ABŞ mediası: “ABŞ kəşfiyyatı terrorla bağlı məlumatların yalnız bir hissəsini Moskvaya verib”

Yayımlandı: 28 Mart 2024 16:19

“The New York Times” yazır ki, səbəb informasiya mənbələrinin açıqlanması qorxusu olub

“The New York Times” yazır ki, ABŞ kəşfiyyat orqanları Moskvada terror hücumu təhlükəsi ilə bağlı əldə etdikləri məlumatların yalnız bir hissəsini Rusiyaya ötürüblər.

Nəşr qeyd edir ki, buna səbəb informasiya mənbələrinin açıqlanması qorxusu olub.

“Vaşinqton və Moskva arasında düşmənçilik münasibətləri Rusiya hakimiyyətinin kəşfiyyat mənbələri və ya metodları barədə məlumat ala biləcəyi qorxusu ilə ABŞ-a terrorçuların planı haqqında əlavə məlumat verməyə mane oldu”, – “The New York Times” yazır.

Nəşrin Amerika rəsmiləri arasında olan həmsöhbətləri bildiriblər ki, martın əvvəlində terror riski barədə məlumat aldıqdan sonra müvəqqəti məhdudiyyətlərə əl atıldığı təqdirdə bu faciənin qarşısını almaq olardı.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Kremlin bu barədə heç bir məlumatının olmadığını bildirib.

Eyni zamanda o, “The New York Times” nəşrinin materiallarına “böyük ehtiyatla” yanaşmağa çağırıb.

ABŞ-ın Rusiyadakı səfirliyi martın 7-də bildirib ki, ekstremistlər yaxın gələcəkdə Moskvada insanların sıx toplaşdığı yerlərə, o cümlədən konsertlərə hücum etməyi planlaşdırır.

Səfirlik vətəndaşlarını izdihamdan çəkinməyə çağırıb.

“Crocus City Hall”da baş verən terror hücumundan sonra Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov ABŞ kəşfiyyatının Rusiya tərəfini gözlənilən hücumla bağlı xəbərdar etdiyini etiraf edib, lakin bunun “ümumi xarakterli məlumat” olduğunu və o zaman “təsdiqlənmədiyini” deyib.

“Crocus City Hall”a hücumdan üç gün öncə Prezident Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin idarə heyətində deyib ki, terror hücumu ilə bağlı bəyanatlar açıq-aşkar şantaj və cəmiyyəti qorxutmaq, sabitliyi pozmaq məqsədi daşıyır.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall”da sovet və Rusiya rok qrupu “Piknik”in nəzərdə tutulan konsertindən öncə terror hücumu olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin martın 27-nə olan məlumatına görə, konsert salonuna hücum nəticəsində 143 nəfər həlak olub, 360 nəfər yaralanıb.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda, Rusiya hakimiyyəti terror aktının arxasında Ukraynanın olduğunu iddia edir.

Bu barədə Prezident Vladimir Putin, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov danışıblar.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya xüsusi xidmət orqanlarının terror aktının müxtəlif versiyaları üzərində işlədiyini bildirib.

Mətbuat katibi eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar terror hücumunun yeganə variantı İŞİD-in olmasına israr etməklə diqqəti nədənsə yayındırmağa çalışır.

ABŞ Kremlin Moskvadakı terrorla bağlı şərhlərini “çirkin kampaniya” adlandırıb.

Ukrayna terror aktında iştirakını inkar edib.

“Bloomberg” iddia edir ki, Prezident Vladimir Putinin çevrəsi Ukraynanın terror aktında əli olduğuna dair heç bir dəlilin olmadığına əmindir.

Lakin Putin bu faciədən istifadə edərək rusları Ukrayna ilə müharibəyə cəlb etmək niyyətindədir.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalı azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan zal 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button