Mədrəsədə dağılan Alban məbədi-VİDEO+FOTOLAR
Bu günlər yolumuz Şamaxının Mədrəsə qəsəbəsinə düşdü.
Mədrəsə tarixi ənənələri zəngin olan kənddir. Kəndin mərkəzində əsası 1864-cü ildə albanlar tərəfindən qoyulmuş məbəd var.
XVIII əsrin sonları-XIX əsrin əvvəllərində İran və Türkiyədən Azərbaycana köçürülən ermənilərin bir dəstəsi o vaxt Şamaxıya gətirilib. Digər hissəsi də Mədrəsədə köç salıb. Vaxtilə alban məbədi olmuş bu tarixi abidə arxitektura baxımından da digər xristian-erməni və ya rus kilsələrindən kəskin fərqlənir.
Mədrəsədə azərbaycanlıların çoxluq təşkil etməsinə baxmayaraq, ermənilərin bu məbədə yiyələnməsinə və hətta məbədin müxtəlif yerlərinə oyma şəklində erməni naxışı və erməni əlifbası ilə tarix yazmasına kimsə mane olmayıb. Bəlkə də bu üzdəndir ki, ermənilərin buranı 27 il əvvəl tərk etməsinə baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu tarixi abidəyə “ölüm” hökmü verilib. Abidə nəinki təmir olunmur, burada məskunlaşan məhsəti türklərinin mal-qara tövləsinə çevrilməsinə də şərait yaradılıb. Abidənin müxtəlif yerlərindən boy atan ağaclar onsuz da dağılan divarları hər gün uçurur. Maraqlıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 saylı qərarı ilə təsdiq edilən “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında bu Alban məbədinin nə adı, nə də özü yer almayıb.
Uzun illərdir ki, istər mətbuatda, istərsə də Mədrəsə sakinləri tərəfindən Mədəniyyyət və Turizm Nazirliyinə yazılan şikayət məktublarında məbədin vəziyyəti ilə bağlı məlumat verilsə də, bu günə qədər bir nəfər də olsun nazirlik əməkdaşı qəsəbədə olmayıb və abidənin bugünkü durumu ilə maraqlanmayıb.
Unutmayaq ki, Alban məbədinin bugünkü vəziyyəti həm də bizim dövlət olaraq tariximizə yanaşmamızdır. Ona sahib çıxacağıqsa tarix və torpaq bizim, sahib çıxmayacağıqsa düşmənlərindir.
Xural.com