Əvəz Zeynallının qeyri-bərabər məhkəməsi

06.08.2012

Həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə siyasi motivli məhkəmə prosesinin birinci raundu avqustun 1-də başa çatıb və bir ay yarım müddətə fasilə elan edilib. Ə.Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir, lakin beynəlxalq hüquq müdafiə təşkilatları Ə.Zeynallını vicdan məhbusu hesab edirlər.   

 Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı keçirilmiş məhkəmə prosesləri ilə bağlı Turan agentliyinin suallarını cavablandırıb.

    Sual: Əvəz Zeynallı deputat Gülər Əhmədovanın müraciəti  əsasında həbs olunub. Məhkəmədə “Xural” qəzetinin və onun baş redaktorunun barəsində iddia haqqında məsələ qaldırılıb. Söhbət “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun direktoru Vüqar Səfərli və müğənni Nüşabə Hümbətova tərəfindən jurnalistə qarşı üç iddiadan gedir. Niyə birdən-birə vəziyyət kəskin şəkildə dəyişdi? Belə təəssürat yarandı ki, Ə.Zeynallının həbsinin əsas təşəbbüsçüsü G.Əhmədova kənarda qaldı. Məhkəmədə Ə.Zeynallının ondan pul tələb etməsi ilə bağlı sübutlar irəli sürülüb?

    Cavab: Əvəz Zeynallının barəsində cinayət işinin başlanmasına səbəb Milli Məclisinin üzvü Gülər Əhmədovanın 2011-ci il oktyabrın 19-da Baş Prokurorluğa verdiyi şikayət olub. Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi buna əsaslanaraq bir gün sonra – oktyabrın 20-də cinayət işini başlayıb. G.Əhmədova şikayət edib ki, Ə.Zeynallı “Xural” qəzetində onun barəsində rüsvayedici, şəxsiyyətini ləkələyən məlumatların yayılması hədəsi ilə ondan “külli miqdarda” pul tələb edib.

    İstintaqın uzun zaman sürməsinə baxmayaraq, həmin rusvayçı adlandırılan məlumatların gerçəkdən olub-olmadığı müəyyən edilməyib. İstintaq G.Əhmədovanın Ə.Zeynallı ilə söhbətlərini yazdığını iddia etdiyi audioyazılışlara (diktofon və mobil telefonun səsyazısına) və mobil telefon operatorlarından alınmış danışıq yazılarına və mesaj mətnlərinə istinad edib. Həmin yazıların heç birində Ə.Zeynallı tərəfindən hər hansı şantaj, hədə qorxu və pul tələbləri yoxdur.

    Əksinə, yəqin çoxlarının yadındadır ki, həmin dövrdə, yəni 2011-ci ilin avqust, sentyabr aylarında Ə.Zeynallı qəzetdəki məqalələrində G.Əhmədovanın ona qəzetə yardımlar adı altında təkliflər verdiyini, bunun qarşılığında ondan hökumətdəki bəzi şəxsləri tənqid etməməyini istədiyini deyib, bu təkliflərdən imtina etdiyini bildirib.

    Maraqlıdır ki, şantaj və hədə- qorxuların avqust ayında edildiyini iddia etməsinə baxmayaraq, uzun illər hakim siyasi partiyadan parlament üzvü olan G.Əhmədova niyə iki ay sonra – oktyabrın 19-da şikayət verdiyini izah edə bilməyib.

    G.Əhmədova ifadə vermək üçün məhkəməyə gəlib,  amma ifadəsi tam alınmayıb. İttihamın əsas şahidi olduğu üçün ondan soruşulacaq suallar çoxdur. Digər tərəfdən isə müəyyən səbəblərdən G.Əhmədova vəkilin iştirakı olmadan dindirilib. Beləliklə, dindirmə yarımçıq olub.  Məhkəmə heyəti Ə.Zeynallının suallarına cavab olaraq şahid G.Əhmədovanın yenidən məhkəməyə gəlməsini və ifadə verməsini başa çatdıracağını təmin edəcəyini bildirib.   Cinayət işinin başlamasına baxmayaraq, prokurorluq G.Əhmədovanın şikayəti və topladığı materialları ittiham üçün gülünc dərəcədə yetərsiz saydığından başqa epizodlar və cinayətlərlə onu dolğunlaşdırmağa çalışıb. Nəticədə tələm-tələsik bir neçə illər əvvəl edildiyi iddia olunan başqa “rüşvət” epizodları ortaya çıxarılıb. Guya ki, Ə.Zeynallının həbsindən sonra ona illərcə əvvəl “rüşvət vermiş” şəxslər bir-birinin ardınca peyda olub, sıraya düzülərək Prokurorluğun Korrupsiya İdarəsinə Ə.Zeynalının onların həyatlarını qara etməsi barədə ürək parçalayan şikayətlər yağdırıblar. Bu şəxslər indiyədək onlardan rüşvət tələb olunduğunu niyə gizlətdiklərini, indi nədən hərəkətə gəldiklərini izah etməyiblər.

    Müdafiə tərəfinin düşüncəsinə görə, bütün cinayət işləri bir məqsədlə, jurnalistin ifadə azadlığını boğmaq məqsədilə qaldırılıb. Ə.Zeynallının dəfələrlə bildirdiyi kimi, bu proses onun hökumətin ən yuxarı pilləsində duran şəxsləri tənqid etməsindən sonra başlayıb, qəzetin gündəlik çıxması barədə anonslardan sonra tam susdurma komandası işə düşüb.

    Sual: Məhkəmədə maddi zərər barədə iddialar üzrə yalnız üç iddiaya baxılır – Nüşabə Hümbətova, Ağabəy Əsgərov və Vüqar Səfərli. Dördüncü iddia, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası nədənsə üzə çıxarılmır. R.Mehdiyev öz iddiasını geri götürüb?

    Cavab: Tarix baxımından Ə.Zeynallıya qarşı məhkəmə qərarlarının icra olunması ittihamı ilə cinayət işi yuxarıdakından bir il əvvəl – 2010-cu ilin oktyabrın 25-də başlanıb. Bu cinayət işi formal olaraq Nüşabə Hümbətovanın barəsində məhkəmə qətnaməsinə əsasən təkzib verməməsinə və “Azərbaycan” nəşriyyatının direktoru Agabəy Əsgərovun şikayəti əsasında məhkəmə qətnaməsinə əsasən ona ödəməli olduğu məbləği ödəməməsinə görə başlanıb.

    Sonradan KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin işi üzrə təyin olunmuş kompensasiya məbləğini ödəmədiyi epizodu bura əlavə olunub.

    Maraqlıdır ki, həmin dövrdə Ə.Zeynallı başqa bir məhkəmə qətnaməsinə əsasən PA rəhbəri Ramiz Mehdiyevin işi üzrə mənəvi zərər əvəzi olaraq 10 min manat ödəməli olmasına baxmayaraq, bu epizod cinayət işinə əlavə edilməyib.

    R.Mehdiyevin öz tələbindən imtinası barədə işdə heç bir sənəd yoxdur.

    Sual: Məhkəmədə iddialarla bağlı ittihamlar əsaslandırılıb?

    Cavab: Ə.Zeynallı məhkəmə qərarlarını icra etməməyə görə Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilib. Guya o, müğənni N.Hümbətovanın işində məhkəmənin qət etdiyi təkzibi verməyib, üzr istəməyib. Sonra o, A.Əsgərova ödəməli olduğu kompensasiya məbləğini ödəməməkdə təqsirləndirilib. 3-cü epizodda isə V.Səfərliyə mənəvi kompensasiya məbləğini ödəməməkdə, təkzibi dərc etməməkdə və üzr istəməməkdə təqsirləndirilib.

    N.Hümbətova işi ilə bağlı işdə məhkəmənin təsdiq etdiyi təkzib mətni olmadığından Ə.Zeynallı bütün rəsmi izahatlarında bildirib ki, razilaşdırılmış təkzib mətnini dərc etməyə hazırdır. Lakin nə iddiaçı N.Hümbətova, nə də ki məhkəmə  icraçıları hansı mətni dərc etmək barədə hər hansı təklif verməyiblər.

    A.Əsgərovun işində Ə.Zeynallı təkzib mətnini dərc etsə də 1000 manat kompensasiyanın 600 manatını ödəyib, qalanını ödəyə bilməyib.

    Qanunda əmlak tələbini yerinə yetirə bilməməyə görə cinayət təqibi başlamaq nəsərdə tutulmadığından bu epizod üzrə cinayət işinin başlanması və təqsirləndirmə qanunsuz olub. N.Hümbətovanın işində də dediyim kimi, o təkzibi verməkdən boyun qaçırmayıb, sadəcə razılaşdırılmış təkzib mətni istəyib.

    V.Səfərlinin işi üzrə məhkəmə qətnaməsinin icrası ilə bağlı cinayət işi ümumiyyətlə absurddur. Qanun belə işlərdə cinayət təqibini başlayana qədər bir sıra addımların atılmasını, o cümlədən inzibati məsuliyyət barədə işin başlanmasını, inzibati tənbeh vermək kimi addımların atılmasını tələb edir. Yalnız bundan sonra məhkəmə qərarı icra olunmadıqda cinayət işini başlamaq barədə qərar verilə bilər. V.Səfərlinin işində heç bir belə tədbir görülməyib. Məhkəmə qətnaməsinin icrasına 2011-ci ilin iyulunda başlanıb. Azacıq müddət keçəndən sonra isə cinayət ittihamı verilib. Müqayisə üçün deyim ki, N.Hümbətovanın işi üzrə icraat 2007-ci ildə, A.Əsgərovun işi üzrə icraat isə 2008-ci ildə başlayıb.

    Maraqlıdır ki, V.Səfərlinin işi ilə eyni vaxtda icraatı başlamış R.Mehdiyevin işi üzrə məhkəmə qətnaməsinin icra edilməməsinə görə cinayət ittihamı irəli sürülməyib.

    Sual: Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Zeynallının məhkəmə prosesində hansı kobud pozuntulara yol verilib?

    Cavab: Ə. Zeynallı tamamilə əsasız olaraq dəmir qəfəsdə saxlanılır. Bu, tanınmış bir qəzetin baş yazarı üçün ləyaqəti alçaldan davranışdır. Bizim dəfələrlə xahişimizə baxmayaraq, o, məhkəmə zalına qandallı gətirilib-aparılır, qəfəsdə saxlanılır. Dəfələrlə müraciətimizə baxmayaraq, məhkəmənin hökmü çıxanadək onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmir.

    Daha bir problem cinayət işinin materiallarının surətinin müdafiə tərəfinə verilməməsidir. Dəfələrlə xahişlərə baxmayaraq, iş materiallarının yalnız bir hissəsi verilib. Xeyli əhəmiyyətli sənədlərin surəti verilməyib. Bu, müdafiəni yaxşı hazırlaşmaqdan məhrum edir. Bu sənədlər tam şəkildə ittiham tərəfində var, məhkəmədə var, müdafiədə isə yoxdur. Bu, qeyri-bərabər vəziyyət yaradır.

    Dəfələrlə xahişimizə baxmayaraq, məhkəmə dinləmələrinin audioyazısı və ya heç olmasa stenoqram yazısı aparılmır. Yalnız protokol yazılır. Protokolda  təbii ki, baş verənlərin çox kiçik bir hissəsi əksini tapa bilər. Axı məhkəmə qərarları məhkəmədə araşdırılmış sübutlar əsasında çıxarılmalıdır. Orada səslənən hər bir söz əhəmiyyətlidir, qeydə alınmalıdır, heç bir təhrif olmadan. Əks halda, məhkəmə öz qərarını ittiham tərəfinin topladığı cild-cild sənəd və ifadələrlə əsaslandıracaq, çünki özünün arxayın əsaslana bildiyi sübutları, şahid ifadələri olmayacaq.

    Audioyazı müdafiə tərəfi üçün də əhəmiyyətlidir. Məhkəmədə baş verənləri dönə-dönə dinləmədən, yada salmadan müdafiəni ketyfiyyətlə aparmaq çətindir. Beləliklə, belə şəraitdə udan yalnız uzun aylar hazırlaşmış, sənədlər və ifadələr toplamış ittiham olacaq. Çünki  məhkəmənin əlində məhkəmə katibinin çatdırıb yaza bildiyi bəzi qeydlərdən başqa heç nə olmayacaq.

http://contact.az/docs/2012/Interview/080600006960az.htm#.UB_IAaCt3dw

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button