“Amnesty International”dan Azərbaycanla bağlı repressiya hesabatı

Təşkilat AXCP-nin həbsdə olan bir qrup üzvünü «vicdan məhbusu» elan etdi…

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycandakı repressiyalarla bağlı növbəti hesabatını açıqlayıb. “Fırlanan qapılar”: Azərbaycanda tənqidçilərə qarşı davam edən repressiyalar” adlı hesabatın tərcüməsini təqdim edirik:

***

Son illərdə Azərbaycan hökuməti öz imicini düzəltmək üçün böyük beynəlxalq tədbirlərə böyük sərmayə qoyur. Bugünlərdə Bakıda “Formula-1″ yarışı keçirilir, amma ölkə insan haqlarına nəzarət baxımından qapalıdır. Insan haqları üzrə beynəlxalq müşahidəçilər, o cümlədən ”Amnesty International”ın nümayəndələri bu ölkəyə ya buraxılmır.

Hökuməti tənqid edənlərin saxta ittihamlarla həbsi, onların yaxınlarına qarşı repressiya təhlükəsi davam edir.

Bu il bir sıra siyasi məhbuslar, o cümlədən adı “Amnesty International”ın “vicdan məhbusu” siyahısında olan 12 nəfər azadlığa buraxılsa da, onlara qarşı məhdudiyyətlər qalmaqdadır.

Hazırda “Amnesty International”ın “vicdan məhbusu” kimi tanıdığı ən azı 14 nəfər hələ də dəmir barmaqlıqlar arxasındadır. Azərbaycanda hökuməti tənqid etdiyinə görə siyasi repressiyaların qurbanına çevrilənlərin sayı ilə bağlı bu rəqəm sadəcə, aysberqin görünən tərəfidir. Hüquq müdafiəçilərin fikrincə, hazırda burada siyasi mobivlərlə həbsdə saxlanılan şəxslərin sayı 70-dən artıqdır.

Azərbaycanda bir xeyli tanınmış QHT-lərin bağlanması, onların rəhbərlərinin həbsindən sonra vətəndaş cəmiyyəti iflic vəziyyətinə düşüb. Məsələn, hazırda Hüquq Maarifçiliyi Cəmiyyəti, Azərbaycan Hüquqçular Assosiasiyası, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu, Insan Haqları üzrə Demokratiya və Resurs Mərkəzi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi kimi təşkilatlar bağlıdır. Fəaliyyətini davam etdirən bir sıra QHT-lər ölkədə insan haqlarının pozulması məsələlərinə münasibətdə mövqelərini yumşaldıblar ki, hökumətlə problem yaşamasınlar.

Azadlığa çıxan “vicdan məhbusları”na məhdudiyyətlər

anar-intiqam-resul

Insan hüquqları üzrə tanınmış vəkil Intiqam Əliyev il yarımdan artıq həbsdən sonra bu il martın 28-də azadlığa buraxılsa da, xüsusi icazə olmadan ölkəni tərk edə bilməz. Şərti azadlığa buraxılmanın tərkib hissəsi kimi tətbiq olunan məhdudiyyətlər Intiqam Əliyevə qanuni fəaliyyətini həyata keçirməyə imkan vermir.

Intiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyəti 2014-cü ilin avqustunda onun həbsi zamanı ofisdən bütün avadanlıqların, sənədlərin (o cümlədən çoxsaylı vətəndaşların şikayətləri, məhkəmə işləri) götürülməsindən sonra fəaliyyətini dayandırıb. Intiqam Əliyevin özünün də, təşkilatın da bank hesabları dondurulub, ofisin qapısı hələ də möhürlüdür.

2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışması zamanı Azərbaycanda insan haqlarının pozulmasına diqqət çəkmək məqsədilə kampaniya keçirdiyinə görə həbs olunan Rəsul Cəfərov da azadlığa buraxılsa da, bank hesabı üzərindən həbs götürülməyib. Rəhbərlik etdiyi təşkilat isə dövlət qeydiyyatına alınmayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də iki ildən artıq həbsxana həyatından sonra azadlığa buraxılıb. Digərləri kimi, o da əsassız ittihamlarla məhkum edilmişdi – seçki saxtakarlığını ifşa etdiyinə görə cəzalandırılmışdı.

Azərbaycanda ən yüksək səviyyədə korrupsiyanı ifşa edən jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılova il yarım həbsdə saxlanıldıqdan sonra mayın 25-də azadlığa buraxıldı. O, 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Azadlığa buraxılsa da, üzərində 5 il ölkəni tərk etmək və dövlət vəzifəsi tutmaq qadağası var. Xədicə Ismayılova jurnalist fəaliyyətini davam etdirəcəyini bildirib. Amma onun əməkdaşlıq etdiyi “Azadlıq” radiosunun Bakı ofisi 2014-cü ilin dekabrında axtarış aparılıb, möhürlənəndən sonra fəaliyyətini dayandırıb.

Həbsdən buraxılandan sonra tənqidlərini davam etdirənlərə qarşı yeni ittiham təhlükəsi isə qalmaqdadır. Məsələn, Tofiq Yaqublunun təcrübəsində olduğu kimi. Üç ildən artıq həbsdə saxlanılandan sonra martın 17-də azadlığa buraxılan Tofiq Yaqublu az sonra sosial şəbəkələrdə tənqidi fikirlərinə, müsahibələrində siyasi həbslərə görə Ilham Əliyevi tənqid etdiyinə görə Baş Prokurorluğa çağırılıb, ona xəbərdarlıq edilib ki, yenidən cinayət məsuliyyətinə cəlb oluna bilər.

“Facebook” məhbusları

elvin-abdullayev

Azərbaycanda internet, xüsusən “facebook” ciddi nəzarət altındadır. Burada hökuməti tənqid edənlər paylaşanlar həbs riski altındadır.

“Facebook”da hökuməti tənqid edən “Ditdili” səhifəsinin admini, 20 yaşlı Xalid Xanlarov yanvarın 23-də saxta “polisə müqavimət” ittihamı ilə 25 sutka həbs olunmuşdu.

2015-ci il yanvarın 8-də AXCP üzvü, gənc blogger Elvin Abdullayev universitetdə imtahan verib evə qayıdarkən həbs olunub. “Facebook”dakı yazıları və siyasi fəaliyyəti barədə bir xeyli söhbət apardıqdan sonra guya, onun cibindən üç qram heroin tapılıb. Onun yeri barədə iki gün ərzində nə yaxınlarına, nə də vəkilinə heç bir məlumat verilməyib. Anasının sözlərinə görə, həmin müddətdə ona yemək verilməyib, işgəncələrə məruz qalıb, siyasi mənsubiyyətini dəyişməsi üçün ona təzyiq edilib. Elvin Abdullayev 6 il azadlıqdan məhrum edilib.

Elvin Abdullayev sosial mediada fəal iştirakçılardan olub. O, dövlət siyasətini tənqid edirdi. O, Pedaqoji Universitetin tələbəsi idi. Elvin Abdullayev öz fikirlərini dinc şəkildə ifadə etdiyinə görə həbs olunan “vicdan məhbusu”dur.

2015-ci ildə dekabrın 8-də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da “facebook”dakı fəaliyyətinə görə həbs olunub. Fuad Qəhrəmanlı Nardaranda keçirilən polis əməliyyatı, o cümlədən dindarların həbsi barədə fikirlərini paylaşmışdı. Prokurorluqda “facebook” statusları haqda dindiriləndən sonra o, məhkəməyə aparılıb və həbs qərarı çıxarılıb. Onun həbsi üçün prokurorluğun ortaya qoyduğu sübutlar isə yalnız həmin statuslar olub. Həmin statuslarda o, hökumətin siyasətini, Nardaranda baş verənləri tənqid edib.

“Amnesty International” hesab edir ki, Fuad Qəhrəmanlının statusları onun hadisələrə baxışlarını ifadə edir və ifadə azadlığına uyğundur. Fuad Qəhrəmanlı özünün dini və siyasi baxışlarını ifadə etdiyinə görə həbs olunan “vicdan məhbusu”dur. Fuad Qəhrəmanlı bundan əvvəl də siyasi baxışlarına görə həbs olunmuşdu.

“Heykəl məhbusları”

gencler-heykel

Daha iki gənc fəal Qiyas Ibrahimov və Bayram Məmmədov keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə siyasi etiraz xarakterli şüar yazdıqdan bir gün sonra – mayın 10-da həbs olunub. Hökumət iddia edir ki, onların üzərindən təxminən 8 qram hesroin tapılıb. Hər iki gənc vəkilinə bildirib ki, narkotiki onların ciblərinə polislər özləri atıb. Bu gəncləri 12 ilə qədər həbs cəzası gözləyir.

Dindirmə zamanı gənclərə narkotik yox, heykəlin üzərinə yazdıqları şüarlar barədə suallar verilib. Polislər onlardan heykəlin qarşısında üzr istəməyi tələb ediblər. Onlar imtina edəndə isə işgəncələrə məruz qalıblar. Gənclərə həmçinin polis bölməsində tualet təmizlətdiriblər və həmin vəziyyətdə bunu videoya çəkiblər.

Gənclər yazdıqları məktubda onlara verilmiş işgəncələri ətraflı şəkildə açıqlayıb. BMT əməkdaşları da Qiyas Ibrahimov və Bayram Məmmədovla görüş zamanı onların üzərində xəsarət izləri görüb.

Bayram Məmmədov və Qiyas Ibrahimov da “vicdan məhbusu”dur. Onların heykəlin postamentini yazdıqdan dərhal sonra həbs olunması, işgəncələrə məruz qalması da narkotik ittihamının saxta olduğunu deməyə əsas verir.

“Meydan TV”yə təzyiqlər

meydan tv

Jurnalist Günel Mövludun qardaşları da narkotik ittihamı ilə həbs olunub: “Iki qardaşımı açıq-aşkar saxta narkotik ittihamı ilə həbs etməklə, hökumət mənə və xaricdə işləyən digər jurnalistlərə mesaj verir ki, ölkədən kənarda olmasanız da, istədinizi deyə bilməzsiz. Sizin əvəzinizə yaxınlarınız cəzalandırılacaq”.

Azərbaycanda korrupsiyanı ifşa edən, insan haqları sahəsindəki problemləri işıqlandıran “Meydan TV” internet televiziyasına qarşı da saxta ittihamlarla cinayət işi başlanıb. “Meydan TV” ilə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Qohumlarına görə həbs olunan vicdan məhbusları

zahidovlar-mehkeme

“Amnesty International” hökuməti tənqid edən, lakin özü xaricdə olduğu halda, Azərbaycandakı qohumları təqiblərə məruz qalan, həbs olunan bir neçə şəxslə bağlı halları qeydə alıb. Məsələn, keçmiş “vicdan məhbusu”, tənqidçi jurnalist Qənimət Zahidin qohumları saxta narkotik ittihamı ilə həbsdədir. Qənimət Zahid ölkənin əsas müxalifət qəzeti olan “Azadlıq”ın baş redaktorudur, o, 2007-ci ildə saxta xuliqanlıq ittihamı ilə həbs olunaraq, dörd il azadlıqdan məhrum edilmişdi. O, azadlığa buraxılandan sonra 2011-ci ildə ölkəni tərk edərək, tənqidçi jurnalist fəaliyyətini davam etdirib. O, hazırda həm də “Azərbaycan saatı” televiziya proqramının müəllifi və aparıcısıdır. Bu proqram Azərbaycanda peyk vasitəsilə yayımlanır.

2015-ci il iyulun 20-də Qənimət Zahidin iki qohumu – əmisi oğlu Rövşən Zahidov və qardaşı oğlu Rüfət Zahidov həbs olunub. Rüfət Zahidov iş vaxtı saxlanılıb və dərhal da əllərini qandallayıblar. Ardınca da içində beş qram narkotik olan polietilen paket onun şalvarının arxa cibinə qoyulub və sonra da oradan götürülüb. Guya, digər paket də avtomobildə axtarış zamanı tapılıb.

Rövşən Zahidov əvvəlcə polisə müqavimət ittihamı ilə 25 sutka inzibati həbs cəzası alıb, həmin müddətdə guya, qohumu Rüfət Zahidovdan narkotik alması barədə ifadəyə imza atması üçün təzyiqlərə məruz qalıb. Bundan imtina edəndə isə evində axtarış aparılıb və narkotik “tapılıb”. Rövşən Zahidov bildirib ki, polislər onu tələb olunan ifadəni imzalamayacağı halda, həyat yoldaşını həbs etməklə hədələyiblər.

Zahidovların yanına beş gün ərzində vəkil buraxılmayıb. Onların işi üzrə polis şahidlərin verdikləri ifadələr də bir-birinə uyğun gəlmir. Rövşən və Rüfət Zahidovlar “vicdan məhbusu”dur.

“Azərbaycan saatı” proqramının digər əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov da 2014-cü il avqustun 11-də narkotik ittihamı ilə həbs olunub. O, küçədə saxlanılıb və polis idarəsinə aparılıb. Polis iddia edir ki, üzərindən narkotik tapılıb. Həmin gün evlərində də axtarış aparılıb və guya, 600 qram narkotik tapılıb.

Murad Ədilovun yanına beş gün ərzində vəkil buraxılmayıb. Vəkilinin sözlərinə görə, bu müddətdə Murad Ədilov döyülüb və etirafedici ifadəni imzalamaq tələb olunub. Dörd gün sonra istintaq təcridxanasına köçürüldüyü zaman yoxlanılarkən üzərində xəsarətlər aşkar olunub. Vəkil qeyd edir ki, Muradın həbsi və məhkəməsi zamanı dəhşətli qanun pozuntularına yol verilib.

Murad Ədilov 6 il azadlıqdan məhrum edilib. Muradın həbsindən əvvəl qardaşı Natiq prokurorluqdan hədə xarakterli məktub almışdı.

Natiq Ədilov hazırda Fransada mühacirətdədir.

murad-edilov

Zahidovlar kimi Murad Ədilov da “vicdan məhbusu”dur. Onlar yaxın qohumları xaricdən tənqidçi jurnalist fəaliyyətilə məşğul olduqlarına görə cəzalandırılıblar.

2015-ci ilin iyulunda “Meydan TV”nin direktoru Emin Millinin qaynı, IT mütəxəssisi Nazim Ağabəyov da evdən işə gedərkən həbs olunub. Ona qarşı narkotik ittihamı irəli sürülüb. Emin Millinin əmisi oğlu Polad Abdullayev də naməlum şəraitdə həbs olunmuşdu, lakin qohumları Emindən imtina ərizəsi yazandan sonra o, azad edildi.

Nazim Ağabəyov təxminən bir il həbsdə saxlanıldıqdan sonra bir müddət əvvəl azadlığa buraxılıb.

Seymur Həzinin başına gələnlər…

seymur-hezi-mehekeme6

“Azərbaycan saatı”nın daha bir əməkdaşı, “Azadlıq” qəzetinin siyasi şərhçisi Seymur Həzi də həbsdədir. O, 2014-cü il avqustun 29-da xuliqanlıq ittihamı ilə həbs olunub. Tanımadığı şəxs avtobus dayanacağında yaxınlaşaraq, onu vurub. Həmin vaxt Seymur da özünümüdafiə məqsədilə əlindəki butılka ilə onu vurub. Dərhal da polislər yaxınlaşıb və Seymur Həzini saxlayaraq polis idarəsinə aparıb. O, 5 il azadlıqdan məhrum edilib.

Seymur Həzi də “vicdan məhbusu”dur. Çünki məqalələrində prezident Əliyev və digər yüksək vəzifəli məmurları tənqid etdiyinə görə bundan əvvəl də dəfələrlə təzyiqlərə məruz qalıb. 2011-ci il martın 26-da bir neçə maskalı şəxs tərəfindən oğurlanaraq, döyülüb. 2010-cu ildə müxalifətin mitinqində həbs olunub və polis təcridxanasında döyülüb. Orada ona bildirilib ki, tənqidi yazılarını davam etdirsə, daha betər olacaq.

Azərbaycan hökumətinə tövsiyələr

Hökumət insan haqlarının müdafiəsilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməli, o cümlədən söz və ifadə, toplaşma, birləşmə azadlıqları təmin olunmalıdır;

Bütün vicdan məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır;

Bank hesablarının üzərindən həbslər götürülməli, fəalların peşə fəaliyyətinə, ölkədən çıxışlarına məhdudiyyətlər aradan qaldırılmalıdır;

Tənqidçi jurnalistlərin, fəalların qohumlarına qarşı təzyiqlərə, saxta ittihamlarla həbslərə son qoyulmalı, bu şəxslər dərhal azadlığa buraxılmalıdır.

Vətəndaş cəmiyyətinin təhlükəsiz şəraitdə fəaliyyətinə imkan yaradılmalıdır;

Hüquq müdafiəçiləri və onların təşkilatlarına qarşı cinayət işlərinə, vergi sanksiyalarına son qoyulmalıdır;

Beynəlxalq insan haqları müşahidəçilərinin Azərbaycana girişinə imkan yaradılmalıdır;

Ədalətli məhkəmə araşdırması təmin olunmalıdır;

Qanunsuz həbslər praktikasına son qoyulmalı və bu cür həbslərdə əli olan məmurlar cəzalandırılmalıdır.

Beynəlxalq aləmə çağırış

Azərbaycanın beynəlxalq tərəfdaşları – xarici hökumətlər və beynəlxalq təşkilatlar bu ölkədə insan haqlarının vəziyyətini nəzarətdə saxlamalı, baş verənləri qeydə almalıdır. Həmçinin bu qurumlar Azərbaycan hökumətinə bütün vicdan məhbuslarının dərhal azadlığa buraxılması üçün çağırış etməlidir. Bu ölkədə ifadə, birləşmə, sərbəst toplaşma azadlıqlarının təmin olunması üçün israr etməlidilər. Azərbaycan hökumətilə görüşlərdə, hər fürsətdə bu ölkədə insan haqları sahəsindəki problemlərdən narahatlıqlarını dilə gətirməlidilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button