistem hakimiyyətə gələcək. Cəmiyyətdəki bu tərəddüdlü vəziyyəti də unutmamaq lazımdır”.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button