Yeddi yaşlı uşağın ölümü qardaşının gözü qarşısında olub – YENİ DETALLAR

Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi barədə yeni detallar məlum olub.

2016-cı il təvəllüdlü Fərid Bakarov və qardaşı iki aydır Avropa Oyunlarının bürünc mükafatçısı, idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqlərində birlikdə məşq edirmişlər.
M.Xəlilovun Fəridə qarşı təhlükəli fənd işlətməsi səbəbilə onun başının bədəninin altında qalması və boynunun qırılması Fəridin qardaşının gözləri önündə olub. Hadisə zamanı isə uşaqların anası onları qapıda gözləyirmiş.
Uşaq xəsarət aldıqdan sonra M.Xəlilov ananı çağırıb və uşağının altına sidik qaçırdığını söyləyib. Bu zaman ana yeddi yaşlı uşağın niyə sidik qaçırdığına təəccüblənib və ayaqlarının tutulduğunu görüb.
M.Xəlilov uşağın məşq zamanı halsız düşdüyünü bildirib.
Ana təcili yardım çağırmaq istəsə də, M.Xəlilov mane olub. M.Xəlilov uşağı öz qucağında piyada evə gətirib. Bu zaman uşaq qusub, sonra ana uşağı çimizdirib və görüb ki, halı yoxdur. Həmin vaxt Mehman da orada olub. Ana taksi çağırıb və uşağı Sumqayıt Şəhər Uşaq Xəstəxanasında aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Ölən uşaq hərbçi olmaq istədiyi üçün anası idmana yazdırıbmış.
F.Bakarovun qohumları bildiriblər ki, uşağın anasının görüntülərdən xəbəri yoxdur:
“Təsəvvür edin ki, M.Xəlilov uşağı xəstəxanaya aparana kimi bütün Sumqayıtı taksi sürücüsünə fırladıb. Yəqin, fikirləşib ki, ölsə, bundan olmasın. Normal insan uşaqla elə davrana bilməz. Ana uşağı ilə davranış videosunu görmədiyi üçün “işdir də, olub”, – deyir. Dünən mürdəşir bizə deyir ki, uşaq döyülüb və bədəni qançırdır. Dedik, ola bilməz. Sən demə, vəhşi kimi döyübmüş.
Uşağın əvvəlki videoları var ki, M.Xəlilov normal məşq keçdiyi zaman lentə alıb və anasına atıb. Ona görə ana uşağının ehtiyatsızlıqdan öldüyünü bilir. Həmin gün uşaq məşqə getmək istəmirmiş. Ana onu güclə aparıb. Hadisədən sonra anadan başqa ailənin digər üzvləri görüntüləri izləyiblər və ehtiyatsızlıqdan hadisənin baş verdiyini qəbul etmirlər. Onu bağışlamaq olmaz.
Sosial şəbəkələrdə onu müdafiə edirlər ki, erməniyə qalib gəlib, tutulmasın. Biz illərdir ki, dünyaya bəyan edirik ki, ermənilər uşaqlarımızı necə zülmlə öldürüblər. Amma mənim öz millətimdən olan adam uşağımızı ermənidən betər edib”.
Ailənin iki oğul övladı olub və M.Xəlilovla heç bir qohumluğu yoxdur.
Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Son məlumata görə,  2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür.
Xatırladaq ki, görüntülərdən aydın olur ki, M.Xəlilov təkcə Fərid Bakarova qarşı deyil, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button