“Yunayted Kredit Bank” Gəncə Ağır Cinayətlər Məhkəməsinə təsir edir-VİDEO

Vətəndaşların külli miqdarda pulunu mənimsəyən “Yunayted Kredit Bank” ASC-nin rəhbərliyi məhkəmə prosesini süni şəkildə uzadırlar…

Gəncə Ağır Cinayətlər məhkəməsində, hakim Sevindik Əzizovun sədrliyi ilə davam edən məhkəmənin növbəti iclası sabah – 9 yanvar 2016-cı ildə baş tutacaq. Cinayət işinin başlanmasına səbəb və əsas “Yunayted Kredit Bank” ASC-nin Gəncə filialında baş verənlərdir. Belə ki, “Yunayted Kredit Bank” ASC-nin Gəncə filialının müdiri Dərgahzadə Nərminə Nazim qızı, baş mühasib Bağırlı Ramal Camal oğlu və xəzinədar Qəniyev Elçin İlqar oğlundan ibarət bir qrup şəxs qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup vətəndaşın – Hüseynov Rəşid Mövsüm oğlunun, Əliyev Qabil Tofiq oğlunun, İsgəndərov Vüsal Fəxrəddin oğlunun, Məmmədova Gülnar Fərman qızının, Məmmədova Fəridə Şəmil qızının, Zeynalova Nailə Nazim qızının, İsmayılov Elçin Əkrəm oğlunun, Cəfərov Fərhad Məmmədəli oğlunun, Sadıqova Elnurə Qüvvət qızının və digərlərinin əmanət qoyduğu pulları mənimsəyiblər. Cinayət işi üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilib ki, yuxarıda göstərilən həmin qanunsuzluqlar nəticəsində “Yunayted Kredit Bank” ASC-yə və fiziki şəxslərə ümumilikdə 461.843.73 manat ziyan dəyib. Cinayət işi ilə əlaqədar “Yunayted Kredit Bank” ASC-nin Gəncə filialının müdiri Dərgahzadə Nərminə Nazim qızı, baş mühasib Bağırlı Ramal Camal oğlu və xəzinədar Qəniyev Elçin İlqar oğlu təqsirləndirilən şəxs qismində işə cəlb olunublar və “Yunayted Kredit Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Əliyev Vahid Ağababa oğlu isə həbs olunub.

Artıq 7 aydır ki, məhkəmə davam edir. Amma süründürməçilik və əsassız uzatmalar zərərçəkənləri dilə gətirib. Hiss olunur ki, “Yunayted Kredit Bank” ASC işin obyektiv aparılmaması üçün təzyiqlər göstərir. Hakimlər heyəti tərəfindən demək olar ki, heç bir vəsatət qəbul olunmur. Məhkəməyə dəvət olunan əlavə şahidlər gəlmirlər və məhkəmə bunun üçün heç bir addım atmır. Xəbərlər dolaşır ki, “Yunayted Kredit Bank” ASC işin araşdırılmadan, apar-topar yekunlaşması üçün hakimlərə təzyiqlər edir. Çünki başda təqsirləndirilən şəxs Nərminə Dərgahzadə olmaqla digər zərərçəkənlər də “Yunayted Kredit Bank” ASC-nin İdarə Heyətinin sədri Azad İsgəndərzadənin və digər bank səlahiyyətlilərinin şahid qismində məhkəməyə dəvət olunub ifadə vermələrini tələb edirlər. Məhkəmə isə prosesi uzatdıqca uzadır.

Proses artıq diqqətimizdə olacaq. İndi isə zərərçəkənlərdən bəzilərinin yer aldığı reportajı diqqətinizə çatdırırıq:

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button