Vətəndaş cəmiyyəti fəalları ölkə rəhbərliyini Əfqan Muxtarlını azad etməyə çağırıblar

“Müraciət digərlərinin imzalaması üçün açıqdır”

Bir qrup vətəndaş cəmiyyəti fəalı hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının azadlığa çıxması ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər.

Bu barədə “Facebook” sosial şəbəkəsində məlumat paylaşan İctimai Siyasət İnstitutunun rəhbəri Bəxtiyar Hacıyev qeyd edib ki, müraciəti, əksəriyyəti Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Milli Platforma üzvləri olan fəallar imzalayıblar.

Müraciətdə onlar Əfqan Muxtarlının sağlamlığında ciddi problem olmasını göstəriblər. Təqdim olunan siyahıda 28 nəfər vətəndaş cəmiyyəti fəalının adı göstərilib.

Bəxtiyar Hacıyev qeyd edib ki, müraciət digərlərinin də imzalaması üçün açıqdır.

Əfqan Muxtarlının vəkili Nemət Kərimli oktyabrın 15-də sosial şəbəkələrdə həbsdə olan jurnalistin sağlamlığında problemlər olduğunu, qarşıdan gələn Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə onun vaxtından əvvəl azadlığa buraxılmasının vacibliyini yazıb.

Tanınmış jurnalistlər Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev də vəkilin bu çağırışına qoşulublar və ictimaiyyəti bunu dəstəkləməyə çağırıblar.

Deputat Çingiz Qənizadə isə hüquq müdafiəçilərinin jurnalistin azadlığa çıxması ilə bağlı müraciət edəcəyini deyib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button