“Texnikabank” işində prokuror çıxış üçün 15 gün vaxt istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə sübutlara baxış keçirilib, bununla da, məhkəmə istintaqı yekunlaşıb.
Prokuror çıxış üçün 15 gün vaxt istəyib.
Növbəti proses iyulun 10-a təyin edilib.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. E. Əliyevin xəstəliyinin onun proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.
Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var. Təqsirləndirilənlərdən E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.