Əli Həsənovdan maraqlı etiraf

31 December 2011 

 «Düşüncə azadlığına görə insanları həbs etmək orta əsr normalarına cavab verir»

“Avropanın mərkəzində, Avropanın ictimai həyat normalarını müəyyən edən ölkədə düşüncə azadlığına görə insanları həbsə almaq, cərimə etmək orta əsr normalarına cavab verir”.
Bunu, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Fransa parlamentinin “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsinin qəbul etməsinə münasibət bildirərkən deyib.
Düzü, Əli Həsənovun bu açıqlamasına təəccüb etməmək olmur. Azərbaycan reallığından xəbəri olmayanlar elə bilər ki, Ə.Həsənov və təmsil olunduğu hakimiyyət həqiqətən də fikir və ifadə azadlıqlarına hörmət edir, bu hüquqdan istifadə edən vətəndaşlarına “qaşın üstə gözün var” demir. Çünki ancaq bu halda başqasını ifadə azadlığını boğmaqda ittiham etmək olar. Amma nə yazıq ki, Azərbaycandakı mənzərə elə Əli Həsənovun Fransa haqqında dediyi qaydaya – orta əsr normalarına uyğundur. Bu ölkədə düşüncə azadlığından istifadə etdiyinə görə insanlar məhbəsdə günahsız yerə cəza çəkir və vicdan məhbusu statusunu daşıyır. Bunu təkcə biz yox, bütün dünya, eləcə də vicdan məhbuslarını müdafiə edən nüfuzlu beynəlxalq qurumlar da deyir. Belə olan halda Əli Həsənovun ifadə azadlığından kifayət qədər istifadə edən fransız xalqının qayğısına qalmasına nə ad vermək olar?
Düşünürük ki, bu, PA rəsmisinin etirafından, özü də fərqinə varmadan etdiyi etirafdan başqa bir şey deyil…

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button