Azadlıq Əvəzin haqqıdır

21.04.2012

Qənimət Zahid

5-6 ay idi ki, Azərbaycanda deyildim. Oralarda hətta belə bir fikir də gündəmə girməyə başlamışdı ki, “bu da belə getdi”. Bu ifadə hələ tünlüklərdə söylənib kütləviləşməyə macal tapmamış Əvəz Zeynallıya zəng etdim: “3 saaat yarımdan sonra aeroporta gəl, məni evə apar”.

Bakıya gecə düşəcəkdim, ona görə, “kimə ərk edim” – deyə bir az xəyal etmişdim. Əvəzi seçdim. Niyə Əvəzi seçdiyim müzakirə mövzusu deyil. O, mənim seçdiklərimin arasındadır, o qədər. Onu özümə bir çox dəyərlərinə görə yaxın adam sayıram. Təbii, bir çox ölçülər də var ki, paralel deyilik. Dünyanın bütün adamları kimi. Görünür, bizi bir-birimizlə yaxın edən dəyərlərdən daha birini artırmaq qayğısına qalaraq, onu da şərləyib tutdular. Əvəz artıq şərlənib həbs olunmaq həddinə gəlib çatmışdı. Adamı nəyə görə tutmasınlar ki?

Ölkənin inzibati piramidasının lap yuxarlarını hədəf alan yazılar yazırdı.

Həmin “lap yuxarılar” deyilən yerlərdən gələn siqnalları qulaqardına vururdu.

Öz azadlığını hissə-hissə, parça-parça təsəvvür eləmək istəmirdi.

Hərdən mənim də üzərimə gəlirdi, doğrusu. Mən tənqidə rahat yanaşan adamam. Nə isə eləyirsənsə və ya eləmirsənsə, tənqid üçün yer var, deməkdir. Hətta hərdən içimdə sinirləndiyim zamanlar da olub. “Bu adam məndən nə isteyir” deyə düşünmüşəm. Amma üz-üzə gələndə heç nə olmamış kimi çay içmişik, çörək yemişik. Nə altını vurmuşam, nə də üstünü. Ona görə yox ki, yazdıqları ilə razılaşmışam, məni tənqid elədiyi məqamların əksini isbat edəcək arqumentim olmayıb. Yox, sadəcə düşünmüşəm ki, onun söz azadlığı üçün hesablanmış əzmi və inadkarlığı mənim kimi dostların iradları ilə məhdudlaşa bilər. “Qoy, məhdudlaşmasın”, – deye düşünmüşəm.
Azadlıqları məhdudlaşdırmaq insanları sıxışdırmağın içindən keçir.

Əvəz Zeynallı azadlıqları hüdudsuz dərk edən adamdır. Belə adamlar şərlənməlidi, həbsə getməlidi, cəmiyyətdən təcrid olunmalıdır. Axı, Azərbaycan cəmiyyəti hələ azadlıqları yetərincə dərk etməyən bir toplumdur. Bu toplum azadlığı padşahın sədəqəsi, ianəsi kimi qəbul edir və Əvəz Zeynallı kimi adamlar toplum üçün yaramaz avtoritarizmin heç nəzərdə tutmadığı yanlış örnəkləri yaradır.

Onunla saatlarca danışarsan,ÿyorulmazsan, çünki bu saatların əksər hissəsini özü danışar. Amma nəhəng bir dinləmək qabiliyyəti də var. Indi orada, həbsxanada da elədir, şübhəsiz. Danışar və dinləyər. Bir dustağa bundan artıq nə gərəkdir ki? Danışmağa sözün, dinləməyə səbrin varsa, dustaq həyatını nağıl kimi başa vurdun, deməkdir.
Mən bizim media təsərrüfatında bəzi tərəddüdləri də gördüm. “Bizim media” deyərkən, sadəcə, müxalifətyönlü qəzetçiləri nəzərdə tutmuram. Ümumiyyətlə! Allah da, yerdəkilər də bilir ki, Azərbaycan mətbuatının insanları ilə onların siyasi baxışlarına görə ünsiyyət qurmuram. Hər kəslə açıq, dostyana münasibətlərdəyəm. Yaxşı ki, Əvəzin şərlənməsi faktına münasibətdə içindən tərəddüd keçirən olmadı, hər kəs bildi və qəbul etdi ki, adamı şərləyiblər, vəssalam.

Mən “tərəddüd” deyərkən hansısa qara mətbəxlərdən gələn örtülü soraqların basqısından əndişələnənləri nəzərdə tuturam. Bu qorxulara ehtiyac yoxdur. Insanlar, zatən, qorxa-qorxa əlçim-əlçim, parça-tikə olurlar. Dağınıq adamlarla çox qabağa getmək olmaz. Adam kimi geri getmək də olmaz ki, adına hərəkət deyilsin. Dağınıq və qorxaq adamlar yerində saymağı tərcih edərlər və bu, insanı cansız predmetə çevirən bir şeydir.

Əvəzi şərləyərək tutdular. Adamı başqa cür tuta bilməyəndə elə bu cür davranırlar – Şərlə, böhtanla.

Azərbaycan şərlənərək həbs edilən adam sarıdan qıtlıq çəkən ölkə deyil. Əvəz niyə bunlardan biri olmasın ki? O, kimisə şərləmədi ki, ona lənət oxuyaq və ya “cəhənnəm olsun” deyə doğmalarımızın sırasından çıxaraq. Onu şərlədilər. Azərbaycan rejiminin ona qədər və bundan sonra min cür hoqqalarla şərləyib həbsə soxacağı minlərlə insan Əvəzə niyə arxa durmasın ki? Ən azı, talelər də oxşar olur. Taleləri qardaşlaşan insanlar bir-biri ilə arxa-arxaya söykəməsə, bunun harası insan cəmiyyəti olur ki?
Kimsə düşünməsin ki, “onun hansısa keyfiyyətləri mənim xoşuma gəlmirdi” sözü – şərə düçar olmuş bir dünya sakininin arxasından qaçmaq üçün yetərli bəhanə ola bilər.ÿ
Əvəzi həqiqətləri yazdıöına və cəmiyyətə çatdırdığına görə şərləyib içəri atıblar, vəssalam.

Mən onun xətrini çox, lap çox istəyən bir adamam. Amma bunun da mətləbə dəxli yoxdur. Siyasi avtoritarizmin həyasız qəzəbinə tuş gəlmiş hər bir insanı müdafiə etmək avtoritarizmi içinə yerləşdirməyi bacarmayan, istəməyən, qəbul etməyən hər bir planet adamının borcudur.

O, azadlıqda olmalıdır. Azadlıq – Əvəzi şərləyənlərin yox, məhz Əvəzin haqqıdır.

“Azadlıq” qəzeti

http://azadliq.az/index.php?option=com_content&view=article&id=15940:azadlq-vzin-haqqdr&catid=31:qnimt-zahid&Itemid=41

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button