Vəkilini Əvəz Zeynallı ilə görüşə buraxmırlar


123.05.2013

Vəkil Elçin Sadıqovu müdafiə etdiyi baş redaktor Əvəz Zeynallı ilə görüşə buraxmırlar. Bu haqda məlumatı mətbuata vəkil Elçin Sadıqov verib. O bildirib ki,  bu gün 10 saylı cəzaçəkmə müəssisəsinə getməsinə və orderlə vəsiqəsini təqdim etməsinə baxmayaraq, ona müəssisənin Vəzir adlı səlahiyyətli əməkdaşı Əvəz Zeynallı ilə görüşməyə imkan verməyib:

“Deyir ki, gərək baş idarə – Ədliyyə Nazirliyinin Penitensiar xidməti icazə versin. Məktubu göstərirəm ki, bəs 20 mayda Mədət Quliyevə və sizə orderimi göndərərək, qanunsuz göstərişinizə əməl edib məktub da göndərmişəm. O isə israrla, rəisin mütləq Penitensiar Xidmətdən məktub tələb etdiyini bildirdi. Penitensiar Xidmət isə zənglərimə cavab vermir. Bu qanunsuzluqla baglı məhkəməyə müraciət edəcəm.” Vəkil onu da bildirib ki, 8 gündür BİT-dan 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülən baş redaktorla onun ailə üzvüləri və doğmaları da görüşə bilmirlər. Baş redaktora qəzetlər çatdırılmır, ona mətbuatla da tanış olmaq qadağası qoyulub.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcu dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.

Əvəz Zeynallı isə ittihamlarla və hökmlə razılaşmır və hakimiyyəti tənqid edən yazılarına görə, siyasi sifarişlə həbs edildiyini bildirir.

Qeyd edək ki, Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan Gülər Əhmədova fevralın 13-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunaraq, ayrı-ayrılıqda 3 ay olmaqla, barəsində 6 ay həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

XuralTAC

2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button