Məhbəsdan məktublar

imagesSeyid Hüseyn                                                                      

                                                               Dustaq yatıbdır

I hissə

Əsmə, badi-səba, sus, ey qaranlıq,

Görür anasını, dustaq yatıbdır.

Yuxuda ağlayır, gülür bir anlıq

Solmuş dodaqları bala batıbdır.

***

Ana nəvazişlə öpür oğlunu,

Ağarmış başına sığal da çəkir.

“Oğlum evlənmədin, görüm toyunu”

Adlar sadalayır, gəlin də seçir.

***

Nişan paltarını köhnə sandıqda,

O çoxdan gizlədir, qatda kəsibdir.

Çıxarır qulaqdan, naxışlı sırğa

O nişan alıbdır, qız da seçibdir.

***

“Oğlum, evimizin damı köhnəlib,

Su damır mənzilə, palaz islanır,

Qonşu öz damını çoxdan dəyişib,

His tutub bacanı, soba da yanmır.

***

Oğlum, mən bu soyuq, nəmli otaqda,

Yolunu gözlədim şam işığında,

Divarlar danışmır, dinmir ocaq da,

Sən çox dəcəl idin, körpə vaxtında.

***

Bağçanı bürüyüb alaq otları,

Əyilə bilmirəm, qalxa bilmirəm,

Taxtadan qurduğun hasar çürüyüb,

Mənə bəs etməyir, təqaüd azdır.

***

Oğlum, ağlamaqdan gözüm tor görür,

Yalqız dolaşıram, əlimdə əsa

Daha qızlar məni əvvəltək öpmür,

Qız səbri daşıbdır, dolubdur kəsa.

***

Çox tez-tez soruşur molla halımı,

Toyuq-cücəmizə gözü düşübdür.

Mən hərdən geyirəm təzə şalımı,

Kişisiz qadınam, sözüm düşübdü.

***

Səni dostlarından xəbər alıram,

Təsəlli, bir ümid eşitmək üçün.

“İçməyin arağı, mən yalvarıram,

Deyirlər, qurtarmır, eldə toy-düyün.”

***

Qonşumuz həyətdə mağar qurubdu,

Sonuncu oğluna o toy eylədi.

Subay qız-oğlanlar düzən qurmuşdu,

Hamı rəqs edirdi, deyib-gülürdü.

***

Onların içində gözlərim səni,

Axtardı ümidsiz, tapa bilmədi.

Süzülüb gözümdən, axdı kədərim,

Dostların üzümə baxa bilmədi.

***

De, çoxmu incidir səni “paqonlar”,

Hər dəfə gələndə yalvardım, getdim.

Mənim libasıma baxırdı onlar,

Gözləri üstümdə, söz aldım, getdim.

***

Səni ürəyimdə daşıyıram mən,

Oğlumsan, arxamsan, dirəyim sənsən.

Kim üz döndərsə də, yanındayam mən,

Yaxşınla, pisinlə doğurmuşam mən.

***

Ürəyim danışır, hər səhər-axşam,

Elə bil özünsən,  tək qalmamışam.

Dolanır, mənimlə səsin, nəfəsin,

Aldığım nəfəsi yarı bölmüşəm.

***

Dişini-dişinə sıxıb, səbr elə,

Dilə tut, dustağı şirin söz ilə.

Bilki, gözləyirəm səni həsrətlə,

Mənim tabutumu kim qaldıracaq?

Üstümə döşənib, kim ağlayacaq?

***

Əsmə, ey badi-səba, sus ey qaranlıq,

Görür röyasında anasın, dustaq.

Yuxuda ağlayır, uşaqtək gülür,

Solğun dodaqları balla süzülür.

II hissə

Əsmə, ey badi-səba, sus ey qaranlıq,

Görür röyasında atasın, dustaq.

Yuxuda ağlayır, uşaqtək gülür,

Solğun dodaqları balla süzülür.

***

Atası alıbdır, onu qoluna,

Dəmir qollarıyla möhkəmcə sıxır,

Ona başa salır, haqqın yolunu,

Ötürür köksünü, hüzur diləyir.

***

Bağladı qoluna, öz saatını:

“Sən uşaq deyilsən, daha kişisən.

Oğlum, əzizləmə dünya malını,

Çox olar qazancın, çox itirərsən.”

***

Böyüyüb, sən oxu, elin içində,

Hamının yanında üzüm ağ olsun.

Ev tik, özün üçün, damın altında,

Gəlinim sevinsin, nəvəm doğulsun.

***

Oxu, oğlum, böyü, ucal zirvəyə,

Zəmanə özgədir, dövran özgədir.

Oxu ki, övladın görsün nümunə,

Arxa ol, dayaq ol, öz ailənə.”

***

Qocaldı, gözləri qalıb yollarda,

İnandı gələcək, bir gün qapını,

Özü açıb, özü evə girəcək,

Xəstə vücuduna  məlhəm qoyacaq.

 ***

Ölmək istəyirdi, oğlu yanında,

Başının üstündə, qolu boynunda.

Açdı gözlərini, görmədi onu,

Ağlayan gözünü əbədi yumdu.

***

Kasıbın yanına gələn az olur,

Dərdə şərik çıxıb, sızlayan olmur.

Süfrəyə düzməyə nemət də qoymur,

Molla da həvəssiz gəlib, məclisə…

***

Eşidib, xəbəri dustaq da dözmür,

Hələ baş tutmayan arzularıtək,

Atalı-analı günləri sönür,

Alıb qollarına ağır başını, düşünür,

Düşünür, tapmır bir çarə.

***

Dustaq yoldaşlığı, dərd qardaşlığı,

Söz-sözə çəkirdi, dərd danışırdı.

Açıb ürəkləri, açıq süfrətək,

Bir-bir dustaqlar da söz danışırdı:

***

“Ani səbirsizlik, səhv ucbatından,

Başlandı, bitmədi, “laqer” həyatım.

Qaranlıq dünyadan necə çıxım mən,

Vardı “avtoritet”, var idi adım?!”

***

Dustağı sevmişdim, doğmalarımtək,

Taleyin dərdinə-qəminə şərik.

O gündən, balacan, sevinmir ürək,

Dünyaya bəlayla şərik gəlmişik.

***

“Deyirdi, nəhayət, can öz sözünü,

Gecələr gəlirdi, ağrılar dilə.

Çox  gəzib, dolaşdım Sibir düzünü,

O zaman cavandım, gənc idim hələ…

***

Son qoydu ağrıma nəşəylə, tiryək,

Ləngərli halımdan mən ayılmadım.

Çökdü imperiya, evə dönərək,

Evləndim ananla, mən arvad aldım.

***

İlk-əvvəl karıxdım, kasıb dolandıq,

Anan cavan idi, sevirdi məni,

Dözdük səfalətə biz ayrılmadıq,

Ömrümün sonunda, var etdi məni.

***

… Göz yumdu həyata, sakit, səssiscə,

Möhkəmcə sıxırdı, oğlun əlini.

Şərəf cəncavəri, söndü beləcə,

Bir hasar qoruyur, indi qəbrini.

***

Ata fərağıyla sarsılan, oğul,

Gecələr sübhətək, göz yaşı tökdü.

Qurudu fikirdən həm solu, sağı,

Dərdi dərd içində qübar eylədi.

III hissə

Əsmə, ey badi-səba, sus ey qaranlıq,

Görür röyasında atasın, dustaq.

Yuxuda ağlayır, uşaqtək gülür,

Solğun dodaqları balla süzülür.

***

Mehriban sevgili, durub sahildə,

Uzaqdan sevincək, ona əl edir.

Məcnuntək dalğalar cumur sahilə,

Gülür, salamlayır, qoluna girir.

***

Beləcə gəzdilər, bütün gecəni,

Baxırdı həsrətlə ulduzlar göydən.

Əl gəlmir dərməyə, tər bənövşəni,

Söz salan olmadı eşqdən-sevgidən.

***

Birgə oxudular, təhsil aldılar,

Baxan “əhsən” deyib, həsəd çəkirdi.

Sevgi limanında lövbər saldılar,

Əlləri titrəyir, dodaq əsirdi.

***

Qərq edib, cavanı dadlı öpüşə,

Gəlirdi görüşə, gecə gizlicə.

Həyətin sonunda sevgili guşə,

Ürək pərvazlanır, dadırdı nəşə.

***

Necə xoşbəxt idi, yar qucağında,

Dağılır üzünə siyah telləri.

Duyurdu ətrini meh yarpağın da,

Necə gözəl idi, təzəydi, tərdi.

***

Oynayıb, gülürdü, gecə üzünü,

Dərdləri bölürlər, doğmalar kimi.

Qız da incələyib, hər bir sözünü,

Ayın işığında sevgilisini,

Oxşayıb, sevirdi, doydum demədən.

Od tutub yanırdı, o mərmər bədən.

Arabir duruxub, fikrə dalırdı,

Deyirdi, xoşbəxtəm sənlə birlikdə.

***

Günlərin birində amansız qəza,

Aldı sevgisini, nakam apardı.

İtirib özünü, batmışdı yasa,

Çöküb qəbri üstə o ağlayırdı.

***

Sönmüşdü ümidi, dərsi buraxdı,

Əzablı ağrını unutmaq üçün.

Tez-tez baş çəkirdi səcdəgahına,

Yanına çiçəklər, güllər əkmişdi.

***

Hər gecə bol-bol araq içirdi,

Arağın təsiri cana işlədi.

Amma sürünsə də o yaşayırdı,

Əlləşib, vuruşur  dolanmaq üçün.

***

Bir gün yubanmışdı, o iş yerinə,

Puldan harınlayan, sahibkar cavan,

Ağır söyüşlərə qərq etdi onu,

Atanın sözləri yadına düşdü.

***

Özü bəla axtaran, bəlaya salar,

Aydın gündüzləri, zülmətləndirər.

Səbrini bassa da, o əl çəkmədi,

Öldürdü harını, zindana düşdü.

***

Dəyişdi taleyi, zindan həyatı,

Burda bir başqadır, yağan yağış da.

İnsantək saymırlar, burda İnsanı,

Haqqını ədalət, yeyib, sussa da…

***

Yaşayır burda da ayrı zənginlər…

Yaşayır, padşahtək, olsa da zindan,

Kasıb güzəranı qəmli bayatı,

Fərq etmir hardadır, eyni güzəran.

***

Bəlalar düzülüb, bəla dalınca,

Dinir cəsarətlə, deyir sözünü.

Ona valeh olub cavan, qoca da,

Artan haqsızlığa yummur gözünü.

***

Əsmə, ey badi-səba, sus ey qaranlıq,

Görür sevgisini, dustaq yatıbdır.

Yuxuda ağlayır, susur bir anlıq,

Solmuş dodaqları bala batıbdır.

IV hissə

Əsmə, ey badi-səba, sus ey qaranlıq,

Görür röyasında anasın, dustaq.

Yuxuda ağlayır, uşaqtək gülür,

Solğun dodaqları balla süzülür.

***

Keçirdi beləcə məhkum həyatı,

İllər bir-birini əvəz edirdi.

İnsan unutmayır qan yaddaşını,

Mərhum atasıtək seçdi-seçildi.

***

Gərilmiş əsəbi tarıma çəkən,

Dustağın həyatı heç həyat deyil.

Zülməti, zilləti görmək istəsən,

Canı usandıran qaranlıq deyil.

***

Nümunə gərəkdir, bu cavan nəslə,

Haram çörək tapıb, tez sevinməsin.

Batmasın nur kimi əlləri qana,

Verməsin gül kimi illəri bada.

***

Tərk edib getməsin o bu ölkədən,

Vətəndir, Vətənə oğul gərəkdir.

Aslanı məhv edib, çaqqala verməsin meydan,

Hökm ilə, taleyə yazmasın zindan.

***

Görür, qalxıb dizə, üfunət çirkab,

Alçalan ruhu da usyan etməyir.

Haqsızdan törənən, artan iztirab,

Gələcək günlərə guman eyləmir.

09.01.2014

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

***

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button