İlyas İsmayılov: “Əvəz Zeynallının təqsirli olması şübhə doğurur, ona tətbiq edilmiş cəza da həddən artıq ağır və qəddardır”

ilyas_yeni_1(1)

07.04.2014

İlyas İsmayılov Əvəz Zeynallının məsələsini prezident qarşısında qaldırdı

İlyas İsmayılov: “Əvəz Zeynallının təqsirli bilindiyi cinayət əməllərini həqiqətən onun törətməsi kifayət qədər mübahisəlidir…”

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident İlham Əliyevə həbsdə olan jurnalist Əvəz Zeynallı ilə bağlı müraciət edib. Partiyanın mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, müraciətdə deyilir:

 Möhtərəm prezident!

Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2013-cü il hökmü ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2006-2011-ci illər ərzində vəzifəli şəxs kimi hədə-qorxu tətbiq edərək, səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, təkrarən külli miqdarda rüşvət istəməkdə və almaqda, məhkəmə qətnamələrini və qərarlarını icra etməməkdə, eləcə də 2008-2009-cu illər ərzində xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il fevral ayının 27-də yaxınlarının xahişi ilə məhkumu cəzaçəkmə müəssisəsində dinlədikdən və barəsindəki məhkəmə hökmünü öyrəndikdən sonra belə nəticəyə gəldim ki, Əvəz Zeynallının təqsirli bilindiyi cinayət əməllərini həqiqətən onun törətməsi kifayət qədər mübahisəlidir. Eyni zamanda qeyd edilməlidir ki, Əvəz Zeynallı istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülən ittihamlarda göstərilmiş cinayət əməllərini törətməkdə təqsirli bilməyib.

Onun məhkəmə hökmünə əsasən təqsirli bilindiyi külli miqdarda rüşvət alması və ona rüşvət verilməsinə dair vədi qəbul etməsi barədə ittihamlar yalnız ayrı-ayrı şəxslərin şahid ifadələri və birmənalı başa düşülməsi mümkün olmayan audio yazıları, mobil telefonlar vasitəsi ilə göndərilmiş SMS mətnləri üzərində qurulub. Mötəbərliliyi şübhə doğuran bu kimi ziddiyyətli və işin faktiki hallarına uyğunluğu məhkəmə istintaqı zamanı təkzibedilməz sübut növləri ilə təsdiqini tapmayan dəlillər vətəndaşı ağır cinayətə görə təqsirli bilib məhkum etmək üçün kifayət qədər əsas sayıla bilməz.

Onu da qeyd etmək lazımdır ki, Əvəz Zeynallının rüşvət alması heç bir halda onun bu əməli törədərkən tutulması və sənədləşdirilməsi yolu ilə sübuta yetirilməyib, cinayət törədilməsi yalnız ibtidai istintaq orqanının ehtimalları və şahid ifadələrinə əsasən sübuta yetirilmiş hesab olunub.

Bütün bunları nəzərə alanda Əvəz Zeynallının təqsirli olması şübhə doğurur, bununla yanaşı onun barəsində məhkəmənin hökmü ilə tətbiq edilmiş cəza da həddən artıq ağır və qəddardır. Belə ki, məhkəmə Əvəz Zeynallıya cəza təyin edərkən onun himayəsində iki nəfər azyaşlı övladının (11 və 13 yaşlı qız uşaqlarının), qoca anasının olmasını və onun məsuliyyətini yüngülləşdirən digər halları nəzərə almayıb.

Möhtərəm prezident! Müraciətimdə göstərdiyim əsasları, eləcə də təyin edilmiş cəzanın 2 il 5 aydan artıq olan hissəsini indiyədək çəkdiyini (məhkəmənin hökmünə əsasən onun cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2011-ci il tarixdən hesablanıb) nəzərə alaraq özünüzə məxsus insanpərvərlik, yüksək humanistlik keyfiyyətlərinizi, mərhəmətinizi bir daha göstərməyinizi və məhkum Zeynalov Əvəz Tofiq oğlunun əfv olunmaqla məhkəmə hökmü ilə ona təyin edilmiş cəzanın qalan hissəsini çəkməkdən azad edilməsi məsələsinə baxılması barədə müvafiq tapşırıqlar verməyinizi xahiş edirəm.”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button