Əvəz Zeynallı ətrafında ikili standartlar

22.04.2012

İlqar Altay

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist.
E-mail: salamalta@yahoo.com 

Son dövrlər Quba hadisələri və jurnalist Xədicə İsmayılın jantaj və təhdidi ətrafinda iqtidarı negativ fəaliyyəti ilə bağlı sərt tənqid etdik. Bəhs edəcəyimiz növbəti mövzu isə, təəssüflü də olsa, iqtidarla bərabər vətəndaş cəmiyyətimizin neqativ durumu barədə tənqidə də əsas yarada bilir. 

3 aydir ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbsdədir. Azərbaycanda tək-tək, tam həqiqi müstəqil və cəsarətli yazarlardan olan və buna görə də hec bir siyasi (nə iqtidar, nə də müxalifət) standartlarına uyğun gəlməyən tanınmış qəzetci ruşvət maddəsi ilə ittiham olunur. Bütun cəmiyyət bilir ki, yazara qarşı ittihamlar əsassizdır. Hami bilir ki, baş redaktor xüsusilə də, xalqın və cəmiyyətin ağrılı problemlərini əks etdirən və iqtidara qarşı sərt kritik yazılarına görə həbs olunub. Bundan əvvəllər də həbs olunmuş digər baş redaktorlar kimi.

Ancaq, hörmətli vətəndaş cəmiyyətimiz baş vermiş haqsızlığa, yazılarıyla onun azadliğının təssübünü çəkmiş yazarın azadsızlığa atılmasına adekvat reaksiya verirmi? Separatçı Əlikram Hümbətovdan tutmuş, İran təxribatçı agentlərinin, hətta, Bakıdakı erməni qəbirlərinin belə müdafiəsində duran hüquq müdafiəçilərimiz öz ölkəmizin öz baş redaktorunun hüquqlarınin müdafiəsi üçün beynəlxalq səviyyali müdafiə işi aparırlarmı? Əvəz bəyin peşədaş-kolleqaları tanınmış baş redaktorlar, KİV kapitanları, hörmətli ziyalılar, vicdanlı sayılan millət vəkilləri, mübariz müxalifətimiz bu istiqamətdə kifayət qədər çalışma yapıb, səy göstərirmi? Zənnimcə yox! Ən azı, açıq deyək ki, əvvəllər həbsdə olmuş baş redaktorlarin azadlığı üçün edilən qədər yox!

Neçə vaxtdır ki, “Xural” qəzetinin əməkdaşları, tutulmuş baş redaktorun yaxınları, ailəsi və hətta yaşlı anası muxtəlif cəhdlər edir ki, cəmiyyəti bu yöndə oyadıb, aktivləşdirib hərəkətə gətirsin. Mümkün olmur. Hətta radikal muxalif yazarlar susurlar. Ən azı, öncə həbsdə olmuş digər baş redaktor Eynulla Fətullayevin müdafiəsinə qaldırılmış hay-küyə nisbətdə susurlar.

Nədir, nə mane olur Əvəz Zeynallının hüquqlarının müdafiəsinə? Niyə çəkinirlər bir çoxları, bunu etməkdən?

Bəlkə, qanunun aliliyinə hörmət hissidir ki, baş redaktorun cinayət tərkibli əməl törətməsinin yəqinliyi bu müdafiəyə zəmin yaratmır?

İnandırıcı deyil. 

Əvəz Zeynallıya qarşı ittiham onun deputat Gülər Əhmədovadan rüşvət tələb etməsi əməli üzərində qurulubsa bu, tamamilə əsassızdır. Bu əsassızlığı Gülər xanım mətbuatda özünün ifadə səviyyəsində hüquqi qiymətə malik musahibəsində artıq sübut edib.

Oradan birincisi, məlum olur ki, epizodda konkret rüşvət alıb-vermə faktı olmayıb. Rüşvət ittihamlı cinayətlərdə bu fakt olmadan sübut yaratmaq cox cətindir. Ona görə də, hüquq-mühafizə orqanları həmişə çalışırlar ki, nəinki rüşvət alma anında yaxalasınlar. Hətta bu da azlıq etdiyi üçün həmin aktı video-audiolentə alsınlar və hətta texniki-kimyəvi vasitələrla pul və digər aidiyyətli əşyalarda barmaq izlərinin müəyyən olunmasına nail olsunlar. Əlbəttə, söhbət qanunun aliliyini əsas tutub məsuliyyət hissi dərk edən, fəaliyyətində kriminalistika elmini əsas tutan orqanlardan gedir, sifariş və qərəzi yox.

İkincisi, cinayət işində rüşvət tələb olunan şəxs kimi hallanan deputat xanım davamlı və təkidli formada “rüşvət alan”ın davamlı və təkidli imtinasına rəğmən, onunla görüşmək istəyib. Bunun ücün vasitəçilər axtarıb, müxtəlif şəxslərə müraciət edib, mümkün olmayıb. Sonda, buna “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun vasitsiilə nail olub. Bu işdə rüşvət verənin alanı təkidlə axtarması özü məntiqsizlik və oradan da absurdluq yaradır.

Üçüncüsü, Gülər Əhmədova öz müsahibəsində açıq bildirir ki, həmin rüşvəttələbetmə faktını öz marağının təminatı məqsədilə uzun müddət saxlayıb və razılaşma olsaymış açmayacaqmış. Yəni, onun haqqındakı məqalənin Əvəz Zeynallıdan “Xural” qəzetində dərc etməməsi tələbi üçün. Cinayət pozuntusu faktını mülki pozuntu faktından fərqli olaraq hansısa məqsədlər üçün gizlədib, saxlayıb “lazım gəlsə” adı ilə istifadə etmək olmaz! Bu halda cinayət əməli faktı özlüyündə mahiyyətini itirmiş olur. Hiss olunur ki, ortada fakt yox, ən uzağı əks-şantaj uçun bəhanə olub.

Bu işdə ən önəmli şahid kimi kecən Rauf Arifoğlu istintaq və məhkəmədə verəcəyi obyektiv ifadəsi ilə bütün ittihamları alt-üst edə bilər.

Bəlkə bəzilərini, hətta səlahiyyətli deputatları, tanınmış hüquq müdafiəçilərini redaktorun müdafiəsindən çəkindirən hal onun hakimiyyət rəhbərliyinə qarşı sərt yazıları səbəbindən prezidentin, yəni birinci şəxsin qəzəbinə gəlməsi gümanıdır?

Fəaliyyətlərini səmt küləyi fövqündə quran ictimai-siyasi xadimlər üçün buna da əsas yoxdur.

Dəfələrlə olub ki, İlham Əliyev müəyyən proseslər boyu formalaşan bu cür fikirlər toplumunu alt-üst edib, “qəzəbə gəlmiş” hesab olunanları gözlənilmədən əfv edib. Üstəlik, bəziləri hətta deputat ola bilmək qədər irəliləyib. Tutduğu mövqedən asılı olmayaraq, bir insanın düşüncə və qərarını proqnozlaşdırmaq, təbiətin minilliklər boyu formalaşmış atmosfer küləyi səmtini tutmaqdan qat-qat müşküldür. Və nəticədə, daha sərt həyat okeanı ortasında qeyri-müəyyən və hərəkətverici qüvvəsiz qalmaqla, istinad etmiş olduğun küləyin sadəcə bir virtual hissiyyat olmuş olduğunu reallaşdırırsan…

Bəlkə, səbəb Əvəz Zeynallının öz yazılarinda ağına-bozuna baxmadan müxtəlif tərəfləri, Hitlerin “Mayn Kampf” kitabının tərcümasini dərc etməklə israillilərdan tutmuş, ölkənin həqiqi müxalifətinə, ziyalılarınadək öz kəskin tənqidləri ilə sancmaq faktorudur?

Buna da əsas görünmür. Yaxın tarixdə müxalifət və onun liderlərini daha sərt tanqid edən və həbs olunarkən, həmin liderlər və onların partiyalarından daha çox dəstək alan baş redaktor-yazarın samballı müdafiəsilə rastlaşmışıq.

Elə isə, bəlkə də səbəb xarici faktordur və bu müdafiə üçün xaricdən kifayət qədər impuls gəlmir?

Bax, burada dayanıb düşünmək olar! 

2003-cü ildə oktyabr hadisələrində prezidentliyə namizəd İsa Qəmbər tərəfdarlarının həbsi ilə əlaqədar keçirilən konfransda məşhur hüquq müdafiəçisinə bir sual verildi: Cəmisi bir il öncə Nardaranda hakimiyyətə itaətsizlik göstərmiş sakinlərin müdafiəsi yüksək və hətta, hakimiyyəti silkələyacək səviyyədə təşkil edildiyi halda, niyə, bu gün həbsdə olan Musavat partiyası üzvləri və onun tərəfdarlarınin müdafiəsi kifayət səviyyədə deyil? Sual iştirakçılar qarşısında acıq verildiyi üçün cavab da o çür konkret və açıq oldu: Ona görə ki, bu məsələyə xaricdən grant ayrılmır, xaric hələ ki, kifayət dəstəyi vermir!

Belə bir qənaət yaranır ki, bu gün bizim vətəndaş cəmiyyətinin düşüncə və dinamikasına iki guclü güvvə hakim kəsilib: bu neçə ildə öz xalqına nisbətdə xeyli qədər güclənib imkanlaşmış Azərbaycan iqtidarı və həmişəgüclu xarici fövqəl qüvvələr. Biz daima “urra”deyərək, bu iki qüvvədən birisinin tanıdığını tanıyır, dəstəklədiyini dəstəkləyir, saydığını sayırıq.

Belə çıxır ki, hadisə və fərdlərə qarşı bizim hələ də, vətəndaş cəmiyyəti olaraq öz müstəqil yanaşmamız, qənaətimiz və qərarımız formalaşmaq bilmir. Belə çıxır ki, vətəndaş cəmiyyəti kimi öz ziyalı-sıravisi, böyük-kiçiyi, mənəvi-ictimai lideri, istinadolunacaq istiqamətverici qüvvəsi müəyyən olunmamaqla hələ də sistemləşib formalaşmamışıq.

Çox təəssüf!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button