22.332 nəfər TQDK-nın “qara siyahısı”na düşüb
TQDK saxta diplomlu şəxslərin sayını açıqlayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda saxta diplomlu şəxslərin statistikasını açıqlayıb. APA-nın məlumatına görə, “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin bu gün keçirilən təqdimat mərasimində TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 1992-2011-ci illər arasında Azərbaycanda ali məktəblərə 1 milyon 978 min 226 nəfər imtahan verib. Onlardan 615582 nəfəri tələbə adını qazanıb. 22332 nəfər isə TQDK-nın “qara siyahısı”na düşüb. Belə ki, onlar imtahan verməsələr də, əllərində ali məktəblərin diplomları var.
Xatırladaq ki, bir müddət əvvəl TQDK sədri dərsliklərdəki səhvləri “Abituriyent ” jurnalında dərc etdirmişdi.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha çox səhvlərə rast gəlinən dərsliklərin adlarını açıqlamışdı. Onun sözlərinə görə, səhvlərə daha çox rus bölməsi üzrə dərsliklərdə rast gəlinir: “Çünki Azərbaycan dilində olan mövcud səhvlərə tərcümə səhvləri də əlavə edilir. Ümumilikdə fənlər üzrə səhvlərə nəzər saldıqda görürük ki, daha çox “Tarix” və “Biologiya” dərsliklərində səhvlər qeydə alınıb”.
TQDK sədri səhvlərin “Abituriyent ” jurnalının I sayında dərc edildiyini qeyd edib: “Bu səhvləri açıqlamaqda məqsədimiz kiminsə səhvini göstərmək deyil. Sadəcə, biz istəyirik ki, abituriyentlər imtahana gələndə dərsliklərdə olan səhvlərə görə, imtahanda səhv etməsinlər”.
XuralTAC