Məni öldürsəniz də, haqqımı kimsəyə yedirmərəm

3319.03.2015 

Abdulla Abdullayev: “Bir şərəfsiz sifariş verib, torbamı tikiblər”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “AMAY” Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İfadəsinə davamı olduğunu bildirən Abdulla Abdullayev ittihamlarla razılaşmadığını, ona qarşı saxtakarlıq olduğunu bildirib. Abdulla Abdullayev çıxışında vurğuladı ki, dövlət başçısına onunla bağlı yalan məlumat verilib: “Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu ölkədə özbaşınalıqla məşğuldur. Bir daha deyirəm, bu cinayət işi əsassızdır. Məni qanunsuz həbs ediblər. Penitensiar Xidmətin müəssisələrinə bu qədər adamları doldurublar, guya onları tərbiyələndirmək istəyirlər. Halbuki içib divar dibində yatanlar indi vəzifə başında oturublar. Mən nə içki düşkünü olmuşam, nə də əxlaqsızlıq eləmişəm. Tabeçiliyimdə işləyən qadınlara belə, güldən ağır söz deyilməsinə imkan verməmişəm. Mənim kimi adamları içəri atıb tərbiyə olunmağa göndərirlər. O qədər tərbiyə olunası adamlar var ki… İki il əvvəl ödənilmiş kreditə görə də cinayət işi başlayarlar? 15 hektar ərazisi olan o boyda “Garadag Sement” zavoduna 1 milyon qiymət qoyublar. Belə şey olar? Halbuki o zavodda təkcə elə sement üyüdən maşının qiyməti 1 milyon 100 min avrodur. Məntiqlə fikirləşəndə bütün bunların bir cavabı var – özbaşınalıq. İttihamı veriblər, sübutları yoxdur.

Əslində, bu işdə nələr baş verdiyini hamı bilir. Bir şərəfsiz sifariş verib, torbamı tikiblər. Ölkə rəhbərliyini aldadırlar. Amma bir gün bu rəhbər hər şeydən xəbər tutacaq. Gec-tez dövlət başçısı həqiqəti biləcək.

Mən o adam deyiləm ki, mənə məxsus olanları kimsə mənimsəsin. Bəlkə başqaları buna göz yumar, amma mən göz yuman deyiləm. Mənə 10 il, 20 il iş versələr də, ömürlük həbs cəzası alsam belə, yenə də haqqım üçün davamı aparacam və haqqımı alacam. Mən bunlardan əl çəkən deyiləm və haqqımı almamış sakitləşmərəm. Bunun qarşısını almağın bir yolu var – gərək içəridə məni öldürtdürsünlər.

Mənim barəmdə həbs-qətimkan tədbirinin müddəti ayın 3-də axşam bitib. Mən qanuna hörmət eləyən adamam. Mən heç vaxt “yeməyi isti yeməmişəm ki, ağzım da yansın”. Həbsimin müddəti bitdiyinə görə mən ayın 4-ü saat 12-yə qədər buraxılmalıydım. Həmin gün axşam saat 18.00-da təcridxanaya həbsimin uzadılması barədə qərar gəldi. Hə mənim, nə də vəkilimin iştirakı olmadan məhkəmə keçirib müddəti uzadıblar. Bu qərara etirazımı bildirirəm”.

Xatırladaq ki, bu iş üzrə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Dünənki iclasda təqsirləndirilən şəxslərdən Mehman Məmmədxanlı dindirildi. O, “AMAY” Açıq Səhmdar Cəmiyyəti direktorunun köməkçisi, sonra direktor olub. Mehman Məmmədxanlıya qarşı irəli sürülmüş ittihamın mahiyyəti budur ki, o, “Texnikabank”dan “AMAY” üçün kredit götürmək məqsədilə saxta firmaların yaradılması və bankdan pulun götürülməsində iştirak edib. Məmmədxanov bildirdi ki, “AMAY”ın havalandırma sisteminin quraşdırılması, kosmetik təmiri üçün vəsait lazım idi. “Texnikabank”ın o zamankı rəhbəri Etibar Əliyev də kredit ayırmağa razılıq vermişdi: “Girov olaraq, “AMAY”ın Hobel prospektində yerləşən, ümumi sahəsi təxminən 22 min kvadrat metr olan binasını qoymaq istəyirdik. Dedilər ki, bir dənə bu böyük binadansa, onu hissələrə bölün, müxtəlif firmaların adlarına rəsmiləşdirin, bu şəkildə həll edək. Təxminən 3000 kvadrat metri elə “Texnikabank”ın üç işçisinin adına rəsmiləşdirdik. Amma üç nəfərdən sonra dedilər ki, öz işçilərinizin adına eləyin. Ona görə qalanları da “AMAY”ın öz işçilərinin adına yaradıldı. O adamlar hər dəfə banka gedib-gəlməsin deyə, mənə notarial qaydada baş etibarnamə verdilər. Mən də həmin etibarnamə əsasında kredit müqavilələrinə qol çəkmişəm. Mənə dələduzluq ittihamı veriblər, halbuki bir manat da pul yeməmişəm. Bu kişi tərəfindən (Abdulla Abdullayevi nəzərdə tutur- Red.) mənə verilən əməkhaqqı bəsim idi. Kredit ayrılandan sonra da adamlar pulları “Texnikabank”dan götürüb gətirib “AMAY”ın kassasına köçürdülər ki, təmir işlərinə sərf olunsun. Etibar Əliyevlə əvvəlcədən danışıq olmuşdu ki, götürülən kredit “AMAY”a sərf olunacaq. Burada gizli bir şey yox idi ki… Özləri dedilər, firma yaradın, biz də yaratdıq, on gündən sonra kredit verdilərsə, buna görə bank özü məsuliyyət daşıyır. Həm də ki, o kredit ödənilib… Bütün işlərə də birbaşa “Texnikabank”ın sədri Etibar Əliyev nəzarət edib. Tez-tez özü “AMAY”ın binasına gəlir və işləri monitorinq edirdi. Şəxsən mən gəzdirirdim Etibar Əliyevi.”

Mehman Məmmədxanlı dindirilərkən Abdulla Abdullayevin belə bir replikası oldu: “Onda dövlət durmuşdu başımızın üstündə ki, tez olun, tikib qurtarın…”

Digər təqsirləndirilən Vidadi Qurbanov da dünənki məhkəmə iclasında dindirildi. O, “AMAY”ın baş mühasibi olub. Vidadi Qurbanov da irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədi: “Mən talama, dələduzluq, ümumiyyətlə, şəxsiyyətimə yaraşmayan işlərlə məşğul olmamışam. İstintaqda müstəntiqin qarşısına qoydum bütün sənədləri, soruşdum ki, mənim nə təqsirim var? Əllərini qaldırdı. Mənim ailəm var. Məni niyə rəzil eləyirsiz? Hiyə yazmısız bu ittihamları?”

Qeyd edək ki, ittiham aktına əsasən, A.Abdullayev və digər təqsirləndirilən şəxslər Nəzərov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna mütəşəkkil cinayətkar dəstə şəklində dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilirlər. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Abdulla Abdullayevin növbəti prosesi martın 30-na, saat 10.00-a təxirə salındı. Hakim Əfqan Hacıyev prosesi sürətləndirəcəyinin anonsunu verdi və ayın 30-dan sonrakı günlərdə prosesin həftədə ən azı 4 dəfə olacağını və 4 gün – günün birinci yarısında işə baxılacağını söylədi. Görünür ki, hakimiyyət orqanları işi sürətləndirməyə və apar-topar yekunlaşdırmağa qərar veriblər. Abdulla Abdullayevin sərt ritorikası iqtidar səlahiyyətlilərini qorxuya salıb deyəsən.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button