Hamının bildiyi bir şər haqqında

19.04.2012

Natiq Güləhmədoğlu

“Azadlıq” qəzetinin yağmalanan ofisi Xaqani 33-ün qəribə bir cəhəti var idi. Özünü milli demokratik düşərgədən sayan istənilən adam “Azadlıq” qədər özünü o ünvanın sahibi, yiyəsi sayırdı.

Məsələn, bir dəfə dəqiq yadımdadır ki, Seymur Baycan “Gündəlik Azərbaycan”dakı köşəsində AXCP-ni, “Azadlıq” qəzetini yerdən-yerə vuran köşə yazmışdı. Bu elə köşə idi ki, adətən, o tip materiallar haqqında deyirlər: “bir batman balla yeyiləsi deyil”. Məqalə Xaqani 33-də müzakirə olunduğu vaxt Seymur Baycan oranın proletariat yeməkxanasında peyda oldu, bir qayğanaq sifariş verib, gülə-gülə yeyib çıxıb getdi. Xaqani 33 üçün bu, olduqca adi hadisə idi. Orda heç kim özünü qonaq kimi hiss etməzdi. “Xaqani 33″-ün kiçik modeli kimi nədənsə mən ”Xural” qəzetini düşünmüşəm. Baş redaktoru min bir bəhanə ilə şərlənərək zindana atılan “Xural”ı… Əvəz Zeynallı kimin bəyənib-bəyənməməsindən asılı olmayaraq, əvəzsiz, orijinal bir nəşr yaratmışdı. Özümlə bağlı bir faktı deyim. Kənddə qoyun otaran vaxtlarım idi, bir gün gördüm ki, Əvəz abi televiziyada qılıncını çəkib müxalifətin sağına da döşəyir, soluna da. Mən hiddətləndim. Bir vərəq götürüb Əvəzə şəxsi məktub yazdım. Bütün isti başla yazılan məktublar kimi mənim yazdığımda da doza bol idi. Təkcə bir şeyi deyim ki, məktub belə başlayırdı: “Əvəz bəy, adam kişi olar”… Məktubu artıq unutduğum günlərdən biri idi, Bakıdan dostlarımdan kimsə zəng etdi ki “Xural”da məqalən çıxıb. Nəəə? Qəzeti tapdım, bəli, Əvəz onu acı sözlərlə tənqid etdiyim məktubu, özü də şəxsi məktubu nöqtə-vergülünə toxunmadan çap etmişdi. Belə bir adamdır, həbsə salınan Əvəz Zeynallı. Qəzetindən küsən, öz qəzetində hansısa yazısı verilməyən jurnalistlər “Xural”ın qapısını döyərdi. Onun qəzetində, illah da son illər, hansısa mövzuya tabu olduğunu xatırlamıram. Buna görə də bəzən qəzet oxucunu nokaut vəziyyətinə salırdı. Məsələn, bir də görürdün ki, X kəndindən bir ziyalının Ilham Əliyevi mədh edən qoşma, gəraylı 5-ci səhifədə gedib, 6-cı səhifədə isə başqa biri Ilham Əliyevə “nə yemisən, turşulu aş” janrında bir köşə həsr edib. Əvəz Zeynallının həbsdə necə saxlanıldığını heç cürə təsəvvür eləyə bilmirəm. O cür işgüzar, qaynar təbiətli insanı güllələmək daha humanist hərəkət olardı, nəinki yalandan günü-gündən həbs müddətini uzatmaq. Əvəz Zeynallı bu ölkədə “Sevgililər günü” yaratmaq üçün səy göstərən və bu təşəbbüsünü əhəmiyyətli dərəcədə ictimailəşdirən sevgi dolu bir adamdır. Ancaq ona imkan vermədilər. Ölkəmiz üçün qiymətli işlər görmək potensialında olan insanı faydalı iş əmsalı və fərdi keyfiyyətləri aşağı olan varlıqların hesabına şərləyib həbsə saldılar. Əvəzin son yazıları internetdə durur. Oxusanız, görəcəksiniz ki, o adam Ilham Əliyevi dilemma qarşısında qoyub, onu ya öldürməliydilər, ya da satın almalıydılar. Bazarlıq alınmadığından onu həbsə atmaqla susdurmaq yolunu seçdilər. Çünki gündəlik nəşrə keçməklə Ə.Zeynallı tənqidçi mediaya ikinci nəfəslik açmışdı. Üstəlik, onun dəli-dolu yazarlarla dil tapmaq bacarığı şans yaradırdı ki, yeniləşən “Xural” şərə qarşı mübarizədə əhəmiyyətli səngərə çevrilsin. Əvəzin yeri bayırda boş qalıb, ancaq qəti surətdə inanıram ki, o, içəridə boş qalmayacaq. Mən səbirsizliklə onun məhkəməsini gözləyirəm. Sizi əmin edirəm; onun məhkəməsi “Xural”ın bütün külliyyatından da ağır formada bu hakimiyyətə zərbə olacaq. Əvəzi mühakimə edəcək prokuror və hakimin acısını indidən bölüşürəm. Sizin üçün çətin olacaq. Çox çətin…

“Azadlıq” qəzeti

http://azadliq.az/index.php?option=com_content&view=article&id=15841:hamnn-bildiyi-bir-r-haqqnda&catid=306:natiq-guelhmdolu&Itemid=41

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button