Zeyno Baran Brayza Azərbaycanda qadınlar üçün məktəb açacaq

O, qızların təhsil alması üçün isə ailələrinə maddi yardım edəcək

Qadın Parlamenti bu qurumun üzvləri üçün növbəti tematik sessiyalarını keçirib. Üç gün davam edən sessiya 3 tematik bloku strateji və ünsiyyət cəhətdən gücləndirilmə mövzusuna həsr edib.
Təlimləri Avrasiya Siyasəti Mərkəzinin keçmiş direktoru Zeyno Baran Brayza, İngiltərənin Azərbaycandakı səfiri Karolin Braun, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev, Bilgi Universitetinin “Avropa Birliyi, İnteqrasiya və QHT-lər” kurs məzunu Əyləm Dursun, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin təlim üzrə meneceri Nərgiz Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin icraçı direktoru Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin icraçı direktorunun müavini Seymur Hüseynov və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı keçib.
Özünü Gücləndirmə Prinsiplərindən təlim verən Zeyno Baran Brayza qadınların gücləndirilməsi haqqında sessiya təqdim edib. O, qadının lider olması üçün özünə inamın vacib faktor olduğunu vurgulayıb. Xanım Brayza qeyd edib ki, Azərbaycanda qadınların bu sahədə inkişaf etməsi üçün əlindən gələni etməyə hazırdır: “Azərbaycanda qadınlar üçün məktəb və peşə kursları açmaq niyyətindəyəm. Eyni zamanda, qızların təhsil alması üçün onların ailələrinə maddi yardım göstərəcəyik ki, ailələri qızlarını məktəbə göndərsinlər. Bu sahədə bizə yardımçı olmaq üçün həmçinin, Türkiyədə “Baba beni okula göndər” kampaniyasının qurucuları da Bakıya gələcəklər. Onlar burada da, belə kampaniya təşkil edəcəklər”, – deyə bildirib. Xanım Brayza qadınların güclənməsində ən önəmli faktorun şəbəkələşmə oldugunu da xüsusi qeyd edib.
Təqdimat Formaları, Bacarıqları və Tövsiyələrindən şifahi təlim verən Karolin Braun təqdimetmə bacarıqlarından danışıb. Xanım Braun “Düzgün təqdimetmə bacarığı necə olmalıdır” sualını cavablandırıb. O, özünün ilk təqdimatı zamanı keçirdiyi hisslər və aldığı təəssüratları Qadın Parlamentinin üzvləriylə bölüşüb. Vəkilliyin Prinsipləri, Strategiyaları, Yanaşmaları sessiyasını təqdim edən Rövşən Ağayev vəkilliyin təşkili qaydasını açıqlayıb. Eyni zamanda, R.Ağayev vəkillik strategiyasının qurulması, uğurlu nəticə əldə etmək üçün lazım olan vacib yanaşma və qaydaları izah edib.
Ünsiyyətin Modelləri, Məqsədləri və Alətləri sessiyasını keçirən Nərgiz Seyidzadə ünsiyyət bacarığı haqqında məlumat verib. O, ünsiyyət zamanı yaranan problemləri nümunə gətirərək, ideal ünsiyyət qurmaq üçün lazımi prinsipləri Qadın Parlamentinin üzvlərinə izah edib. Xatırladaq ki, Qadın Parlamenti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) BMT-nin Demokratiya Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Parlament Azərbaycanda qadın hüquqları və gender bərabərliyi vəziyyətinin araşdırılması, təhlili, təkmilləşdirilməsi və inkişafı məqsədilə yaradılan və Azərbaycanın müxtəlif sahələri və çoxsaylı mövzular üzrə çalışan ölkənin tanınmış 25 qadınından ibarət bir qurumdur.
Gülnaz Qəmbərli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button