Əvəzi yaxşı tutublar

18.04.2012

Seymur Həziyev

Əvəz Zeynallını yaxşı elədilər tutdular. Çünki bunu mən istəyirdim. Ramiz Mehdiyevlə məhkəmə işinin kritik anlarında  tez-tez deyirdim ki, tutul, artıq vaxtdır. Uzun illərdir Azərbaycan xalqı ilə savaşda olan biri ilə məhkəmə çəkişməsindən türməyə girməmək Əvəzi bitirərdi. Çünki onun mübarizəsi Ramiz Mehdiyevin başda durduğu toru sökmək və dağıtmaq üçündür. Bu mübarizədə qələbənin möhürlü arayışı həbsxanaya girməkdir.

Hitlerin “Mənim savaşım” kitabını tərcümə etdirdiyində başı xeyli bəlalar çəkdi, hamı onu faşist kimi qələmə verdi, özünün də “üstünə odun yığılmayan ipi” tez-tez haqında ən müxtəlif fikirlərin səslənməsinə şərait yaratdı. Amma bütün bunların heç biri Əvəzin mahiyyətinə kölgə salmadı. Hamıya asanca inanır beş dəqiqənin içində, alovlu bir çıxışa gözləri dolur, gələcək uğrunda keçmişdəki hər şeyi bağışlayır, amma çox vaxt da belə xarakterinə görə tələyə düşür. Onun uzun bir yolçuluğu var. Uzun və incə bir yolda, həbsə düşməsini onun ləngiməsi kimi dəyərləndirməyin. O, həbsxanada oturduqca daha uzun yol qət elədi. Çünki daha çox adamı tanıdı, ətrafındaki səslərin cinsini ayırdı.

Ilham Əliyev hamı kimi onu da özünə düşmən bilir. Çünki “Əl-Cəzirə”yə verdiyi müsahibədən bir gün sonra Əvəz məhz belə yazmışdı: “Çox böyük rəzalət”. Ilham Əliyev böyük bir kompleks yaşayır, düşünür ki, hamı onu qəbul etməlidir, özü də zorla. Onu havayı, birbaşa, səmimi qəbul edənlər varmı-yoxmu, deyə bilmərəm. Hətta mənə elə gəlir ki, belələri olsa da Ilham Əliyev doymaz. Çünki o, insanları əzməkdən zövq alır. Düşünür ki, onları satın almaqla, sındırmaqla sevgi qazanmalıdır. Insanlar onu sevməməlidirlər, məhz ondan qorxduqları üçün sevdiklərini deməlidirlər. Belə bir düşüncə ilə yaşayan diktatora çox zəif göründüyünü demək onun dünyasını uçurmaq, planlarının altına bomba yerləşdirmək kimidir. Ilham Əliyev özünü hər kəsə sübut etdiyi, etdirdiyi yolla Əvəzə göstərmək istədi, amma alınmadı. Ramil Usubovla görüşdən də yaxşı çıxdı. Əsas məsələ bu idi, məncə. Türmə isə bu gün var, sabah yoxdur. Əsas məsələ türmədə olmaq, ya da olmamaq deyil, başlıca olan türməyə girməkdən qorxmamaqdır. Bir də türmədən çıxandan sonra qorxmamaq.

Əvəz Zeynallıya “Kimə işləyirsən?” dediyim vaxtlar da olub. Gülə-gülə “sizə” cavabı verirdi. Amma bütün zamanlarda şahidi olduğum odur ki, Əvəz Sözü sözsüz müdafiə edib. Onun arxasında durmağa çalışıb. Azərbaycan elə qərib ölkədir ki, nəyinsə arxasında duranda ön cəbhəyə düşürsən. Yəni xalqla repressiyanın arasına.

Yaxşı oldu ki, onu tutdular. Və məşhurlaşdırmırlar. Içəridə məşhurlaşmağa cəhd etmir Əvəz. Belələrindən gözümüz qorxmasa da, artıq ehtiyatımızı əldən verməməliyik. Əvəzdən “qəhrəman” düzəltmək istəmirlər. Istəsələr də alınmaz. Mənim tanıdığım qədər onun materialı belə əl fiqurları düzəltmək üçün elastik və plastik deyil. Quru yer onu daha da bərkidəcək, buna əminəm. Sən çıx türmədən, yenə başını sal aşağı, böyük ideyaların arxasınca tələsmədən get. Böyük gələcək mütləq bizimlə olacaq. Biz özümüz başqa yollara düşməsək. Yolun və yolçuluğun qutlu olsun!

http://azadliq.az/index.php?option=com_content&view=article&id=15795:vzi-yax-tutublar&catid=304:seymur-hziyev&Itemid=41

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button