Milli Şura məhbus jurnalistlə bağlı bəyanat qəbul etdi

Rauf Mirqədirovg23.07.2014

Respublika Baş prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan jurnalist Rauf Mirqədirov haqqında yaydığı növbəti açıqlama ilə bağlı Demokratik Qüvvələrin Milli Şurası bəyanat qəbul edib.

Bəyanatda deyilir; “Azərbaycan respublikası Baş prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına istinadən “Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Rauf Mirqədirov haqqında yaydığı “ifşaedici” açıqlama təəssüf və gülüş doğurur. Azərbaycan hakimiyyəti qondarma ittihamlarla şərləyib həbsə atdığı Rauf Mirqədirovun əməlində cinayət tərkibi tapa bilmədiyindən onun haqqında vaxtaşırı olaraq ictimai inamsızlıq yaratmağa yönələn əsassız məlumatlar yayır. Bu məlumatlar həbsdə olan jurnalistin təqsirsizlik prezumpsiyası ilə yanaşı onun digər hüquqlarını pozur, istintaqın gedişinə azərbaycansayağı istiqamət verir və gələcəkdə məhkəmənin çıxaracağı sifarişli qərara indidən “hüquqi baza” yaradır. Müvafiq orqanların birgə məlumatında qeyd edilir ki, guya jurnalist Rauf Mirqədirov ölkədəki ictimai-siyasi vəziyyət, sənaye, enerji, hərbi-texniki sahələrlə bağlı informasiyalar, hərbi hissələrin, aerodromların və digər mühüm dövlət əhəmiyyətli obyektlərin yerləşmə sxemi və fotoşəkillərindən ibarət dövlət və hərbi sirr təşkil edən materialları düşmən tərəfə ötürmüşdür. Bu orqanlar unudurlar ki, indi nə Birinci, nə İkinci dünya müharibələri dövrü deyildir və onların sadaladıqları “dövlət sirlərinin” hamısı açıq informasiyalardır və müxtəlif internet saytlarında vardır. Ona görə qeyd etməliyik ki, XXI əsrdəAzərbaycan təhlükəsizlik və prokurorluq orqanlarının açıqladığı “Samvel” əməliyyatı, vaxtilə şanlı “NKVD” komissarı Lavrenti Beriyanın “xalq düşmənlərinə” qarşı hazırladığı əməliyyatlara çox bənzəyir. Kadr seçimində ciddi noqsanlara yol verilmiş və peşəkarlıq keyfiyyətlərinin itirildiyi təhlükəsizlik və prokurorluq orqanlarının belə gülünc vəziyyətə düşməsindən biz təəssüf hissi keçiririk.

Demokratik Qüvvələrin Milli Şurası Baş prokurorluğun və MTN- nin yaydığı birgə açıqlama ilə bağlı Rauf Mirqədirovun vəkillərinin verdiyi tutarlı, arqumentli hüquqi cavabları təqdir etməklə yanaşı, bəyan edir ki, məlum açıqlama Azərbaycan hüquq-mühafizə və təhlükəsizlik orqanlarının Ermənistan tərəfi ilə sıx əməkdaşlıq vəziyyətində olduğunu göstərir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq torpaqlarımızın 20%- ni işğal etmiş düşmən bir ölkənin kəşfiyyat orqanlarına istinad edən Azərbaycan hakimiyyəti öz vətəndaşlarına, ictimai xadimlərə divan tutur. Onları müxtəlif absurd “vətənə xəyanət” ittihamı ilə şərləyir və həbsə atır, cəmiyyətdən təcrid edib onlar haqqında qorxunc xəyanatkar obrazı yaratmağa çalışır. Yeri gəlmişkən əvvəllər də Azərbaycan təhlükəsizlik və prokurorluq orqanları bu üsuldan istifadə edərək Azərbaycan vətəndaşlarına qarşı gözdən salma kampaniyaları aparmış və bu zəmində həbslər həyata keçirmişdir. Milli Şura Ermənistan təhlükəsizlik orqanlarını etibarlı mənbə hesab edərək öz vətəndaşını vətənə xəyanətdə ittiham edən Azərbaycan hakimiyyətinin bu addımını qətiyyətlə pisləyir, Rauf Mirqədirov başda olmaqla bütün siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button