Yayımçılar «Mərkəz»dən imtina etdi

Əməkhaqları ödənməyən işçilər Gülər Əhmədovaya şikayət etdilər

Yayımda çalışan işçilərin maaşları verilmədiyi üçün «Mərkəz» qəzetinin satışa çıxarılmadığını ötən sayımızda qeyd etmişdik. Bildirmişdik ki, «Mərkəz» qəzetinin yayımına məsul olan Əhməd Şahidov və Zaur Mirzə yayıma ayrılan vəsaiti mənimsədiyi üçün işçilər qəzeti yaymaqdan imtina ediblər və «Mərkəz» satışa çıxmayıb.

Xəbər dərc olunduqdan sonra «Xural» qəzeti ilə əlaqə saxlayan və özünü Yalçın kimi təqdim edən şəxs informasiyanın doğruluğunu təsdiqlədi: «Biz üç nəfərik, bir neçə qəzetin, o cümlədən «Mərkəz»in «QeJe»dən yayımını təşkil edirik. Maaşımızı vermədiklərinə görə ötən gün «Mərkəz» qəzetini yaymaqdan doğrudan da imtina etdik. Amma bizə son bir ayın yox, 3 ayın əməkhaqqını verməyiblər. Hər dəfə Zaurdan bunu soruşanda, «Mərkəz» qəzetinə pulun verilməsində problem yarandığını bildirib, bir az da gözləməyimizi istəyirdi. Ötən ay dedi ki, qısa müddətdə maaşınızı verəcəyik. Ancaq ondan sonra telefonunu söndürdü, ortadan itdi. Qəzeti yaymaqdan imtina etdikdən sonra üzə çıxdı. Bu gün (dünən – red.) bizdən saat 19:00-a qədər vaxt istədi ki, pulunuzu çatdıracağam. Ancaq hələ də gəlib çıxmayıb» – deyə Yalçın olduğunu söyləyən şəxs bildirdi.

Növbəti dəfə aldadıqlarından qəzeti yaymaqdan birdəfəlik imtina etdiklərini və işdən çıxdıqlarını söyləyən Yalçın qeyd etdi ki, bu barədə «Mərkəz» qəzetinin baş redaktoru Gülər Əhmədovaya şikayət etmək istəyirlər: «Təəssüf ki, onunla görüşə bilmirik. Ancaq qəzetiniz vasitəsilə ona çatdırmaq istəyirik ki, bizim 3 aylıq maaşımız verilməyib. Əgər bu pulu Zaur Mirzə ilə Əhməd Şahidov mənimsəyibsə, xəbəri olsun; əgər gecə səhərə qədər yatmayan, bir parça çörək üçün gecə-gündüz işləyən biz 3 fəhlənin puluna özü möhtacdırsa, onda bu pulu Milli Məclisin deputatı Gülər xanıma halal edirik. Ancaq qoy, özü desin, biz də bilək ki, pulumuzu verməyən kimdir – Zaurla Əhməd, yoxsa Gülər xanım».

Biz isə ümid edirik ki, Gülər xanım Əhmədova bu anlaşılmazlığa aydınlıq gətirəcək və işçilərin haqqının yeyilməsinə razı olmayacaq. Çünki Gülər xanımın bir ana kimi insanlara xüsusi dəyər verdiyini, «uşaqlara analıq etdiyini» apardığı təbliğatdan bilirik.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button