Əli İnsanova Kürdəxanı təcridxanasında işgəncə verilib

eli insnvSabiq nazir heç bir əsas olmadan «karsa» salınıb və üç gün dözülməz şəraitdə saxlanılıb; hələ də ona yetərincə qida verilmir

«Bütün bunlar hakimiyyətin mənə qarşı sui-qəsd planının tərkib hissəsidir»

Keçmiş səhiyyə naziri Əli Insanov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasının rəisi Azər Seyidovu məhkəməyə verib. Buna səbəb isə keçmiş nazirin təcridxanada heç bir səbəb olmadan cərimə otağına (“kars”) salınması, havanın temperaturu 40-42 dərəcə olduğu günlərdə orada kifayət qədər su və sərinkeş verilmədən ağır vəziyyətdə saxlanılmasıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsi 18 iyun 2015-ci ildə Əli Insanovun xarici banklarda toplanmış qonorarlarının müsadirə olunması barədə qərar çıxarıb. Keçmiş nazir də həmin qərardan apellyasiya şikayəti verib. Eyni zamanda, apellyasiya məhkəməsinə ərizə ilə müraciət edərək, özünün prosesdə iştirak etmək istəmədiyini bildirib. Bunu əvvəllər də Bakı Apelyasiya Məhkəməsində işinə baxılarkən şüşə kabinəyə salınaraq, danışmağa imkan verilməməsilə izah edib.

Əli Insanovun vəkili Toğrul Babayev “Azadlıq”a açıqlamasında bildirib ki, sabiq nazir üç gündən sonra “kars”dan çıxarılsa da, bu günə qədər ona təsdiq olunmuş rasion üzrə qida verilmir, evdən aparılan zəruri qida məhsulları isə təcridxanaya buraxılmır.

Yeri gəlmişkən, Əli Insanovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə baxılır. Qasımov avqustun 6-da bu iş üzrə məhkəmə baxışının Əli Insanovun iştirakı olmadan keçirilməsi barədə qərar çıxarıb. Məhkəmə baxışı isə avqustun 14-nə təyin olunub.

Prosesin Əli Insanovun iştirakı olmadan keçirilməsinə dair məhkəmə qərarı olmasına baxmayaraq, keçmiş nazir hələ də Kürdəxanı təcridxanasında saxlanılır.

Əli Insanov hesab edir ki, siyasi hakimiyyətin tapşırığı ilə ona qarşı işgəncələri davam etdirmək üçün bu vəziyyətdə saxlanılır. Sabiq nazir bütün bunları bir müddət əvvəl mətbuat yayılmış, hakimiyyətin ona qarşı sui-qəsd planının tərkib hissəsi sayır.

Əli Insanov məruz qaldığı işgəncə ilə əlaqədar Bakı Istintaq Təcridxanasının rəhbərliyinə də ərizə ilə müraciət edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button