Ziyankarlıq

Ulusəs Atalı

Soylu Atalıya qarşı getmək Asif Ataya hürənlərin cərgəsində durmaqdır!

Asif Ata elə bir dühadır ki, minillərdən bəri düşüncə sahiblərinin axtardığı Əzəli olanı – Mütləqə İnamı yaratdı. Atanın bu tapıntısı Dünyanın ruhani xilasıdır əslində.

Asif Ata Dünyanın ahəngini, bu ahəngi yaradan Mənanı kəşf etdi. Dünyaya münasibəti insan ağlında başqa səmtə yönəldən ideyalara “yox” dedi. Dünya gözəldir, bu gözəllik Dünyanın Dünyadan artıq olan Mütləq Mənasının təzahürüdür. Bu Mənaya İnam – İnsanlığı təsdiq edir.

İnsan İnsanlıqdan, Dünya Dünyalıqdan, Həyat Həyatlıqdan kənarda mövcud olursa, yaşamın mənası pozulur. Həyat Mənəviyyatsızlıq həddinə çatır. Mənəviyyatsızlıqdan rəqabət yaranır. İnsan çökür, rəqabət qalır. “İnsansız dünya” gedişatı formalaşır.

Asif Ata “İnsan fəlsəfəsi” yazdı, Mütləqə İnam Dünyabaxışını yaratdı. İnsanlaşmanın Mütləqə İnam tələbiylə yolunu göstərdi. Bəşər qarşısında insanlığın dərk olunmasında ruhani örnək olan, həm də məktəb olan Mütləqə İnam Ocağı yaratdı.

Ocaqlaşmaq hər adamın haqqıdır. Eyni zamanda Ocaq tələbi ilə yaşamaq hər adamın bacardığı iş deyil. Ocaqda yaşamaq, Ocaqla yaşamaq, Ocağı yaşatmaq hər kəsin hünəri deyil. Ocaqda insanlaşmaq – daim irəli getmək anlamı daşıyır. Ocağın meyarı ilə yaşamadan atılan addımlar cəmiyyətin pozulmuş səviyyəsinə bərabər olur.

İnsanlaşmaq İnsanın elə halıdır ki, orada bəsitliyə yer yoxdur. Yaşam ancaq İnsaniliklə qurulur. Bu səbəbdən də insani yaşamaq çoxlarına mümkünsüz görünür. Ocaq mümkünsüzü mümkün etmək halı yaradır insanda. Bu halı yarada bilən Ocaqda yaşayır, yarada bilməyən  mənaca ölür, itib-batır, xaric olur. Adını Ocaqla bağlasa da, formal Ocaqçı adını saxlasa da…

Bizə görə, insanlaşmaq üçün lazım olan insani keyfiyyətlər hər kəsdə var. Lakin bu keyfiyyətləri içində arayıb üzə çıxarmaq, özüylə döyüşmək – özünü yaratmaq, insana inamla yaşamaq tək-tək adamlara nəsib olur.

Mənim Asif Atanın Mütləqə İnam Dünyabaxışı ilə tanışlığım zaman baxımından gec baş verdi. Gec olsa da, bu bilgi illərlə axtardığımı tapmaq xoşbəxtliyinə çatdırdı məni. İçimdə var-gəl edən, anlamını tapmadığım hakim mövqedə olan siyasi, dini, fəlsəfi baxışların yerini göstərdi mənə. Mənəvi-ruhani dünyam səliqəyə düşdü. Mənim anlamımda müxtəlif ideologiyaların heç biri ilə bir araya gəlməyən əsil dünyanı Asif Atanın yeni Dünyabaxışı ilə dərk eləməyə başladım. Mən dünyanı görməyə başladım. Dünya mənim üçün yeni məna kəsb etdi. Mütləqlə, Mənayla bağlı uzun zamandan bəri öz-özümə verdiyim sualların çoxunu  cavablandıra bildim.

Belə bir aydınlıq tapdıqdan sonra Məna ilə yaşamaq, yəni insanın mənası ilə yaşamaq həyatımın tələbi kimi qarşımda durdu. Hamı deyir ki, insani yaşamaq çətindir, hətta mümkün deyil. Mən qarşılıqlı sual qoyuram. Bəs insan olmadan yaşamaq asandırmı? Ətrafa boylananda hamının dediyini görürsən. İçinə baxanda isə tam əksini. Ocaqda da müxtəlif vaxtlarda cəmiyyətin yaşadığı əhvallar yaşanıb. Səbəb nədir? – Ocaqda bir-birinə əks düşünən insanlar qarşılaşır. Ocağın Mənasına yüksəlmək istəyənlərlə, Ocağı cəmiyyətçilik əhvalına bərabər tutaraq, “Ocaq ideyalarını öz əhvalına uyğunlaşdırmaq” (S.A.) istəyənlər fikir ayrılığı yaşayırlar. Birincilərdə özüylədöyüş əməli yaşanır, ikincilərdə mənəmlik, özünü zorla cəmiyyətə sırımaq, yalançı böyüklük görüntüsü yaratmaq və başqalarını öz iniltiləri ilə aldatmağa çalışmaq.

Birincilər Ocaqda şəhidlik ömrü yaşadığı halda, ikincilər Asif Atanın adına, nüfuzuna, böyüklüyünə süni surətdə şərik çıxırlar. Kimlərəsə bu, təbii görünə bilər. Ocaq meyarı baxımından belə hal Ocağın ziyanınadır, Ocaq Həqiqətinə kölgə salır. Belə hal sərgiləyənlərə Asif Atanın münasibəti birmənalıdır – şəxs Ocaqdan çıxarılır, Atanın verdiyi ruhani addan, Atalılar soyadından məhrum edilir.

Ocaqdan çıxarılmışların sonrakı yaşamı Ocağın tam ziddinə formalaşır. Kimi dini təriqətlərə, kimisi siyasi partiyalara qoşulmaqla Ocaqda yaramayan cəmiyyətçiliyini davam etdirir. Biz bunun dönə-dönə şahidi olmuşuq.

Ocağa ziyan verməsini həqiqətçilik kimi qələmə verən keçmiş amaldaşım yaşının ahıl vaxtında, ruhunun qarışıq vaxtında (təəssüf ki, özünün miskin, bədbin əhvalı ilə Ocaq Atasının tələbindən ayrıldığını sanki anlamır) başına Ata tərəfindən qovulmuşları toplayaraq, “mənəm Ocaq”,  “mənəm Başçı” hayqırması ilə baş qatır. Ancaq öz hayqırtısına özü də inanmır. Ocaq prinsiplərinin əksinə olaraq, yubileylər, ad günləri, hətta yeni doğulmuşları “xaç suyuna” salmağa oxşar yığıncaqlar keçirməklə, cəmiyyətin diqqətini özünə cəlb etməyə çalışır. Belə yığıncaqları keçirmək və onu Ocaq yönü saymaq insanları aldatmaqdır, özünü aldatmaqdır. Ocaq prinsiplərinə yad olan yığıncaqlar Ocağa qarşı yönəlmiş əməllərdir. Daha doğrusu, əməlsizlikdir.

Onun beyni Ata İnamını, fəlsəfəsini açmağa deyil, Qaramaçılıq yönündən terminlər quraşdırmağa köklənib. Kim nəyə köklənibsə, o cür də yaşayır. Söyüşlər, təhqirlər, yalanlar, boyalar şəxsin özünün mənəvi barometridir.

Özünə nəzarəti itirən bu şəxs o dərəcədə nizamsızlaşdı ki, kin püskürməkdən usanmadı. Heç bir normal adam, normal kişi belə bir aşağılıq səviyyəni özünə sığışdırmazdı.

Ocaq meyarı, təməl prinsipləri əsasında yaşayan, Ocaq quruculuğu ilə məşğul olan yaradıcı insanları qaralamaq Ocağı qaralamaqdır. Ocaqsızlıqdır. Bu, həm də Ataya qarşı çıxmaqdır. Atasızlıqdır.

Özünün Hünəri və ləyaqəti ilə tarixi örnək olan Soylu Atalı kimi fədakarın ləyaqətini təhqir etmək ədalətsizlikdir. Axtarışların, yaradıcılığın tükənməsidir. Adam qocalanda ucalmalıdır, enməməlidir.

Uzun müddətə hesablanmış “Soylunu məhvetmə” kampaniyası yaratmaq Şər əməllərlə doğmalaşan kəslərin fiziki çatışmazlığından, mənəvi yoxsulluğundan xəbər vermirmi?

Şərlə doğmalıq müqaviləsi bağlayanların aqibəti faciəli olur hər zaman. Şər əməllər ağıla kölgə salır, Amala dönüklük yaradır, Yaradıcılığa son qoyur. Şər azardır, şər ləyaqətin ölümüdür. Şər murdar əməllərin carçısıdır…

Ən məlumatsız Oxucu belə, anlayır ki, bu kampaniyanın təşkilatçıları İnsan, fərd, şəxsiyyət ola bilməmək xəstəliyindən əzab çəkənlərdir. Bu əməl yaradıcılıqdan məhrum olanların pis niyyətlərinin göstəricisidir.

Onsuz da vaxt hər şeyi öz yerinə qoyacaq. Ən yaxın tarixdə Atasızlar, Ocaqsızlar Ataya, Ocağa verdiyi Ziyankarlıqlarına görə Ocaq tarixindən  silinəcəklər.

Atanın ölümündən sonra, Ocağı yenidən quran, Onu 14 ildir ləyaqətlə yaşadan, Ocağın ağır yükünü üzərinə götürən Soylu Atalıya qarşı getmək Asif Ataya hürənlərin cərgəsində durmaqdır. Karvan öz yolundadır. Soylu Atalı aşağılıq səviyyə nümayiş etdirənlərə önəm vermir. Öz yoluyla, yaradıcılığı ilə məşğuldur. Gücsüzlərin güclüyə daş atması bütün dövrlərin söyüşçülərində özünü göstəribdir…

Sözümü Soylu Atalının bir fikri ilə yekunlaşdırıram: “Bizi tanıyan, bilən, oxuyan hər kəs bilir ki, mən həmişə demokratiyaya və onun başında duranlara qarşı söz demişəm. Demokratiyada yaxşı şey çox azdır. Qərb demokratizminə görə toxunulmaz dəyər və şəxsiyyət yoxdur. Hər şey və hər kəs toxunulandır. Əlbəttə, hər şeyə və hər kəsə qarşı sağlam tənqidi münasibətin olmasını normal qarşılamaq lazımdır. Ancaq təəssüf ki, demokratiya həşirində sağlam tənqid yoxdur, – söyüş  var, qaralama var, dalaşqanlıq var. Hamı bir-birini söyüşlərlə sarsıdır, hamı bir-birini söyənlərin söyüşünü oxuyur. Qərb demokratizminin yaratdığı bu hal öz qlobal idarəçiliyini qorumaq üçündür. Hamının başını dəyərlərə, şəxsiyyətlərə toxunmağa işlədir ki, öz idarəçiliyi toxunulmaz olsun. Böyük ideyalarla məşğul olanları heç eləmək gərəkdir ki, böyük hadisələr yaratmaq, qlobal dəyişikliklər eləmək heç kimin ağlına gəlməsin.

Asif Atanın Mütləqə İnam Dünyabaxışına görə insanı söyməklə, aşağılamaqla sarsıtmaq yox, onu, inanmaqla, sevməklə sarsıtmaq gərəkdir. İnsanı söyməklə, aşağılamaqla həyatın gedişatında yaxşı bir ahəng yaratmaq mümkün deyil. Bir vaxtlar insanları qladiator kimi meydanlarda oynadan, aşağılayan Qərb indi sivil yollarla – internetlərdə, debatlarda söyüşdürmək ənənəsi yaratmaqla oynadır, aşağılayır.

Asif Atanın Amalına görə, heç kimin bir-birinə inanmadığı bir dövrdə insana inam vermək gərəkdir ki, cəmiyyət sağlam inkişafa qədəm qoysun…”

Atamız Var olsun!

 

Şölə Ayı, 33-cü il. Atakənd.

(İyun, 2011. Bakı)

 

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button