Ziya Məmmədov qoçularının əl-ayağını yığır

«Nəqliyyat müfəttişlərinin maşınların nömrəsini açmağa və sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur»

 Azərbaycanda nəqliyyat müfəttişləri tərəfindən ayrı-ayrı sürücülərin sənədlərinin alınması, avtomobillərdən dövlət nömrə nişanlarının açılması və s. qanun pozuntuları aradan qaldırılıb.

Bu barədə nəqliyyat naziri Ziya Məmmədov APA-ya bildirib.

Nəqliyyat naziri belə halların hazırda tamamilə aradan qalxdığını deyib: «O, keçmişdə oldu, keçmişdə də qaldı».

Z.Məmmədov qeyd edib ki, müfəttişlərin nə maşınların nömrəsini açmağa, nə də sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur: «Onlar sənədləri yalnız yoxlaya bilərlər, amma yük və sərnişin daşıyan sürücünün də borcudur ki, müfəttiş sənədi baxmaq üçün istəyirsə, onları təqdim etsin».

Nazir bu məsələdə qarşı tərəfin, yəni qanunsuz fəaliyyətlə məşğul olanların da günahkar olduğunu bildirib: «İradların hamısını müfəttişlərə yönəltmək olmaz. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlardan da soruşmaq lazımdır ki, bəs, sizə kim ixtiyar verib qeyri-qanuni, lisenziya olmadan taksi sürüb, sərnişin daşıyırsan? Fərqlənmə talonu olmadan, büdcəyə vəsait ödəmədən bu işlə necə məşğul olmaq mümkündür?».

Z.Məmmədov deyib ki, indi belə hallarla hüquqi çərçivədə mübarizə aparılır: «Biz tapşırıq vermişik ki, heç bir iş görməyin, maşının nömrəsi yazılsın və bizim sərəncamımızla məhkəməyə getsin».

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button