İstəyirəm o hədiyyəni Əvəz Zeynallıya verməyim…

20.04.2012

Şahvələd Çobanoğlu

Mətbuatda Əvəz Zeynallı ongünlüyü keçirilir. Əslində, məntiqə uyğun deyil, çünki artıq mətbuatda Əvəz Zeynallı ili başlayıb. Çünki hələ aylar öncə şərlənib, həbs edilib, istintaqlıq bir şey olmasa da, uzun müddətdir istintaq altındadır və bütün çağırışlara baxmayaraq, hakimiyyət onu həbsdən azad etmək istəmir. Lakin biz ongünlüklər və digər aksiyalarla çalışırıq ki, bu olay Əvəz Zeynallı illərinə çevrilməsin. O, tez azad edilsin.

Mən Əvəz bəyin özü barədə ayrıca yazmaq istəmirəm. Elə çıxar ki, biz onu müsbət keyfiyyətlərinə, xoş münasibətimizə, yaxud həmkarımız olduğuna görə müdafiə edirik. Çox istərdim ki, Azərbaycanda düşüncə dəyişsin. Hamı bilsin ki, biz insanları haqsız tutulduğuna, haqsızlıqla üzləşdiyinə görə müdafiə edirik. Elə Əvəz Zeynallı barədə də bunu qəbul etməliyik. O, heç bir günahı olmadan və yalnız jurnalist fəaliyyətinə görə həbs edilib.

Bir xarici diplomat bizə sual verdi ki, o, tirajı böyük olmayan bir qəzetin redaktorunun niyə həbs edildiyini o qədər yaxşı anlamır, bunu ona necə izah edə bilərik?  Istəyirəm bu sualın cavabını hamı bilsin. Əvəz bəyin təsisçisi və baş redaktoru olduğu “Xural” qəzeti uzun müddət həftəlik çıxıb. Amma qəzet birdən-birə gündəlik nəşr olunmağa başladı. Qəzetdə tənqidi yazıların sayı da artmışdı. Çünki ölkədəki problemləri və mənfilikləri tənqid etməyən gündəlik qəzet həqiqətdən uzaq sayılır, qəbul edilmir, oxunmur. Həqiqəti yazmayan qəzet kimə lazımdır? Həftəlik nəşrlərdə bu məsələ çox da aktual olmaya bilər. Amma gündəlik qəzet bu məsələdə sağa-sola yayına bilmir.

Gündəlik nəşr olunan “Xural” qəzeti də daha sərt tənqidə yol verirdi. Əvəz Zeynallı da ölkə başçısını sərt tənqid edən yazılarla çıxış edirdi. Qəzetin də tirajı artır, populyarlığı böyüyürdü. Hakimiyyətdə qorxuya düşdülər. Buna qədər də çox sayda məhkəmə cərimələri və təzyiqlərlə üzləşən “Xural” haqda münasibət qəti oldu. Onu dayandırmaq üçün hərəkətə keçdilər.

Əvəz bəy həbs edildi. Redaksiya ofisindən çıxarıldı. Mətbəələri qəzetin nəşrindən imtinaya məcbur etdilər. Qəzet fəaliyyətini dayandırdı. Bundan sonra yalançı ittihamlar düzəltməyə nə var. Istintaq da, məhkəmə də bir əldə cəmləşib, istədikləri qərarı verib, gerçəkləşdirirlər. Əvəz bəy də indi siyasi məhbus kimi həyatını davam etdirir. Çünki hakimiyyətin siyasi maraqlarına görə həbs edilib, elədiyi əmələ görə yox. Biz də Əvəz bəyin tezliklə azad olunmasını istəyirik.

Yeri gəlmişkən, mən bir hədiyyə barədə danışmaq istəyirəm. Əvəz Zeynallı həbs edildikdən sonra onunla bağlı keçirilən tədbirlərin birinə gedərkən ona bir hədiyyə götürmüşdüm. Həmin gün məhbus jurnalistin 42 yaşı tamam olurdu. Çəkicə, həcmcə, səhifə sayına görə balaca bir kitabdır. Lakin məzmunca və tarixi yerinə görə çox böyük kitabdır.

Bu kitabı dahilər həyəcanla oxuyur. Məşhur filosof Karl Yaspers onun haqda belə deyib: “Bu kitab insan yaradıcılığının az sayda olan böyük nümunələrindən biridir”.

Bu, Viktor Franklın “Həyata ”bəli” deməli: psixoloq konslagerdə” kitabıdır. Məsələ ondadır ki, əsəri konslagerdə məhbus həyatı yaşayan məşhur müəllif yazıb.

Ad günündə mən bu qiymətli kitabı Əvəz Zeynallıya hədiyyə yollamaq üçün götürmüşdüm. Amma yolda zəng gəldi və dostumun xəstə uşağını həkimə aparmaq gərəyi yarandığı üçün tədbirə getmədim və kitab hələ də məndədir. Mən artıq istəmirəm, o kitabı Əvəz bəyə yollayım. Istəyirəm ki, tezliklə azadlığa çıxsın və mən ona tamam başqa bir kitab hədiyyə edim.

“Azadlıq” qəzeti

http://azadliq.az/index.php?option=com_content&view=article&id=15879:styirm-o-hdiyyni-vz-zeynallya-vermyim&catid=32:ahvld-cobanolu&Itemid=41

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button