Vasif Talıbovun keçmiş köməkçisinə Bakıda vəzifə verildi
Milli Məclisin sabiq deputatı Anar Axundzadə yeni vəzifəyə təyin olunub.
Bu barədə sabiq deputatın özü azvision.az-a məlumat verib. O deyib ki, Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb:
“Bu gün yeni vəzifəyə təyin olunmağımla bağlı əmr verilib. Sabahdan işə başlayacağam”.
Strateq.az bildirir ki, 1972-ci ildə Naxçıvan şəhərində anadan olan Anar Axundzadə uzun illər həm də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun köməkçisi işləyib.
Belə ki, Anar Axundzadə 1995-cil ildə Naxçıvan Dövlət Universitetini bitirdikdən sonra əvvəlcə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında isə Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996-1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olan Anar Axundzadə xidmətdən qayıtdıqdan sonra – 1997-2000-ci illərdə yenidən Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib.
2000-ci il fevral ayında isə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən deputat seçilən Anar Axundzadə deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub.
1992-ci ildən Yeni Azərbaycan Partiyasının uzvüdür.