Əli Kərimli: “Hökumət yaxşı bilir ki, sosial vəziyyət get-gedə çətinləşir…”

ali kerimliMilli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 16-da mitinq keçirməklə bağlı təklifi qəbul etməyib.

AXCP sədri Əli Kərimli facebook (FB) səhifəsində məsələyə münasibət bildirib:

“Hökumətin Milli Şuranın təyin etdiyi mitinqlərin vaxtını hər dəfə mitinqə bir neçə gün qalmış dəyişməyə cəhd göstərməsi sadəcə cığallıq deyil. Bu hərəkətin arxasında əslində ciddi mətləb dayanır. Hakimiyyətin bu manevrlərlə nəyə nail olmaq istədiyini izah edəcəyəm. Biz mitinqi mayın 3-nə təyin etmişdik, 1-2 gün qalmış məktub göndərdilər ki, mitinqi 2 mayda keçirin. Biz razılaşmadıq. Növbəti mitinqi mayın 17-nə təyin etdik, indi də məktub göndəriblər ki, 16 mayda keçirin. Niyə? Siz kim olursunuz ki, müxalifətin mitinqinin vaxtını müəyyən edirsiniz? Hətta kifayət qədər qeyri-demokratik olan sərbəst toplaşma haqqında qanun da icra hakimiyyətinə bu hüququ vermir. Bəs o zaman dünyanın gözünün Azərbaycanda olduğu indiki zamanda niyə müxalifətə təyin etdiyi günlərdə mitinq keçirməyə mane olurlar? Nəyin müqabilində dünyadakı qeyri- demokratik, avtoritar imiclərini daha da pisləşdirirlər?

Bu bir həqiqətdir ki, Milli Şuranın başlatdığı dinc mitinqlərin vəd etdiyi perspektiv hakimiyyəti narahat edib. Çünki bu mitinqlər ciddi bir dinamikanı ortaya qoyub. Əvvəla, hakimiyyətə məlum olub ki, onun artıq yox saydığı müxalifət aldığı bütün zərbələrə rəğmən ayaqdadır. Xalqın etirazlarını təşkil etmək, bu etirazlara liderlik etmək iqtidarındadır. İkincisi, məlum oldu ki, xalqın sosial vəziyyəti pisləşdikcə, müxalifətin mitinqlərinə gələnlərin sayı artır. Bu bir faktdır ki, Milli Şuranın bu ilin mart, aprel aylarında keçirdiyi mitinqlərdə iştirak edənlərin sayı, ötən ilin oktyabr və noyabrında keçirilmiş mitinqlərdə iştirak edənlərin sayından təqribən 50 faiz artıq olub. Mitinqlərin ardıcıl şəkildə və razılaşdırılmış şəraitdə keçirilməsi də insanların qorxularının dağılmasına səbəb olur. Hökumət hamıdan yaxşı bilir ki, ölkədə sosial vəziyyət get-gedə daha da çətinləşəcək. Sosial problemlər kəskinləşdikcə dinc mitinqlərə gələnlərin də sayı artacaq. Hara qədər? Bu prosesin hökuməti narahat etməsi təbii deyilmi? Təbiidir. Amma çıxardıqları nəticə düzgün deyil. Ölkədə sosial-iqtisadi islahatlar aparmaqla narazı insanların sayını azaltmağa çalışmaq əvəzinə, hökumət insanların mitinqlərə daha kütləvi şəkildə qatılmasının qarşısını fiziki maneələrlə almağa çalışır.

Əvvəla, bizim televiziyalara çıxışımız olmadığı üçün milyonlarla vətəndaşımıza mitinq müraciətimizi heç çatdıra bilmirik. 8-10 gün ərzində vərəqələr paylamaqla, sosial şəbəkələrdən istifadə etməklə, məhdud media dəstəyi ilə cəmi bir neçə yüz min adama mitinq haqda məlumatı çatdırırıq. Təbii ki, 2-3 gün ərzində biz mitinqin yeni vaxtını xeyli az adama çatdıra bilərik. İkincisi, bunlar istəyir ki, biz mitinqlərimizi bazar günləri deyil, şənbə günləri keçirək. Çünki şənbə günləri bəzi yerlərdə iş olur və həmin müəssisələrin rəhbərlərinin imkanı yaranır ki, işçilərin, tələbələrin mitinqə getməsinin qarşısını müxtəlif bəhanələrlə alsınlar. Bütün bu maneələrlə mitinqdə iştirak edənlərin sayının 1-2 min nəfər azalmasına nail olmaq istəyirlər.

İndi bildinizmi sizin hər birinizin bu mitinqlərdə iştirakı, mitinqlərin daha kütləvi keçməsi nə qədər önəmlidir? Bütün bu maneələr sərbəst toplaşmaq azadlığının pozulması deyilsə, bəs nədir? Rejimin mitinq iştirakçılarının sayının artmasından qorxusu deyilsə, bəs nədir? Həm AXCP rəhbərliyi, həm də Milli Şura rəhbərliyi sabah səhər toplaşıb, 17 may mitinqi ilə bağlı son qərarı verəcək.

Xatırladaq ki, Milli Şura mayın 17-də mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. BŞİH isə aksiyanın mayın 16-da keçirilməsini məqsədəuyğun hesab edib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button