“Çevrəmizdəki adamlardan bəzilərinin bu həbsdə rolu olub”

img146971116.07.2013

“Əvəz bəy həbs olunanda mətbuatdan çox böyük təpki gözləyirdim. Təəssüf ki, bunun tam əksi oldu”

“Prokuror Əvəz bəyə hökm oxuduğu gün Gülər Əhmədova həbs edildi və həbsxanaya – Əvəzin yanına gətirildi”

“Yeni Müsavat” həbsdə olan tanınmışların, siyasi və vicdan məhbuslarının vaxtaşırı ailələrini ziyarət edir, reportaj hazırlayır. Növbəti baş  çəkdiyimiz ünvan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının evi oldu. Xatırladaq ki, Ə.Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. Bakı Apelyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Hazırda Əvəz Zeynallı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. 
 
***
Həbsdəki baş redaktorun ailəsi Günəşli qəsəbəsində yaşayır. Ə.Zeynallının xanımı Məlahət Zeynallı ilə söhbətə başlayırıq.
“Vaxtilə bizə yaxın insanlar, Əvəz bəyin həbsindən sonra gözlədiyimiz mövqedə olmadılar…” 
Məlahət xanım söhbətə bəzi umu-küsülərlə başlayır. Deyir ki, mətbuatdan gözlənilən dəstəyi görmədi: “Əvəz bəy həbs olunanda yaşadığımız hisslər artıq keçmişdə qaldı. Əvəz bəy həbs olunanda mətbuatdan çox böyük təpki gözləyirdim. Təəssüf ki, bunun tam əksi oldu. Əlbəttə ki, gözləntimiz maddi baxımından deyildi. Əvəz bəy həbs olunanda demişdim ki, “Əvəz bəyin müdafiəsi, həm də azad, müstəqil mətbuatın müdafiəsidir… ” Mən bu gün də sözlərimin üstündə dayanıram. Dediklərimin kimin necə qiymətləndirməsindən asılı olmayaraq, bu gün də hesab edirəm ki, Əvəz bəyin həbsi ilə “Xural” qəzetinin susdurulması müstəqil mətbuata çox böyük zərbə vurdu. Bizim nə dərəcə müstəqil olduğumuzu mətbuatda olan hər kəs, hətta ölkənin mətbuat siyasətini idarə edən məmurlar da hamıdan yaxşı bilirdilər. “Xural” qəzeti gündəlik nəşrə başlamışdı və sürətlə ictimai rəyə öz təsirini göstərirdi. Görünür müstəqil mətbuat yüksək səlahiyyətli məmurların maraqlarına zidd idi. Nə qədər ki, “Xural” həftəlik nəşr olunurdu, ona “təhlükə” mənbəyi kimi baxmırdılar, lakin gündəliyə keçən kimi onun susdurulması qərarı verildi və Əvəz bəy həbs olundu. Sözün düzü, biz elə düşünürdük ki, özünü müstəqil mətbuatın nümayəndəsi hesab edən hər bir kəs, “Xural”ın, Əvəz Zeynallının müdafiəsinə qalxacaq. Amma gözləntilərimizlə üzləşmədik. Elə insanlar var idi ki, “Xural”ın redaksiyasında müsadirə aparılanda biz onları yanımızda gördük, yəni dost olaraq bizə mənəvi dəstək verdilər. Sonradan onların aralarında elə adamlar da oldu ki, onların bu həbsdə rolu olduqlarını öyrəndik. Bilirsinizmi, bu, nə qədər ağır zərbə idi? Əvəz bəyin həbsi mənə o qədər təsir etmədi. Mən uzun illərdir ki, Azərbaycan mətbuatında çalışıram. Ola bilsin ki, Əvəz bəy həbs olunandan sonra mətbuatın yazdıqlarından onun xəbəri olmasın, amma mən azadlıqda idim və müstəqil hesab etdiyim qəzetlərin apardığı siyasətin şahidi oldum. Sanki onlar da Əvəz Zeynallıya qarşı aparılan qara piarı davam etdirməyə başladılar. Hə, o zaman gözləntilərim böyük idi, amma indi heç kəsdən heç nə gözləmirəm. Dostlar sağ olsunlar. Heç bir təmənna ummadan, minnət etmədən bu gün də Əvəz Zeynallının müdafiəsini ən yüksək səviyyədə təşkil edirlər. Ən böyük dəstək də elə budur – təmənnasız dəstək. Onlar Əvəz bəyin timsalında, bir daha təkrar edirəm, müstəqil mətbuatı müdafiə edirlər. Müstəqil mətbuat isə dövlətimizin möhkəmlənməsi üçün ən vacib amillərdəndir.
Həyatım boyu bu insanların etdikləri yaxşılıqları nə mən, nə də Əvəz bəy unutmayacağıq. Biz o insanlardan yerdən-göyə qədər razıyıq və onlara öz təşəkkürümüzü bildiririk.
“Əvəz Zeynallıya görə qohumlarını işdən çıxartdılar”
Məlahət xanım deyir ki, Ə.Zeynallı həbs olunmamışdan bir həftə əvvəl 11 il polis orqanlarında çalışan qardaşı dərhal işdən azad olundu: “Hətta Gəncə Şəhər Polis İdarəsinin o vaxtkı rəisi Rasim Musayev “qarnizon”un qarşısında demişdi ki, “qardaşı hakimiyyətin əleyhinə yazı yazdığı üçün ona bizim aramızda yeri yoxdur”. Həmin günün səhəri R.Musayev Əvəz bəyin dayısı oğlunu da işdən azad etdi. Halbuki bu adamlar uzun illər polis orqanlarında nümunəvi çalışdıqları üçün dəfələrlə müxtəlif mükafatlar alıblar. Dayısı oğlu yeni ailə qurub. Gənc ailənin başçısını işdən çıxarmaq nə deməkdir? O zaman üzrxahlıq etdim ki, ilin-günün bu vaxtı iş sənə daha çox lazımdır. O da “Məlahət xanım, o nə deməkdir, bizim başımız Əvəzə qurban!” dedi. Biz Əvəz bəyin qohumlarından çox böyük dəstək aldıq. Hətta anası bir dəfə müsahibəsində demişdi ki, “Əvəzin ayaq qoyduğu yerə, hamı başını qoymağa hazırdır”. Bir sözlə, onu hamı sevir və çox hörmət edirlər. Bu, Əvəz bəyin yaşadığı həyata da bağlıdır. O hər zaman ləyaqətli və şərəfli ömür sürüb və mükafatı da bu insanların sevgisidir. Biz hər zaman dövlətimizi, millətimizi sevən insanlar olmuşuq. İndi də belədir. Əvəz Zeynallı vətənpərvər insandır. Türkiyədə Ankara Dövlət Universitetinin hüququ fakültəsində oxuyanda öz vəsaiti hesabına “Böyük Gələcək” dərgisini nəşr etdirirdi. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni əsirgəmədi. “Xural” qəzetini təsis edəndən dərhal sonra “30 İyun- Sevgililər Günü” və “15 Aprel – Qadına sədaqət günü” bayramlarının ideya müəllifi kimi çıxış etdi. O, peşəkar jurnalist, hüquqşünas olaraq, bütün zamanlarda Azərbaycanın dövlətçiliyi naminə fəaliyyət göstərib. Şəxsi keyfiyyətlərinə gəlincə, Əvəz bəy çox gözəl insandır. Bunu tək mən yox, dostları, tanışları da təsdiqləyə bilərlər.
 
– Əvəz bəylə görüşə  bilirsinizmi? 
– 2013-cü ilin martın 12-də məhkəmə hökmü oxundu, aprelin 12-də də Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxladı. Cəmi iki gün sonra, aprelin 14-də Əvəz bəyi 10-cu kalona köçürdülər. Heç birimizin bundan xəbəri olmadı. Təcridxanada maneəsiz, tez-tez görüşmək imkanımız olurdu. Acaq kalonda görüş bir qayda olaraq ayda iki dəfədir. Həftədə iki dəfə telefonla zəngə icazə verilir. Hazırda Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti vermişik.
 
– Məlahət xanım, Əvəz bəyin həbsini gözləyirdinizmi?
 Bəli, gözləyirdim. Əslində gözləmək ayrı bir şeydir, hadisənin baş verməsi ayrı bir şey. Bilirdim ki, “Xural” qəzeti çox məmurların maraqlarına zidd yazılar yazır. Biz heç vaxt normal həyat yaşamamışıq. İstirahətə getmişik, oradakı vəziyyəti görüb, yazmışıq. Sonradan bu adamlar bir mərkəzdən idarə olunurlarmış kimi “Xural”dan Mətbuat Şurasına şikayət etdilər. Onlar da aramadan, araşdırmadan qəzeti öz “qara siyahı”larına saldılar. Həqiqətləri görürük və yazırıq. Yazmayaq? Jurnalistin işi yazmaqdır. Mətbuat Şurasının işi isə onun hüquqlarını müdafiə etməkdir. Əgər bir qurum ki, məmurların maraqlarını müdafiə edir, onu necə mətbu qurum adlandırmaq olar?
Hərdən bir Əvəz bəy zarafatyana deyirdi ki, mən həbs olunsam, neyləyəcik? Olacaq vəziyyətlərə  görə, ehtiyat variantlar deyirdi. Mən də heç vaxt bunları  ciddi qəbul etməmişəm. Çünki mənim təsəvvürümdə qanunlara tabe olan, əməlində cinayət predmeti olmayan insanı həbs etmək olmaz. Bizim çəkdiyimiz əziyyətlərin sonunda mükafat gözlədiyimiz zaman Əvəz bəy həbs olundu.
Onun həbsini çoxları absurd hesab edirlər. Həqiqətən də absurd bir hadisədir. Onu bu qədər tələm-tələsik, korrupsioner kimi həbs etmək, biabırçı tərzdə bir deputatdan istifadə edərək, onun şər və böhtanı ilə həbs etdirmək yuxuda da ağlımıza gəlməzdi. İndi o zaman çəkdiyimiz videolara baxıram, inanın bütün başımıza gətirilənlər bir dedektiv filmini xatırladır. Yəni hadisələrin ana xəttini yazıçı Çingiz Abdullayevə təqdim etsək yaxşı bir dedektiv əsər yaradar. Bu gün də anlamaq çox çətindir – Əvəz Zeynallı məgər bu qədər təhlükəli idi ki, onun həbsi üçün belə oyun quruldu?”
 
“Əvəz bəyə haqsızlıq edən Gülər Əhmədova indi özü həbsdədir” 
Əvəz bəyin nəyin üstündə həbs olunduğunu hamı bilir. Allah çox böyükdür və hər şeyi öz yerinə qoyur. Hər şey, heç bir il tamam olmadan, öz yerini tapdı. Əvəz bəy 2011-ci ilin oktyabrın 28-də korrupsiya maddəsilə həbs olunmuşdu, 2012-ci il sentyabrın 28-də Gülər Əhmədovanın korrupsiya əməlləri bütün dünyada faş oldu. Onun özünün cinayət əməllərinin üstü açıldı. 2012-ci il iyulun 2-də Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinə – Əvəz bəyin üzünə dayanmağa gəlmişdi. Özü də tək yox, 30 nəfərə yaxın adamıyla. Məhkəmədə konsert düzənlədilər, çıxarmadıqları oyun qalmadı. Rəfiqəsi Sevinc Babayeva qeyri-etik ifadələrlə oradakı insanları, Əvəz bəyi təhqir etdi. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva məcbur olub zalı boşaltdırdı. Yenidən həmin insanlar zala doluşdular. Məhkəmə düşündüyümüzdən də biabırçı tərzdə keçdi. Təsəvvür edin, Gülər barəsində nə isə deyəndə, Əvəz bəy mənə həmişə deyirdi ki, “ona Gülər xanım deyə müraciət et, çünki o həm də deputatdır, millət vəkilidir”. Əvəz bəy uzun müddət Türkiyədə təhsil aldığından Azərbaycanda da ictimai məsələləri çox vaxt avropasayağı qəbul edir. Mən isə Azərbaycanda yaşadığım üçün, belə “ictimai xadimləri” daha yaxşı tanıyıram. Həmin Gülər Əvəz Zeynallının məhkəməsində əlindəki veyrlə onun üzərinə hücum etdi. Bax, budur onun kimi “ictimai xadimlər”in əsl siması”.
Məlahət xanım bildirir ki, Ə.Zeynallı rəsmən şokda idi: “Həmin gün Gülər Əhmədova efirdə görünən, Milli Məclisdə samballı ifadələr işlətməyə çalışan, bizim redaksiyamıza gələrkən Əvəz bəylə “bacı” kimi davranan adam deyildi. Gülər əli ilə dəmir barmaqlıları işarə edərək Əvəz bəyə bir neçə dəfə, “sənin yerin oradır” dedi. Əvəz o zaman, yəni iyulun 2-də bütün bu olaylar baş verməzdən bir neçə ay əvvəl ona dedi ki, “sən bura gələcəksən, Gülər Əhmədova. Sən də bu qəfəsin arxasına gələcəksən”. Məhkəmədə tam biabırçı bir səhnə yaranmışdı. Əvəz bəy Gülər Əhmədovaya dəfələrlə sual verdi ki, “əlini vicdanının üstünə qoy və de – mən səndən pul istəmişəm?” O da “hə, istəmisən” dedi. Allah bu yalanının mükafatını verdi. Heç 40 gün keçmədi ki, avqustun sonlarında Gülər Əhmədovanın “mandat alveri” serialı yayımlandı. Əvəz bəyə prokuror iş oxuyan gün isə o, həbs olundu və Əvəz bəyin yanına – Bakı İstintaq Təcridxanasına aparıldı. Mən son illərdə Əvəz bəylə bir yerdə işləmişəm. Ona görə də əminliklə deyirəm, əgər həqiqətən də Əvəz bəy bu qadından rüşvət istəmişdisə, o zaman niyə əməliyyat qurub, pulu təqdim edən zaman onu həbs etmədilər? Bir deputatın şərinə əl atmalı oldular. Bu, adi məntiqdir. Əvəz bəy millətini, xalqını sevən bir insandır. Bəli, tənqid edib, ancaq təhqir etməyib. Heç kəsi qurşaqdan aşağı vurmayıb. Mətbuatda olmuşuq, əlimizdə bir qəzetimiz olub. Bəzən elə hallar olurdu ki, insanlar yaxınlaşıb bizə deyirdilər ki, məsələn, qəzetdə çıxacaq bu mövzu mənim ailəmə zərər yetirə bilər. Əvəz bəy üçün də ailə çox müqəddəsdir, həmin adamları dinləyib, yazını dərc etməyib. Hər zaman mətbu qaydaları gözləyib. Ona görə hərdən düşünürəm ki, belə bir insanı yalnız şərlə həbs etmək olardı. Elə də etdilər.
 
– Əvəz bəyə məhkəmədə 9 il hökmü oxunanda bunu necə qarşıladınız? 
 
– Mən məhkəmə zalında özüməməxsus tərzdə etiraz aksiyası keçirdim. Hökm oxunan zaman ayağa qalxmadım. Mən o məhkəmənin qarşısında ayağa qalxaram ki, orada qanunlar və ədalət olsun. Hökm oxunan zal elə idi ki, Əvəz bəyin olduğu qəfəslə mənim əyləşdiyim stul yan-yana idi. Hərdən dəstək üçün bir-birimizin əlindən də tutduq. Əvəz bəy mənə “Heç olmasa sən qanuna hörmət et və ayağa qalx” dedi, ancaq mən qalxmadım. Zaldakı dostlarımız, həmkarlarımız bizi əhatəyə aldılar. Başımı qaldıranda onların dəstəyini hiss etdim. 9 il. Adam bilmir gülsün, ya ağlasın. Nəyə görə. Hansı cinayətə görə?”
Məlahət xanım deyir ki, 6 ay ilkin istintaq, 11 ay məhkəmə istintaqı aparıldı, heç bir ittiham öz təsdiqini tapmadı: “Sifarişli adamlar tapdılar, onlar da nəyə imza atmışdılar, onu tutuquşu kimi təkrarlayıb getdilər. Məhkəmə prosesində Əvəz bəy hakimə “Ramella xanım, bu qədər ziddiyyəti nədən görməzdən gəlirsiniz?” deyirdi. O da “biz onların hamısını müşavirə otağında nəzərə alacağıq” desə də, istintaqın təqdim etdiyi rəyin nöqtə-vergülünə toxunmadan hökmə daxil etdi və sonda bütün ittihamların sübut olunduğunu dedi. Bu qədər ədalətsizlik olmaz axı?”
 
Həbsdəki baş redaktor xanımı sözlərinə  bu cür davam edir: “Nə mövhumatçıyam, nə də dindar. Sadəcə fikirləşirəm ki, insanlar bu qədər ədalətsizlik edirlərsə, mütləq cəzalarını alacaqlar. Həyat bumeranqdır. Necə atırsansa, eləcə də sənin özünə qayıdır. Biz müstəqil mətbuat olaraq fəaliyyət göstərmişik. Hesab edirəm ki, təməli, bünövrəsi möhkəm bir dövlət quruculuğu istəyiriksə, onun yolu mütləq müstəqil mətbuatın inkişafından keçir. Sifarişli mətbuat heç bir halda inkişaf edə bilməz. Bu, boy problemi olan bir insanı zorla dartıb uzatmaq kimi bir şeydir”.
– Əvəz bəydən əfv əzizəsi yazmağı xahiş ediblərmi? 
– Xeyr, belə bir şey heç olmayıb. Amma vəkillər müxtəlif vaxtlarda Əvəz bəyə təklif ediblər ki, əfv ərizəsi yazsın. Əvəz bəy də imtina etməyib, amma əfv ərizəsinin yazılma formasını hələ də tapa bilmirlər. Milli Mətbuat Günü yaxınlaşır, çox ümidliyik ki, bəlkə prezident onunla bağlı müsbət bir qərar verər.
– Jurnalist təşkilatlarından kimlər Əvəz bəyin müdafiəsi ilə məşğuldur? 
– İlk gündən Əvəz Zeynallının hüquqlarının müdafiəsilə Emin Hüseynovun timsalında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və Rəşid Hacılı başda olmaqla Media Hüquqları Evi mütəmadi olaraq məşğul olur. Hüquq müdafiəçilərinə nə zaman müraciət etmişik, hər zaman dəstək veriblər. Leyla Yunus, İntiqam Əliyev, Novella Cəfəroğlu və başqaları əllərindən gələni əsirgəməyiblər. Beynəlxalq Təşkilatlardan “Amnesty İntenational” Əvəz bəyi “vicdan məhbusu” elan edib. Bir neçə beynəlxalq jurnalist və insan haqlarının müdafiə təşkilatlarının keçən il Alyansı yaradıldı. Onlar da dəfələrlə Əvəz Zeynallı ilə bağlı bəyanatlar veriblər.
Daha sonra Əvəz bəyin bacısı Maral xanım qardaşı haqqına qısa olaraq öz fikirlərini bizimlə bölüşdü:
Əvəzlə məxsusi bacı-qardaş münasibətlərimiz var. O, hər zaman mənə böyük bacı olaraq hörmət edib, heç bir zaman bir sözümü iki eləməyib. Əvəzin həbsi məni doğurdan da sarsıtdı. 19 aydır Əvəz həbsdədir, mənə elə gəlir ki, mən də həbsdəyəm. Elə bil azadlıqda gəzən mənim cismimdir, ruhum orada, onun yanındadır.
Bu sözlərdən sonra Maral xanım kövrəlir. Ona bir az təskinlik verəndən sonra söhbətimizə davam etdik. Maral xanım bir azərbaycanlı kimi, bir “Xural” oxucusu kimi qardaşı Əvəz bəyin həbsi ilə qürur duyduğunu bildirdi: “Mən bu dövrü qürurla, başı uca, alnı açıq yola verdim.”
– Qardaşınızın günahsız yerə həbs olunmasına görə bu hakimiyyətə nə demək istərdiniz, bu hakimiyyətdən nəyi gözləyirsiniz? 
– Mən hakimiyyətdən ədalət gözləyirəm. Bu hakimiyyət də, prezident də Əvəzin günahsız olduğunu bilir, ümid edirəm ki, dövlət başçısı qardaşım Əvəzi əfv edəcək.
Nərgiz YAQUBLU



http://musavat.com/news/m%C3%BCsahib%C9%99/%C3%87evr%C9%99mizd%C9%99ki-adamlardan-b%C9%99zil%C9%99rinin-bu-h%C9%99bsd%C9%99-rolu-olub_157523.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button