Vüqar Səfərovun bitməyən kini!

Zahir Əmənov,
“Cənub xəbərləri” qəzetinin baş redaktoru
E-mail: cenubzahir@mai.ru

KİVDF 5 boş qalan mükafata verilməli olan 5.000 manatı hara xərcləyib?!

KİVDF-nin qalib elan etdiyi yazıların əksəriyyəti iqtidarın və onun nümayəndələrinin tərifindən ibarətdir…

Əksər tanınmış media ekspertləri region qəzetləri içərisində 2 qəzeti – “Cənub xəbərləri” və “Mingəçevir işıqları” qəzetlərini daha çox dəyərləndirir. KİV-ə Dəstək Fondunun keçirdiyi müsabiqədə isə region mətbuatı üçün ayrılmış 18 yerə cəmi 9 sənəd verilsə də, onlardan ancaq 2-si “məğlublar” sırasındadır ki, bunlar da yuxarıda adları çəkilən qəzetlərdir. Qaliblər isə ancaq icra başçılarının himayəsində olan region mətbuatının təmsilçiləridir.

Region mətbuatı məlum olduğu kimi çoxlarının gözündən-nəzərindən uzaq bir sahəyə çevrilib. Elə rayon var ki, orada aylarla qəzet çıxmır, yaxud da ayda, iki ayda bir dəfə simvolik, 500-800 tirajla qəzet çap olunur. Mən də ötən ilin noyabr ayında KİV-ə Dəstək Fondunun Lənkəranda keçirdiyi toplantıda çıxış edib, çoxlarının xoşuna gəlməsə də, bu problemləri tam çılpaqlığı ilə dedim. Bildirdim ki, nə Mətbuat Şurası, nə KİV-ə Dəstək Fondu region mətbuatının problemləri ilə maraqlanmır. Mətbuat Şurasının “Region Mətbuatı ilə İş” komissiyası bu sahədə heç bir monitorinq aparmır, bu istiqamətdəki layihələr olduqca formal xarakter daşıyır. Belə ki, layihə qalibləri gəlib rayonda 1-2 stəkan çay içib, 5-6 şəkil çəkib, layihəni “reallaşdırıb” gedirlər, real kömək isə yoxdur.

Bu tənqiddən bir ay sonra KİV-ə Dəstək Fondunun keçirdiyi müsabiqənin qalibləri elan olundu. 84 jurnalist içində ən çox – 50 və daha çox bal yığanlardan biri mən oldum. Lakin 30-35 bal yığanlardan 20-30 nəfəri qalib olsa da, mən 50 balla qaliblər sırasında yox idim. İzah etdilər ki, mənim yazı təqdim etdiyim istiqamətdə daha yüksək bal yığanlar çox olub, ona görə mən mükafatçılar sırasına düşməmişəm. Halbuki həmin müsabiqədə 5 mükafat boş qaldı və aşkarlanmadı ki, qalan 5 min manat hara xərcləndi.

Bundan bir il sonra, Azərbaycan mətbuatının 135 illiyi ilə bağlı Lənkəranda keçirilən növbəti tədbirə isə heç məni dəvət etmədilər. Ora icazəsiz getdim. Dəvətlilər sırasında adım olmasa da, xeyli tərəddüddən sonra “arzuolunmaz şəxs” kimi tədbirə qatılmağıma razılıq verdilər.

Onu da xatırladım ki, qəzetimizdə tez-tez Masallıda keçirilən əndrəbadi abunə kampaniyasını tənqid edirəm. Belə ki, hər 6 aydan bir təkcə müəllimlərdən abunə adı ilə, zorla 60-70 min manat (aylıq əmək haqlarının 8-10 faizi həcmində) qəzet pulu yığılır, lakin onun 20-25 min manatı sənədləşdirilir, həmin qəzetlərin də demək olar ki, əksəriyyəti, xüsusən yay aylarında heç bir nüsxəsi vətəndaşlara çatmır, abunəçilərə demək olar ki, qəbz verilmir. 20-30 manat qəzet pulu verən şəxs hətta bilmir ki, hansı qəzetə abunə yazılıb. Müəllimlər müstəqil qəzetlər bir yana, heç hökumət qəzetlərində yazılanlardan xəbərsiz olurlar. Yaxın vaxtlara qədər “Azərmətbuatyayım” İdarəsinə rəhbərlik edən Vüqar Səfərlinin bu tənqidlər xoşuna gəlmirdi. İnandırıcı da deyildi ki, bir rayonda abunə sahəsində bu böyüklükdə saxtakarlıq ola, amma rəhbərlik buna bilməyə.

Bütün bunların nəticəsi son müsabiqədə də göründü. Yenə də mənim adım qaliblər sırasında olmadı.

Məlumat üçün bildirim ki, 26 noyabr 2010-cu ildə “Bizim yol” qəzetində çap etdirdiyim “Əyalətin əyaləti” yazısını müsabiqəyə təqdim etmişdim (Arzu edənlər həmin qəzetin internet ünvanında – “bizimyol.az”sayında bu yazı ilə tanış ola bilərlər). Yazıda regionların inkişaf proqramının uğurları ilə yanaşı qüsurları da öz əksini tapmışdı. Yəni yazmışdım ki, gözəl məktəblər tikilib, amma istiliyi yoxdur, məktəblərə kompüter verilib, əksəriyyəti soyuq otaqlarda çürüyür, layiqli mütəxəssis yoxdur ki, işlətsin, yaxud onlar internetə qoşulsun. Rayonlarda təmtəraqlı idman kompleksləri inşa edilib, lakin əksər məktəblərdə adi futbol topu, voleybol toru tapılmır. Proqramda nəzərdə tutulan onlarla obyekt müəyyən edilən vaxtdan 4 il keçsə də, hələ inşa edilmir və s. Yazıda balansı da nəzərə alaraq iqtidar nümayəndəsindən tutmuş fərqli düşüncəyə malik bir neçə nəfərin də mövqeyinə yer ayırmışdım.

Xatırladım ki, ötən müsabiqədə də regionların inkişafı ilə bağlı qalib yazıya fondun internet ünvanında nəzər salmışdım. Həmin qalib yazı ancaq bu proqramı tərifləmişdi, bircə dənə olsun qüsur qeyd etməmişdi. Ümumiyyətlə, fondun qalib elan etdiyi yazıların əksəriyyəti ancaq iqtidarın və onun nümayəndələrinin tərifindən ibarətdir. Əksəriyyətində nə ekspert rəyi nə var, nə də fərqli fikrə meydan…

Necə olur ki, ancaq zorla abunə yazdırılan, satışda bir nüsxəsi də satılmayan, Vüqar Səfərov cənablarının himayə etdiyi “Mövqe” qəzeti hər müsabiqədə ən az 2 mükafat alır, nə bilim, gah 25 min, gah 3,5 min manat mükafata layiq görülür, digərləri çöldən baxır?!

Vüqar müəllim, sadəcə bir eksperiment keçirin – Masallıdakı mərkəzi qəzet köşkünə 100 ədəd sizin “Mövqe”yinizdən qoyaq, 10 qəpiyə, 100 ədəd də “Cənub xəbərləri” qəzeti, görək bir-iki gün ərzində o “Mövqe”dən alan olacaqmı? O vaxt bilinər ki, siz fonda necə ədalətlə rəhbərlik edirsiniz…

Bu gün əksər media ekspertləri etiraf edir ki, regionlarda 2 normal qəzet var – “Cənub xəbərləri” və “Mingəçevir işıqları”. Bu müsabiqəyə isə region üçün ayrılmış 18 yerə 9 yazı verilib və onlardan cəmi 2-si mükafatsız qalıb, onlar da yuxarıda adları çəkilən qəzetlərdir. Qaliblər isə ancaq icra hakimiyyətinin təsisçisi olduğu, himayə etdiyi qəzetlərin təmsilçiləridir. Doğrudanmı, Vüqar Səfərov və ətrafındakılar belə ədalətsizliklərdən vüqar duyurlar?! Xalqı çapıb-talayan 5-10 məmur bizdən Mətbuat Şurasına məktub yazanda, onlara qarşı sərt ifadə işlətdiyimizə görə az qalırdılar gözümüzü deşələr, lakin həmin məmurlar aylarla informasiya əldə etməklə bağlı yazılı sorğumuza cavab verməyəndə ağızlarına su alırlar. Niyə?!
Açıq hiss olunur ki, fondun elan etdiyi müsabiqəyə ciddi araşdırma yazıları təqdim etmək mənasızdır – ya “saz” götürüb hakimiyyəti tərifləməlisən, ya da bitərəf mövzuları qələmə almalısan. Hətta KİV-ə Dəstək Fondunun müsabiqə şərtlərində də qeyd olunmuşdu ki, “Regionların sosial-iqtisadi inkişafının təşviqi.” Yəni bu mövzunu ancaq təşviq edə bilərsən, tənqid yox. Gözə gül üfürmək üçün bir-iki müxalifət qəzetinin də bitərəf mövzularda yazdığı yazıları qalib edirlər ki, onlar KİV-ə Dəstək Fondu ilə bağlı tənqidi yazılara yer ayırmasınlar. Çünki gələcəkdə fondun mükafatlarından mərhum ola bilərlər. Adam az qalır arada dolaşan “burada bəzi qaliblərin taleyi 50-50-yə razılıqdan sonradır”, Yaxud “burada yazılar müsabiqənin sonunda yox, yazılmamışdan əvvəl müəyyən edilir” kimi şayiələrə inansın.

Fondun müsabiqə şərtlərində isə bürokratiya baş alıb gedir. Jurnalist əmək kitabçasının sürətini, yazının çap olunduğu qəzetlə yanaşı, onu diskdə və 3 nüsxədə çap olunmuş variantını da Fonda təqdim etməlidir (Guya bunlar həmin yazını diskdən çap edə bilməzlər). Ən başlıcası isə, yazını müəllif özü Bakıya gəlib təqdim etməlidir. Bu, Bakıda yaşayanlar üçün adi bir işdirsə, əyalətdən gəlib yazını burada təqdim etmək 30-40 manat və bir gün itirmək deməkdir. Halbuki digər müsabiqə keçirən təşkilatların heç birində bu cür bürokratiya yoxdur.

KİV-ə Dəstək Fondu yazı ilə yanaşı, müəllifdən bank hesabı və VÖEN haqqında da sənəd istəyir ki, guya bunlar hər işi saf, ədalətli və qanuni edirlər.

Sonda onların qanuni işinə aid bir misal çəkim.

…İki ay öncə rayondakı Bankdan mənə məlumat verdilər ki, hesabına min manat gəlib. Məlum oldu ki, bu pulu KİV-ə Dəstək Fondu göndərib. Sevindik ki, nə yaxşı, əməkdaşlarımıza qonorar verərik, nəşriyyata olan borcumuzu ödəyərik və s. Heç 2 saat keçməmişdi, fonddan zəng etdilər ki, həmin pulu təcili götürün gəlin Bakıya, sizə avadanlıq – kompüter, diktofon-filan verəcəyik. Bildirdim ki, bizim həmin avadanlıqlardan bir neçəsi var, imkan verin, yardımı digər ehtiyaclarımız üçün xərcləyək. Qəti razılaşmadılar. Pulu hesabımızdan çıxartmaq üçün 10 manat bank xərcinə, 50 manat yola xərcləyib Bakıya gəldik və həmin avadanlıqları Fonddan götürdük. Hansı ki, həmin göstəricilərə malik kompüter Masallıda pərakəndə satışda 430 manatadır, bunlar sənədləşdirib 560 manata (bunlar verən kompüterin göstəriciləri də bizdəkindən xeyli aşağıdır, heç internetə çıxışı da yoxdur) verdilər. 80 manatlıq printer 150 manata, 70 manatlıq diktofon 130 manata və s. Yəni rayonda ən bahası 750 manata alacağımızı Bakıda Fond bizim üçün 1000 manata sənədləşdirib, həmin pulun ən azı 250 manatını “uçurdu”. Halbuki fond təxminən 100 region qəzetinə paylamaq üçün bu qədər avadanlığı topdansatış qaydasında, daha ucuz almışdı. İndi hər qəzetdən 250 manatı 100-ə vuranda bu, ən azı 25 min manat edir. İndi görəsən, bu yardımdan region qəzetləri çox faydalandı, ya KİV-ə Dəstək Fondu?! O da maraqlıdır ki, region qəzetlərinə bu yardım barədə nə fondun saytında, nə də mətbuatda heç bir xəbər yayımlanmadı. Yardım alan region qəzetlərinin siyahısı açıqlanmadı ki, bəzilərinə aydın olsun ki, belə qəzet var, ya yox. Hələ də bizə aydın deyil ki, avadanlıq verirdinizsə, niyə əvvəl pulu hesabımıza köçürürdünüz, elə avadanlıqları bir maşına yükləyib paylayaydınız rayonlara, ya da pul yardımı etmişdinizsə, niyə zorla avadanlıq verirdiniz? Heç yardım edəndə fərq də qoymadılar – hansı qəzet ayda 3 dəfə çıxır, hansı 3 ayda 1 dəfə…

İndi mən məcburam ki, KİV-ə Dəstək Fondunu məhkəməyə verim. Müsabiqənin etibarsızlığı barədə iddia qaldırım. Qoy, müstəqil ekspertlər qalib yazıların da bəzilərinə qiymət versinlər, məğlub yazılara da. Həm də aydınlaşar ki, Fondun təyin etdiyi hansı ekspertlərdir ki, ağı qaraya bu cür yamayırlar?!

Sonda isə Vüqar Səfərov cənablarına və KİV-ə Dəstək Fondunun digər üzvlərinə arzum odur ki, kaş fondun büdcəsi kimi onların qəlb genişliyi də seçiləydi, orada kin, küdurət, qərəz görünməz olaydı.

Son söz əvəzi:

Bu yazını öncə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə yolladım. Lakin oradakı dostlarımız ehmalca bizə başa saldılar ki, prezidentdən tutmuş digər istənilən məmura qədər, necə kəskin yazı təqdim etsən, çap edərik, bircə KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərov cənablarından özgə. Çünki il ərzində gah layihə, gah mükafat şəklində bu kişi bizə 40-50 min manat pul verir. Belə yerdə deyirlər, “Sən nə yamansan, ay pul, “Azadlıq”ı, “Yeni Müsavat”ı yıxansan, ay pul!”…

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button