Rafiq Tağının ailə üzvləri prezidentə müraciət etdilər
23.06.2013
Mərhum yazıçı-publisist Rafiq Tağının ailə üzvləri prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, Rafiq Tağının öldürülməsindən 2 ilə yaxın keçməsinə baxmayaraq qətli araşdırmağa borclu olan istintaq orqanı faktiki olaraq heç bir səmərəli addım atmayıb, nəticədə xüsusilə ağır cinayətin üstü açılmayıb: “Baş Prokurorluq bu cinayətin üstünün açılmasında maraqlı deyil. Dəfələrlə şikayət və vəsatətlər versək də, heç bir səmərəsi olmayıb, hətta məhkəmələr də şikayətlərimizi icraata qəbul etməkdən imtina edib”.
APA-nın məlumatına görə, Müraciət müəllifləri yazıçının ölümünün araşdırılmasına göstəriş verilməsini və istintaqın diqqətdə saxlanılmasını xahiş edirlər.
Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.