Bəraət almasam, ürəyim partlayar!

abdulla 130.03.2015

“Qurddan qorxan quzu kimi müstəntiqin qarşısında titrəyiblər”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XuralTAC-ın prosesdə iştirak edən əməkdaşı xəbər verir ki, məhkəmənin bügünkü iclasında təqsirlndirilən şəxslər ifadə veriblər. İfadələrdən əvvəl Abdulla Abdullayev ötən prosesdə dindirilən təqsirləndirilən şəxslərin fikirlərinə münasibət bildirib və daha sonra qeyd edərək deyib ki, bu adamların heç bir günahı yoxdur. “Mənim həbsim sifarişlidir, bu adamların isə heç bir günahı yoxdur. Onlara mənim həmsimə zəmin yaratmaq üçün ittiham irəli sürülüb” – deyə A.Abdullayev bildirib.

 “Qurddan qorxan quzu kimi müstəntiqin qarşısında titrəyiblər”

 Daha sonra “Birlikbank”ın sabiq sədr müavini Heydər Hüseynov ifadə verib.  O bildirib ki, Abdulla Abdullayev bankda Müşahidə Şurasının sədri olub və bankın idarə heyətinin qərarlarına aidiyyatı olmayıb və ondan heç bir tapşırıq almayıblar. H.Hüseynovun istintaqa ifadəsi ilə ziddiyyət yarandığından ona suallar verilib. Belə ki, H.Hüseynov istintaqa ifadəsində A.Abdullayevin tapşırığı ilə hərəkət etdiklərini bildirib. H.Hüseynov istintaqa verdiyi ifadələri xatırlamadığını deyib. Hakim isə bildirib ki, təcrübəli auditorun istintaqa ifadəsini xatırlamaması inandırıcı deyil. “Siz həmin ifadənizin altına imza etmisiniz. Hər atdığımız imza isə daş altında yatan ilandır. Nə vaxt o daşı qaldırsan, həmin ilan səni çalacaq. Ona görə də hamımız imzamıza hörmət etməliyik” – hakim bildirib.

Abdulla Abdullayev isə bildirib ki, Heydər Hüseynov qorxusundan istintaqa elə ifadə verib: “Qurddan qorxan quzu kimi müstəntiqin qarşısında titrəyiblər.” Prokuror A.Abdullayevin bu sözlərindən sonra maraqlı replika verib və “amma titrəyənə heç oxşamırlar, titrəsəydilər, burada da titrəyərdilər” deyib. A.Abdullayev replikaya belə cavab verib: “Burada qurd yoxdur axı!”

“Bəraət almasam, ürəyim partlayar”

Daha sonra prosesdə gözlənilmədən fasilə elan edilib. Prokuror sual verdiyi məqamda, onun sözünü ağzında qoyaraq Əfqan Hacıyev qəfildən ayağa qalxıb və 5 dəqiqə fasilə elan olunduğunu bildirib. 5 dəqiqəlik fasilə 1 saata qədər davam edib. Əvvəlcə hakimlərdən birinin – Rasim Sadıqovun xəstələndiyini desələr də, sonradan nəzarətçilərin öz aralarında danışıqlarından məlum oldu ki, hakimlər daha təcili olan başqa bir işi “yola veriblər.”

Fasilədə Abdulla Abdullayev Azərbaycanda qorxu mühitinin yarandığı haqda danışıb: “Azərbaycanda hamı qanun qarşısında cavadeh olmalı və qorxmalı olduğu halda, bu, belə deyil. Bir qorxu mühiti yaradıblar. Hakim prokurordan, prokuror hakimdən qorxur. Jurnalistlər həqiqəti yazıb mənim günümə düşməkdən qorxurlar. Mən üzümə duracaq üzəduranlardan qorxuram… Hamı qorxur. Mən isə mübarizə aparacağam və mütləq bəraət alacağam. Bərəat almasam, ürəyim partlayar…” – A.Abdullayev bildirib.

Fasilədən sonra Heydər Hüseynov vəkillərin suallarına cavab olaraq bildirib ki, A.Abdullayevə qarşı irəli sürülmüş ittihamlarda görütülmüş kreditlərin qaytarılmaması yer alsa da, iş adamının bu məsələ ilə əlaqəsi yoxdur. ““Sahibkarlığa Kömək Fondu”ndan ayrılmış pullar “Birlikbank” tərəfindən müxtəlif müəssisələrə kredit şəklində verilib. Bu kredit müqavilələri isə müştəlilərlə “Sahibkarlığa Kömək Fondu” arasında deyil, “Birlikbank”la müştəri arasında bağlanıb. Buna görə də, müştərinin “Sahibkarlığa Kömək Fondu” qarşısında heç bir məsuliyyəti yoxdur. “Birlikbank”ın ləğv edilməsindən sonra qalan borclarının ödənilməsi ilə bağlı məsuliyyət isə Ləğvetmə Komissiyasının üzərindədir və Abdulla Abdullayevin bu məsələ ilə də əlaqəsi yoxdur. “Sahibkarlığa Kömək Fondu”nun iddiası isə əsassızdır. Çünki banka olan borcların əvəzində məhkəmə qərarı ilə banka əmlaklar təqdim edilib. Əgər icra xidməti həmin əmlakı vaxtında sataraq pulu ödəməyiblərsə, bu məsələdə günahkar biz deyilik” – deyən H.Hüseynov əlavə edib ki, onun AMAY-la heç bir əlaqəsi olmayıb və ittihamda yer alan mütəşəkkil dəstə də mövcud deyil.

Daha sonra təqsirləndirilənlərdən İlyasova Nadejda İvanovnaya söz verilib. Tərcüməçi vasitəsilə ifadə verən Nadejda İlyasova istintaqa ifadəsini və digər təqsirləndirilən – mühasib Vidadi Qurbanovun verdiyi ifadədəki bütün fikirləri təsdiqlədiyini deyib.

Digər təqsirləndirilən AMAY-ın direktoru Elşən Novruzov ifadəsində bildirib ki, özünü təqsirli bilmir, ittiham aktının mahiyyəti ona aydın deyil və cinayət işini əsassız hesab edir. O bildirib ki, AMAY-ın bütün işləri müqavilə öhdəlikləri üzrədir və bu işə mülki qaydada baxılmalıdır. E.Novruzov gördükləri işləri müqavilə öhdəlikləri əsasında etdiklərini, bunun da mülki qaydada həll olunduğunu qeyd edib. O, “Texnikabank”dan götürülən kreditlərlə bağlı bildirib ki, ümumilikdə 50 milyona qədər kredit olub və bankdan təkilf ediblər ki, ayrı-ayrı hüquqi şəxslər adından hissə-hissə götürülsün. “Bunun müqabilində isə əmlaklar girov qoyulub. Həmin əmlaklar aşağı qiymətlə qiymətləndirilirdi. Biz isə AMAY-ın tikintisində vəsaitə ehtiyacımız olduğu üçün razılaşmağa məcbur idik. Həmin vəsaitlər də təmir-tikinti işlərinə sərf edilib. Bankın işçiləri də bizdən pulun hara sərf ediləcəyini soruşurdular. Bildirirdik ki, kreditin məqsədi tikinti aparmaqdır…”

Bu zaman Abdulla Abdullayev yerindən replika atdı: “Guya Etibar (“Texnikabank”ın Müşahidə Şurasının sədri) bilmirdi ki, o pullar hara sərf olunur? Onlar pulu elə ona görə verirdilər də! Hörmətli hakim, bu Elşən Novruzov mənim bacımın yoldaşıdır. AMAY rəsmən onun adına olsa da, faktiki sahibi mən olmuşam. Mən nə demişəmsə onu edib”.

 “Bir ağa vardı, o da mən mən idim”

Daha sonra prokurorun suallarına cavab verən E.Novruzov bildirib ki, o, iki dəfə istintaqa ifadə verib. Birində ümumiyyətlə vəkili olmayıb, ikincisində isə dövlət tərəfindən təyin edilmiş vəkil iştirak edib.

E.Novruzovun vəkili bildirib ki, firmaların kimin adından yaradılması ilə bağlı suallar absurddur. “Kimin yaratmasının nə fərqi var? Əsas odur ki, qanunvericilikdə nəzərdə tutulduğu qaydada yaradılıb və vergi orqanında  qeydiyyata alınıb. Kredit götürüb, girov kimi əmlak qoyub, ya borcunu qaytarıb, ya da əmlakı icraya yönəlib” – deyə vəkil bildirdi.

Abdulla Abdullayev bir daha vurğulayıb ki, digər təqsirləndirilənlər onun tapşırığına əsasən fəaliyyət göstəriblər. “Yəni bir ağa vardı, o da mən idim. Ağa nə deyibsə, o da olub. Banklarla müqavilələr müxtəlif firmalarla bağlanılıb və pullar da qaytarılıb. Qaytarılmaması ilə bağlı hansısa iddia varsa, bu da mülki məsələdir və cinayət işinə aidiyyatı ola bilməz.”

Elşən Novruzov vəkillərin suallarına cavab olaraq istintaqda prosessual pozuntularla üzləşdiyini bildirib. O qeyd edib ki, təqsirləndirilən şəxs qismində cəlb qərarı ona təqdim ediləndə, vəkillə təmin edilməyib, latın qrafikasını bilmədiyi halda, həmin qrafikada yazılmış məzmunu ona məlum olmayan sənədlərə imza atdırılıb və s.

Hakim cinayət işi materiallarındakı sənədləri ona göstərərək, öz xətti ilə bütün sənədlərlə tanış olduğunu, etirazının olmadığını öz imzası ilə təsdiq etdiyini bildirdi.

“Siz ibtidai istintaqa ifadənizdə özünüzü qismən təqsirli bildiyinizi demisiniz” – deyə hakim təqsirləndirilən şəxsə bildirib. Məhkəmə sabah – mart ayını 31-də, saat 10.00-da davam etdiriləcək.

Abdulla Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Abdulla Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İttihama əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, Abdulla Abdullayev vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.

Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslərdən yalnız Abdulla Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

İntiqam Adilxan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button