Əvəz Zeynallı yazır: “Helsinkidən Bakıya dəyər karvanı”

II sonuncu hissə


 

I hissəni bu linkdən oxuya bilərsiniz: (https://www.xural.com/%C9%99v%C9%99z-zeynalli-yazir-helsinkid%C9%99n-bakiya-d%C9%99y%C9%99r-karvani-videofoto/ “Əvəz Zeynallı yazır: “Helsinkidən Bakıya dəyər karvanı”-VİDEO&FOTO”)

Dünya Söz Azadlığının məhtəşəm toplantısı

Helsinki çox maraqlı və yaddaqalan görüşlərlə zəngin oldu. Biz həm də “Finlandiya Hall”da xural.com-un və “Qaynar Qazan”ın çəkiliş qrupu kimi işlədik. Həm həyatda və işdə mənə yol yoldaşlığı edən Məlahət Zeynallı, həm də mən xeyli çalışdıq. O görüşlər və tədbirlər haqqında reportajlar və müsahibələr hazırladıq. “Meydan” TV-nin sədri Emin Millidən, RATİ-nin artıq mühacirət həyatı yaşayan rəhbəri Emin Hüseynovdan (bu linkdən oxuya bilərsiniz: https://www.xural.com/emin-huseynov-qaynar-qazanda-m%C9%99ni-gozl%C9%99y%C9%99n-10-n%C9%99f%C9%99rd%C9%99n-biri-c%C9%99ld-t%C9%99rp%C9%99ns%C9%99ydi/ “Emin Hüseynov “Qaynar Qazan”da: “Məni gözləyən 10 nəfərdən biri cəld tərpənsəydi””), “Azadlıq” Radiosunun Rus bölməsinin icraçı redaktoru Kənan Kazımoğludan, Ukraynada fəaliyyət göstərən “Krım Reali” layihəsinin icraçı redaktoru Yelena Yurçenkodan müsahibələr aldıq, tədbirdən geniş reportajlar çəkdik. Şəhərdən də eyni tipli reportajlar hazırladıq. Bunların hamısını strateq.az və xural.com olaraq diqqətli Oxucularımızın diqqətinə təqdim edəcəyik. Yəni əliboş getdiyimiz Helsinkidən 3 günə nə gətirə bildiksə, gətirdik və ən əsası, bir daha, bir daha əmin olduq ki, Azərbaycanda azad mətbuata, azad sözə ehtiyac nəinki var, hətta günü-gündən artır…

Helsinkidən qayıdanda Kiyevdə 6 saat zamanımız qalırdı. Bu 6 saatı dəyərləndirmək üçün bizi dəvət edənlərə və Avropada yaşayan dostlara müraciət etdik. Onların operativliyi və diqqəti sayəsində Ukraynanın paytaxtında bizi 2 dəyərli qrup qarşıladı. “Maydan” hərəkatının iştirakçılarından, hazırda da Prezident Qvardiyasının döyüşçülərindən olan Vidadi İsrafilov və Ukraynanın azad söz təmsilçilərindən Ənvər Dergaç. Eyni zamanda Azərbaycan Diasporasının Kiyevdə fəaliyyət göstərən aktiv üzvlərindən Yalçın Qəhrəmanlı da orada bizi qarşılayanlar sırasında idi. 5 saat müddətində bütün çəkilişlərimizi etməli, müsahibələrimizi götürməli və hava limanına qayıtmalı idik. Amma “Borispol” hava limanından Kiyevə gedən yolların tıxac olduğunu deyənlər və çatdırmayacağımızı söyləyənlər vardı. Biz çatdırdıq.

5 saat ərzində Ukraynanın taleyini dəyişən “Maydan”da olduq, oranı çəkə bildik, Vidadi İsrafilovla, Ənvər Dergaçla müsahibə aldıq. Sonra Yalçın Qəhrəmanlı və onun silahdaşları, digər azərbaycanlılarla görüşdük. Yalçın bəydən oradakı fəaliyyətləti ilə bağlı “Qaynar Qazan”a bir müsahibə aldıq (bu linkdən oxuya bilərsiniz: https://www.xural.com/qaynar-qazanda-yalcin-q%C9%99hr%C9%99manoglu-%C9%99li-insanov-bu-mill%C9%99tin-muxalif%C9%99tin-yaninda-olmalidir/“Qaynar Qazan”da Yalçın Qəhrəmanoğlu: “Əli İnsanov bu millətin, müxalifətin yanında olmalıdır””), nəhayət, süfrə arxasında Kiyevin azərbaycanlı icmasının bəzi nümayəndələri ilə görüşdük. Xarakterik və duyğulu məqam orasıdır ki, Kiyevdə tam təsadüfən illər əvvəl Ankarada bir fakültədə oxuduğumuz Raminlə görüşə bildik. Ramin Ankara hüquq fakültəsinin dəyərli tələbələrindən idi və illər onu Azərbaycandan Kiyevə ruzi arxasınca göndərmişdi. Kiyevə mənim gəldiyimi biləndə, Yalçın bəydən xahiş etmiş və özü görüşməyə gəlmişdi.

Biz Kiyevdə işlərimzi bitirib “Borispol” hava limanına doğru yola çıxanda bir an tıxacda qalacağımızı düşündük. Amma Vidadi İsrafilov Azərbaycan variantını işə saldı və kəsə yollarla bizi tıxaca düşməkdən və beləliklə, gecikməkdən xilas elədi. Ənvər Dergaçla birlikdə bizi “Borispol” hava limanına qədər gətirdilər və uğurladılar. Əvvəli ukrain-xristian olan Ənvər sonradan müsəlman olmuş və adını “Ənvər” olaraq götürmüşdü, amma danışanda “mən də Türkəm, sizin qanınızdanam” deyirdi. Biz onun həqiqətən bizim qanımızdan olduğunu bu 5 saat ərzində gördük. Elə bil, min ildir Ənvərlə tanış idik. Ona “mənim dayımın da adı Ənvərdir, sən mənə bir az da ona görə yaxın oldun” deyirdim. Hə, burada Türklərin bir atalar məsəli yada düşür. Türklər: “Bir bardaq qəhvənin 40 il xatirəsi var” deyirlər, bax, Kiyevdəki dostların və Helsinkidəki tanışlıqların xatirəsi bizdə elə bir təsir buraxdı – 40 illik xatirə kimi bir şey…

Biz “Borispol” hava limanına çatanda qeydiyyat və dostlar narahat olmağa başlamışdılar. Qan-tər içində idik. Amma yetirmişdik – əsl jurnalistikanın cəfası da xoşdur. Və elə birbaşa sıraya durduq. Yol Bakıya idi…

Kristina Amanpurla tarixi görüş

Bizə Helsinkidə keçiriləcək tədbirlərin proqramını göndərmişdilər, amma proqrama salınmayan bəzi məsələlər də vardı ki, onlar haqqında tədbirlərin gedişində tanış olurduq. Mayın 3-də Xədicə İsmayılın mükafatlandırılması tədbiri vardı. Buna qədər açılış olmuş, bəzi tədbirlərdə iştirak etmişdik. Mayın 2-də Rusiya-Ukrayna problemlərinə həsr olunan “İki ölkə, tək peşə” tədbirində olduq və moderator qəfildən tədbirdə keçmiş siyasi və vicdan məhbuslarının – Azərbaycandan Əvəz Zeynallının və Belarusdan Natalia Rodinanın olduğunu və onların da fikirlərinin önəmli olduğunu vurğuladı. Bizimlə bir yerdə olan Ələsgər Məmmədli rus dilində həm də mənim adımdan çıxış etdi və Azərbaycan haqqında lazım olan məlumatları verdi.

Zəruri haşiyə:

Tədbirdə Azərbaycan dilində toplantılar yox idi. Daha doğrusu, tədbirin dillərindən biri deyildi Azərbaycan dili. Heç rus dili də yox idi. Bizim iştirak etdiyimiz və Rusiya-Ukrayna mediasının problemlərinə həsr olunan bu tədbir də ilk və son tədbir oldu ki, orada rus dili vardı. Qalan bütün tədbirlər ingilis, fransız və ərəb dillərində idi. Yəni bu tədbir anlaşıldığı kimi Azərbaycan mətbuatının problemlərinin qaldırıldığı və müzakirə olunduğu bir meydan deyildi. Bizə sonra aydın oldu ki, əvvəlcə burada Azərbaycan mətbuatının problemlərinə həsr olunan bir tədbirin keçirilməsi nəzərdə tutulsa da, sonra bundan bəzi səbəblərdən imtina olunub. Bu səbəblə bizim üçün ikiqat çətin idi.

Mükafatlandırmadan əvvəl məlum oldu ki, tədbiri CNN-in dünya şöhrətli aparıcısı Kristina Amanpur aparacaq və mənə dedilər ki, Amanpurla ayaqüstü görüşümüz olacaq. Kristina Amanpur mənimlə və Belarusdan olan Natalia Rodina ilə görüşəcək və şəkil çəkdirəcəkdi. Elə də oldu. Amanpurla görüşdük və ayaqüstü də olsa söz azadlığının dəyərindən danışdıq.

Sonra tədbir oldu və Xədicə İsmayılın mükafatlandırılması möhtəşəm bir şəkildə keçirildi. Maraqlıdır ki, Xədicənin mükafatlandırılma mərasimində də qulaqcıqlardakı dillərdə nəinki Azərbaycan, heç rus dili də yox idi. Bu arada yenə bizə xəbər verdilər ki, Kristina Amanpur çıxışında bizlərin – mənim və Natalianın da adlarını çəkəcək və bizi bir yerdə oturtdular ki, təqdimatda zal bizi tanısın. Kristina Amanpur Xədicə haqqında geniş çıxış etdi və həbsxanada olanlarla birlikdə bizim – Azərbaycandan olan Əvəz Zeynallının və Belarusdan Natalia Rodinanın da burada olduğumuzu dedi. Adlarımız çəkiləndə sırası ilə mən, sonra da Natalia ayağa qalxdıq və zalın gurultulu alqışları altında özümüzü təqdim etdik. Bu, Azərbaycan jurnalistikası adına böyük hadisə idi, əslində.

Zəruri haşiyə:

Əslində, mənim özümün bu hadisəyə münasibət bildirməyim doğru deyil, bilirəm. Amma göstərilən münasibətin adekvat olmadığını görəndə təəssüf dolu duyğular keçirdim və belə demək olarsa, göstərilən münasibətdən şok oldum. Bizim çəkilişlərdən də görünür, Kristina Amanpur bizi təqdim edəndə Azərbaycanın özünü azad və müstəqil hesab edən – mənim də elə bildiyim mətbuat orqanlarımızın hamısı orada idi və hamısı çəkiliş aparırdı. Amma nə qəribədir ki, mətbuata çıxarılan və yayılan xəbərlərdə Amanpurun mənim adımı çəkdiyi ana qədər hər şey verildi, ondan sonra isə heç nə verilmədi. Bu, məni şok elədi. Axı burada, yanı-başımda olan mətbuat əhli dostlarım, eyni düşərgədə təmsil olunduğumuz, ya da mən elə hesab elədiyim adamlar idilər. Necə ola bilərdi ki, Kristina Amanpur miqyasında adamın təqdimatını – həm də Cano təqdimatında, YUNESCO tədbirində bütün dünyaya təqdimatını özünə azad deyən media orqanları verməsin. Dostluq, azad media bir tərəfə, axı, bu, həm də xəbər məsələsi idi. Xəbərə xəyanət olmaz axı. Ancaq bizim dostlar mənim oduma həm də Belarusdan olan və Lukaşenkonun istibdadından qaçıb çıxa bilən Natalia Rodinanı da yandırdılar. O anlarda hiss etdim ki, bizim bəzi media dairələrinə döyüşən, savaşan jurnalist lazımdır, amma həbsxanada! Azadlıqda, yanlarında, burunlarının dibində olanda, mövqeyini dəyişməyəndə, sözünün üstündə qalanda, Amanpurun təqdimatında sən bunlara bəzən lazım olmursan. Ya satılmalı, ya da həbsxanada olmalısan. Sonra heç soruşmadım ki, dostlar, niyə xəbəri vermədiniz? Heç özüm də vermədim. İndi, 25 gün sonra verməli olsam da, içini xırda qısqanclıqlar bürümüş adamlara demək istəyirəm ki, belə xəbər və media siyasəti olmaz. Olmamalıdır!

Mükafatı Xədicə özü almalı idi

3 gün boyunca bəzi tədbirlərdə iştirak etdik. Dünyanın bir çox ölkələrinin nümayəndə heyətlərinin üzvləri ilə görüşdük. Bəzi həbsdə olan jurnalistlərə dəstək olduq. Hansısa ölkələrin – biri Venesuella idi – nümayəndələri ilə onların istəyilə fotolar çəkdirdik. Görüşlərimiz oldu. ABŞ Dövlət Departamentinin YUNESCO-dakı səfiri ilə, digər qurumların nümayəndələri ilə söhbətləşdik. Finlandiyanın Xarici İşlər nazirinin qəbulunda iştirak etdik və gördük ki, hər yerdə azadlığı məhdudlaşdırılmış jurnalistlər mövzu bəhsidir. Onların ön sıralarında Xədicə İsmayıl gəlirdi təbii ki. Orada da qızğın müzakirələr edirdik. Niyə axı Xədicənin özü almamalı idi bu mükafatı? Bu boyda təpkini, etirazı üzərinə çəkmək bu hakimiyyətin nəyinə lazımdır axı? (Şükür ki, Xədicə artıq azadlıqdadır. O, Ali Məhkəmənin 25 may tarixli qərarı ilə aramıza qayıtdı – Ə.Z.)

Zəruri haşiyə:

Tədbirdə öyrəndim ki, 2011-ci ildə bu mükafatı Azərbaycandan alan jurnalist hələ həbsdə olarkən hakimiyyətin adamları həbsxanada onunla görüşüb razılaşıblar. Sonra həmin jurnalisti əfv edib Cano mükafatını almağa göndəriblər. Mükafatı alan jurnalist artıq hakimiyyətin adamı qismində iştirakçı olub. Sonra isə YUNESCO və heyətində belə bir rəy formalaşıb ki, Azərbaycandan bu mükafatı uzun müddət heç kimə verməmək. Hətta tədbirdə məlumatlı adamlardan şok informasiyalar aldım. Məlumata görə, Cano mükafatı üçün 2012-ci ildə mənim namizədliyim irəli sürülüb və qəti qərar verilib ki, əvvəlki mükafatçıdakı uğursuzluğa görə, mükafat mənə verilməsin. Hər halda, həm həbsxana illərində, həm də ondan sonra müxtəlif bəhanə və iddialarla haqsızlıq köynəyi yenə döyüşən və mövqeyini dəyişməyənlərə geyindirilib. Bunu ictimailəşdirməmək də olardı, amma mən bir şeylərin açılmasının və detallı müzakirə olunmasının tərəfdarıyam. O, ayrı məsələdir ki, böyük və ciddi beynəlxalq təşkilatlar necə “ötənilki namizədimiz satıldı, builki namizədimiz də satıla bilər” təfəkkürü və məntiqi ilə yaşaya bilərlər? Bu, inandırıcı və məntiqli görünmür. O zaman dünya məhvərindən çıxa bilər. Bu mənada bu il mükafatın Xədicəyə verilməsi buzun sındırılmasıdır. Ümid edək ki, bu mükafatın bir daha Azərbaycana verilməsinə heç bir səbəb olmaz. Həbsxana da jurnalistlərimiz əziyyət çəkməz.

…Ölməyə Vətən yaxşı

Son 16 ildir ölkədən heç bir yana çıxmamışam. Qarajlarda azad söz mübarizəsi aparmış, müstəqil mətbuatın səngərlərini möhkəmləndirməyə çalışmışam. Mən çox yaxşı bilirəm ki, azad mətbuat ilk növbədə hakimiyyətə lazımdır, amma mən 20 ildir anlaya bilmirəm ki, azad medianı sındırılmışlarla əvəz eləmək bu hakimiyyətin nəyinə lazımdır.

Helsinki səfəri bir çox baxımlardan mənim üçün önəmli oldu. Ölkəmizi, insanlarımızı bir daha müqayisə etmək imkanlarım yarandı. Bir milli hakimiyyətlə bir dünya dövləti olarıq – illər əvvəlki fikirlərim bir daha yeniləndi. Heç kim, o baxımdan finlər heç nələri ilə bizdən üstün deyillər. İnfrastrukturu yaxşı qurmaq, hər şeyi qaydasında istifadə etmək, xüsusi istedad tələb etmir. Namuslu olmaq, korrupsiya və rüşvətə yox demək və millətini, onun balalarını təmənnasız və qarşılıqsız sevmək yetərlidir. Vətənin taleyindən narahat olmaq, gecələr narahat yatmaq və hər fərdinin taleyini düşünmək yetir. Avropalıların və finlərin etdiyi odur. Heç nə etmirlər əslində, dəyərlərə, insanlarına, millətlərinə sahib çıxırlar, vəssalam. Ona görə də biz dünyanın bu başından o başına gedirik və insanların insan kimi yaşamasına heyrət edib qayıdırıq.

Helsinkidə olanda bəzi dostlarım yazdılar, mesaj göndərdilər ki, qalın orada, qayıtmayın. Gülmək məni tutdu. Niyə? Necə qala bilərəm mən oralarda? “Bəs bu Vətən, bəs bu Vətən necə olsun?” deyir şair. Bəs məni müdafiə edən, uğrumda əziyyət çəkən yaxınlarım, qardaşlarım, bacılarım necə olsun? Necə yaşaya bilərəm kənarda mən? Biz hamımız bu ölkəni tərk etdikcə yerimizi naşılar, nadanlar və tanrıtanımazlar tutmurmu? Yadıma həbsxanadan yazdığım məktublar düşdü. Mən həbsxananı da Vətənin müqəddəs guşələrindən biri bilən zehniyyəti daşıyanlardanam. Ona görə də hamının fikirlərinə dözümlə, hörmətlə yanaşaraq, zorakı və repressiv metodlar sayəsində ölkəni tərk edənlərə hörmətimi və onları anlayışla qarşıladığımı bəyan edərək, ölkəmə qayıtmalı olduğumu düşündüm. Zatən heç bir zaman da başqa cür düşünmədim. Məzarım da həyatım kimi bu torpaqlarda olacaq.

Dəyərləri bu ölkəyə gətirmək lazımdır

Səfərdə kiçik bir qrup idik. Həyat yoldaşım, bütün ağır günlərdə yanımda olan silahdaşım Məlahət Zeynallı, mən və tanınmış hüquqşünas Ələsgər Məmmədli Əhmədoğlu. Ələsgər bəylə həm də tələbə yoldaşıyıq. Biz 1991-ci ildə Türkiyə universitetlərinə bir yerdə qəbul olunub getmişik. “Elçibəyin imtahanları”ndan keçmişik. Türkiyəyə göndərilən ilk 50 nəfərlik qafilədə bir yerdə olmuşuq. Bir həftə Ankaranın “Malıy” və “Bolşoy kababnı”larında qalandan sonra bizi 4 şəhərə bölüblər. Mən Ankara Universitetinin hüquq fakültəsində, Ələsgər bəy də İstanbul Universitetinin hüquq fakültəsində təhsil almışıq. Amma bu illərdə heç yol yoldaşı olmamışıq. İndi yol yoldaşı olduq. Ələsgəri daha yaxından tanımaq imkanlarım oldu. 26 il gecikmişik…

Səfərdə bizə həm də Azər Həsrət və Ayaz Nizamioğlu yoldaşlıq elədi. Maraqlı və yaddaqalan xatirələrimiz oldu. Azərbaycanlılar ölkədən kənarda bir-biri ilə hər zaman mehriban olurlar. Xoşbəxtlikdən biz təhlükəli ideoloji qütblərə bölünməyən cəmiyyətik və bunun faydaları hələ də toxunur. Harada oluruqsa olaq, gördüyümüz hər şeyi Azərbaycanla müqayisə edir və adətən ölkəmizi, özümüzü, saflığımızı, təmizliyimizi, qonaqpərvərliyimizi önə çıxarırıq. Sadaladığım xüsusiyyətlər dünyanın digər coğrafi məkanlarında azdır, bizdəki kimi deyil. Bircə demokratik dəyərlər – fikir plüralizminə hörmət, azad yaşamaq, azad və müstəqil mətbuat, azad seçki dəyərləri yoxdur ki, bu da hamını pəjmürdə edir. Amma bu dəyərlərin hamısı da olub bizdə. Bizim genlərimiz indi bəşəriyyətin demokratik dediyi bu insani dəyərlərlə yoğrulub. Biz azad seçkini hələ Nadir şahın Muğan qurultayından bilirik, Dədə Qorqud boylarından oxumuşuq, qədim yazıtlarımızdan məlumatlıyıq.

Bax, bircə dava bu dəyərlərin – bəşəri dəyərlərin davasıdır. Mayın 1-5-də biz Helsinkidə, Finlandiyanın baş kəndində bu dəyərləri və bu dəyərlərə hörməti gördük.

Başqa bir şey görmədik.

Bura Vətəndir…

Biz Bakıya çatanda gecə saat 01.00 radələri idi. Gedəndə də, gələndə də müəyyən narahatçılıqlarım vardı. Amma hər şey normal oldu. Tərslikdən o qədər mədəni, o qədər gözəl idi hər şey. Bu münasibəti nə Helsinki, nə də Kiyev hava limanında görmədik. Helsinkidə heç olmasa saat yarım gözlədik, Kiyevdə isə şəhərə çıxanda və qayıdanda bizi əsəbiləşdirəcək dərəcədə yoxlamalara məruz qaldıq. Deməli, istəsək olar. Hələ onu demirəm ki, Bakı hava limanının yanında Kiyevin və Helsinkinin hava limanları çox kasıbdır.

Deməli, biz bu dəyərləri ölkəmizə gətirə bilərik.

Mən gətirəcəyimizə inanıram.

Son

DSC00331 DSC00322 DSC00317 DSC00316 DSC00315 DSC00212 DSC00207 DSC00140 DSC_0619 DSC_0616 DSC_0614 DSC_0612 DSC_0610 DSC_0608 DSC_0605 DSC_0602 DSC_0598 DSC_0592 DSC_0591 DSC_0590 DSC_0589 DSC_0587 DSC_0586 DSC_0585 DSC_0584 DSC_0583 DSC_0582 DSC_0580 DSC_0578 DSC_0569 8

1-5 may 2016-cı il, Bakı-Kiyev-Helsinki-Kiyev-Bakı

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button