Əvəzolunmaz

24.04.2012 

Elxan Xanəlizadə

Dünyaya Azərbaycanda yox, hardasa, bizdən uzaq, azad, firavan bir ölkədə gəlsəydi, indi Əvəz Zeynallı şərlənib zindanda saxlanmazdı, hazırda azadlıqda – onun verdiyi hər cür sevinci ailəsiylə, dostlarıyla birgə yaşamış olardı. Yaşamalıdır da… Həyatın yora bilmədiyi Əvəzin Azərbaycan mətbuatına arzuladıqlarının cəmi 10 faizi reallaşsa, yəqin ölkədə qəzet oxumayan adam qalmaz. Hər müstəqil qəzetin öz çap imkanları da, yayım imkanları da olar. Qırx qəpiyə hər gün qəzet alan oxucu həm informasiya alar, həm də ay ərzində bir neçə kitab əldə etmiş olar. Əvəz bu işləri görməyə başladığı an durduruldu…

Təəssüf ki, ölkəmizdə insanların, ən çox da jurnalistlərin şərlənərək həbs edilməsi, öldürülməsi, döyülməsi artıq qədər-qismət halına gətirilib. İndiyədək tanıdığım ən dözümlü, güclü insanlardan biri olan Əvəz Zeynallı da hazırda həmin qədəri yaşamaqdadır. Bu rəzil vəziyyətin nə vaxta qədər davam edəcəyini bilən varmı?

Adətən rəhbərlər, “əvəzolunmaz şəxs yoxdur” deyirlər. Dediklərini də verdikləri qərarlarda açıq-aydın göstərirlər. Tutaq ki, “Xural” qəzeti olmasa keçinmək olar, gördüyü müsbət işləri də danmaq olar, amma şərlənərək həbsə atılan Əvəzin övladları üçün O, əvəzolunmazdır. Həbs edildiyi gündən bu günədək Əvəzi iki məktəbli qız uşağı üçün heç kim əvəz edə bilməyib. Bəlkə də, gün gələcək, onu şərləyəni də, şər üçün sifariş verənləri də, şərin quyusuna su tökənləri də Əvəz özü bağışlayacaq. (Çünki bu şərləmə də, həbsxana həyatı da, bu müddətdə baş verənlərin hamısı da Əvəz üçün yaxşı dərs oldu. Yəqin, Əvəz “Böyük Gələcəyə” gedən yolda özü üçün çoxlu kəşflər edə bildi.) Bəs atasız yaşamağa məhkum edilən günlərin əvəzini o qızların adından kim bağışladığını deyə biləcək? Kim, hansı üzlə “bu da bir qismət imiş, bağışlayın” deyə, aylardır ataları günahsız yerə saxlanılan qızlardan üzr istəyəcək? Əvəzi şərləyənlərmi, yoxsa, sifariş verənlərmi? Bu pis tamaşaya bir son verilmənin zamanı çatıb.

 Əvəz Zeynallıya AZADLIQ!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button