Yumurta və inqilab!

Əvəz Zeynallı

Prezident İlham Əliyev ölkəni Əbdürrəhman Vəzirovun dövrünə aparır…

Prezident yumurtanın bahalaşmasına reaksiya verib. Əsəbiləşib. 3 ay bundan əvvəl 7 qəpik olan yumurtanın 23 qəpiyə, bəzi y erlərdə isə 30 qəpiyə qalxmasını ona kim məruzə edib, maraqlıdır? Axı, normal məntiqlə prezident evində Azərbaycan toyuqlarının yumurtalarını yeməməlidir. Yesə də, axı prezident bazara girmir ki, alışıb-yanan qoymətlərin kəllə-çarxa çıxmasından gözləri kəlləsinə çıxsın. Deməli, yumurta söhbətinin birbaşa ərəb inqilabları ilə əlaqəsi var…

***

Bir neçə gənc bu boyda hakimiyyəti barmağına doladı. Heç kimin konkret heç nə bilmədiyi, vaxtını, yerini yalnız bilgisayar monitorlarında dəli-dolu gənclərin müəyyənləşdirdiyi «Böyük Xalq Günü» adlı aksiya 42 illik hakimiyyətin beton divarlarını çatlatdı. Ölkə 11 mart tarixində, ondan bir neçə gün əvvəl və hələ də (bu yazını yazanda Müsavat Partiyasının «Torqovı»ya elan olunmuş mitinqinə təxminə 1 saat qalırdı…) gərginlik davam edir. Bütün xüsusi xidmət orqanları küçələrə tökülüşüb. Bütün dövlət ayaqdadır. Prezident ard-arda müşavirələr keçirir, isterika içində «niyə yumurtaların qiyməti qalxıb, kim qaldırıb?» deyə günahkarların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. «Biz monopolist-inhisarçılara qarşı mübarizə aparırıq» deyir və …elə həmin gün də ölkənin 1 saylı monopolist-inhisarçısı Bəylər Əyyubova «Vətənə göstərdiyi xidmətə» görə mükafat verir. Kimi aldadırsınız siz? Mükafatlandırdığınız şəxs Afrikanın meymunlarının yediyi bananı sənin vətəndaşlarına 3-4 manat satır, xəbəriniz varmı?..

***

Ölkə sürətlə Vəzirovun dövrünə doğru gedir. Mitinqlərdən şəkillərə diqqətlə baxın. Həbs olunanlar da gülür, həbs edənlərin də üzündə təbəssüm var. Bu, o deməkdir ki, hamı əslində nəyin baş verdiyini bilir. Əslində, polis və hüquq-mühafizə orqanlarının əməkdaşları qabaran və getdikcə kükrəyən xalq dalğasının qarşısında dayanmaq istəmirlər. Hamı bilir ki, talançı və Azərbaycan xalqının sərvətlərini düşmən kimi dağıdan bir hakimiyyət zümrəsi ilə qarşı-qarşıyayıq. Heç kim məmnun deyil bu haldan. Gör vəziyyət nə yerdədir ki, milyarda milyard deməyən İlham Əliyev yumurtanın qiymətinin 23 qəpiyə qalxmasına üsyan edir. Elə bu fakt ölkədə mövcud olan iqtisadi siyasətin iflic olduğunu göstərir. Sən bu millətin milyardlarını hara xərcləyibsən ki, bu millətin övladları evdə yeməyə yumurta ala bilmirlər? Hə?! Sən niyə yumurtanın qiymətinə müdaxilə etməlisən? Ölkənin bütün toyuqları mükafat paylaşdırdığın olqarxiyayamı mənsubdur yoxsa?!
Vəzirov da belə idi. Hara gedirdi, nə iş görürdü bir quş buraxırdı. Onu da zarafatsevər Azərbaycan xalqı dillərə dastan edir, gülüş hədəfinə çevirirdi. İndi də ölkəmizin insanları prezidentin yumurtanın qiymətini hədəf alan müşavirəsini gülüş hədəfinə çevirib. Biz Ali Baş Komandandan döyüş əmri gözləyir, Vətənin fundamental problemlərinin həlli üçün tarixi addımlar atdığını eşitmək istəyirik, bu gedib yumurtanın qiyməti ilə bağlı müşavirə keçirir…

***

Yumurta ilə inqilabın bir bağlılığı var. Qəzəblənmiş xalq kütlələri bu hakimiyyəti çox yumurtladacaq hələ. Amma toyuqların yaşadığı ölkədə bir gün bir aslan parçası da çıxacaq. O zaman bilirsinizmi nə olacaq? Mən ən yaxşısı, fikrimi Həzrəti Əlinin məşhur bir aforizmi ilə yekunlaşdırım.

Həzrəti Əli deyir ki, «Bir aslan sürüsünə bir toyuq başçılıq edərsə, həmin aslan sürüsü toyuqlar kimi döyüşər, yox, əgər bir toyuq sürüsünə bir aslan başçılıq edərsə, toyuq sürüsü aslanlar kimi döyüşər…» Hə, bu iqtidar illərlə yumurtlatdığı və toyuqlara çevirdiyi insanların içindən aslanlar yetişdirir artıq. İndən sonra günləri qara olacaq. Məsələn, gənclər bir 12 aprel «Xalq Günü», bir 30 aprel «Tələbə Günü», bir 9 may «İrticanın üzərində qələbə günü» təşkil edə və bütün hakimiyyəti aylarla gərginlik içində saxlaya bilərlər. Yəqin elə də olacaq… O zaman nə edəcəksiniz? İllərlə belə vəziyyətdə yaşamaq olmaz ki?! Belə ölkə idarə etmək olmaz ki?!

***

İndi də üzərimizə Nursultan əkə gəlir. Qardaş diktaturanın banisi bütün arsenalını işə salıb ki, Azərbaycanda onun kürəkəninin yazdığı «Xaç Qayınatası» kitabının dərcini dayandıraq. Qazaxıstan bir-birinə dəyib. Qardaş ölkədə «Xural»ı oxuyanların sayında hər gün onlarla artış var. Xatırlatmaq zorundayam ki, Rahat Əliyevin – Qazaxıstan diktatorunun kürəkəninin bu kitabını Qazaxıstanda oxumaq, bir-birinə danışmaq da qadağandır. Hətta Rahat Əliyevin öz uşaqlarının, diktatorun doğmaca nəvələrinin də bu haqqı yoxdur. Ona görə də ölkəmizdə bəzi milliyyətçi çevrələr tərəfindən müsbət adam kimi xarakterizə edilən bu amansız diktator öz ölkəsi ilə yetinmir, digər qardaş diktaturalara da əl uzadır. Amma inanmıram və o qədər də bədbin deyiləm ki, bura Qazaxıstan qədər geri gedib.
Hələ yaşayırıq və bu yazıları yaza biliriksə, deməli, buraları Qazaxıstana çevirməyəcəyik…

***

Hakimiyyət çox narahatdır… Yumurtası tərs gələn toyuqlar kimi vurnuxmaya düşüb. Görəsən, ölkənin bütün toyuqlarının yumurtası tərs gəlsə, yumurta neçə qəpiyə qalxar?!

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button