Avropalılar axmaqdırlarmı?

Avropada və ABŞ-da türklərə və azərbaycanlılara 1915-ci il hadisələri barədə təxminən bunlar deyilir: əlbəttə, siz Osmanlı İmperiyasının əməllərinə görə məsuliyyət daşıya bilməzsiniz, bu, 100 il əvvəl baş verib, həmin dövlətsə artıq yoxdur, sadəcə olaraq, insanlar həlak olub, özü də çox sayda təqsirsiz insanlar, biz isə buna etinasızlıq göstərə bilmərik.

Bu şəkildə mühakimələr sivil dünyanın ədalətsizliyə göz yummamaq, zəif və müdafiəsizi qorumaq kimi həyat qaydalarına uyğundur

1998-ci ildə bir qrup jurnalistimizin Yerevana səfərini xatırlayıram. Bir axşam bir qrup erməni həmkarımızla söhbət zamanı biz soyqırım mövzusuna toxunduq. Həmsöhbətlərimə belə bir sual verdim: tutaq ki, soyqırım olub, izah edin, türklər öz vətəndaşlarını niyə öldürsün, axı? Bu sualıma yerli mətbuat klubunun rəhbəri cavab verdi ki, vətəndaşların mülkiyyətinə sahib olmaq üçün. Türklər bilirdilər ki, ermənilər çox zəngindirlər və türklər zənginləşmək üçün vəziyyətdən istifadə etdilər, deyə o bildirdi.

Tutaq ki, belə də olub – dedim, – türklər erməniləri öldürüb, onların əmlakını mənimsəməyi qərara alıblar. Amma ermənilər belə rəftar üçün hansısa əsası veriblər?

Bu sualı eşidən erməni həmkarım üzünün qəzəbli ifadəsini gizlədə bilməyib qəti şəkildə bəyan etdi: ermənilər nə etsələr də, onları öldürmək olmazdı!

Bəs ermənilər nə etmişdi?

Yüz minlərlə insanın qaçqına çevrilməsi, tərksilah edilməsi və bunun nəticəsi olaraq, minlərlə qurban olması üçün ermənilər nə etməli idilər?

Erməni həmsöhbətlərim heç cür etiraf etmək istəmirdilər ki, türklərin kəskin reaksiyasına ermənilərin, ilk növbədə onların lideri və ziyalılarının kütləvi xəyanəti səbəb olub. Hadisələr erməni hərbçilər Osmanlı ordusunda kütləvi şəkildə fərariliyə və rus qoşunlarının tərəfinə keçib öz ölkələrinə qarşı döyüşməyə başladıqdan, yerli türk və kürd əhalini öldürməyə və ermənilərin öz dövlətlərini yaratmağı qərara aldıqları ərazilərdən qovmağa başladıqdan sonra başlayıb. Onların milli qəhrəmanları – Andranik, Njde, Dro və s. özlərini məhz belə aparıblar. Baxmayaraq ki, buna qədər onların bir hissəsi Osmanlı vətəndaşı idi və türk ordusunda xidmət edirdi.

Əlbəttə, ermənilər durduğu yerdə belə bir dəlilik etməzdilər. Onları buna Antanta ölkələri, daha sonra isə həm də Rusiya yönləndirirdi.

Birincilər Osmanlı İmperiyasını dağıtmağı, türkləri Balkanlardan, Yaxın Şərqdən qovmaq və bu regionu nəzarətə götürmək istəyirdilərsə, rusların məqsədi bir qədər mötədil, amma analoji idi – müasir Türkiyənin Cənubi Qafqaza birləşən şərq regionlarını ələ keçirmək.

Beşinci kolon rolunu kim oynaya və buna nail olmaqda kim kömək edə bilərdi? Bunu təxmin etmək çətin deyildi, necə ki, nəticələrini də.

Ermənilərin axmaq (yox) olmadığı, qurban olduğu fikri ilə razıyam. Elə vətənpərvərlik formasına bürünmüş siyasətçilərin yanlış qərarlarının məişət axmaqlığından daha ciddi nəticələr verə biləcəyinə də.

Yüksək səviyyədə mütəşəkkillik və məsuliyyətin təzahürü təhlil və səhvlərin etirafıdır. Hər kəs buna qadir deyil. Almanlar Xolokostu etiraf edərək və qurbanlara kompensasiya ödəyərək, belə bir nümunə göstərdilər.

Türklərin belə edəcəyi fikrindən uzağam və 1915-ci ildə erməni separatizminə qarşı tədbirlərin aşırı olduğu ehtimalına yer verirəm. Məsələ ondadır ki, ermənilər  də öz əməllərinin repressiyalara əsas verdiklərini etiraf etmirlər.

Ermənilər türklərlə birlikdə öz ölkələrinin müdafiəsinə qalxsaydılar və ONLARIN ölkəsinə qəsd edənlərin qanını axıtsaydılar, 1915-ci il hadisələri olardımı? Amma həmin illərdə ermənilər üçün Osmanlı torpaqları artıq öz ölkələri deyil, elə özlərinin ələ keçirmək (erməni versiyasına görə isə “tarixi vətənlərini azad etmək”) istədikləri ərazi idi. İşğalçılar isə həmişə məhv edilir.

Erməni dəstələrinin türk hökumətinə qarşı əməlləri bir çox tarixçilər tərəfindən təsvir edilib və mən onları təkrar etməyəcəyəm. Yalnız bir hadisəni xatırladacağam. 1896-cı ildə 30 erməni döyüşçüsü əllərində silah İstanbul Bankını ələ keçirərək, hakimiyyətdən ermənilər qarşısında öhdəliklərini yerinə yetirməyi və onların sıx yaşadığı yerlərdə islahatlar aparmağı tələb etdilər. Böyük çətinliklə onları bankdan çıxmağa və xaricə getməyə razılaşdırmaq mümkün olub. Bu da baş verdi. Bu hadisə 1915-ci il hadisələrindən 19 il əvvəl baş verib və ermənilərin davranışını göstərir.

Erməni xarakterinin spesifikası

Ermənilərin həmin hadisələrə yanaşması çox maraqlıdır. Onların şərhində yarım milyon dinc əhalinin – qadınların, uşaqların, yaşlıların səbəbsiz yerə qətlindən söhbət gedir. Bəs kişilər harada idi, niyə döyüşmürdülər və özlərini müdafiə etmirdilər? Ermənilər bu məsələlərdən cidd-cəhdlə yan keçirlər.

Azadlıq və müstəqilliyə can atmaq haqqında danışan xalq öz mübarizəsini vurğulayır və qəhrəmanlaşdırır. Ermənilər bunu etmir, çünki bu halda onlar etiraf etməlidirlər ki, əllərində silah öz hökumətlərinə qarşı döyüşürdülər, yəni silahlı qiyam törədirdilər. Bu halda isə türklərin səbəbsiz və izahedilməz qaniçənliyi və amansızlığı haqqında danışmaq lazım gəlmir.

Məşhur Avropa politoloqu Conatan Koen Londonda konfranslardan birində aforizmə çevrilən bir ifadə səsləndirib: Qarabağ münaqişəsinin həllinə erməni xalqının xəstə psixologiyası mane olur. Bununla razılaşmamaq çətindir. Xəstəliyin miqyası isə  demək olar ki, bütün əhalidir, bu hal isə onun müalicəsiz olduğunu göstərir.

Ermənilər üçün 1915-ci ilin yekunu yalnız hər yerdə, həmişə və istənilən yolla türklərdən qisas almaq kimi yeganə bir ideya ilə yaşamaqdır. Öz tarixini, o cümlədən ən yeni tarixini mifləşdirmək tezliklə gənc nəslin 1915-ci il hadisələri haqqında tərbiyəsində xrestomatiyaya çevrildi. Bu hadisələrdə öz məsuliyyətini etiraf etməmək belə bir fikir yaradır ki, türklər ermənilərin mülkiyyətini ələ keçirmək üçün onları qırmağı qərara alıblar. Özü də o halda ki, ermənilər türk sultanlarının dövründə yüksək dövlət vəzifələri tuturdular, parlament üzvü idilər, çoxsaylı dövlət vəzifələrində xidmət göstərirdilər, bütün Osmanlıda böyük əmlaklara sahib idilər. Belə çıxır ki, türklər yüz illərlə erməniləri yedirib bəsləyiblər ki, bir gün onları kəssinlər?

Ermənilər bütün bu suallara adətən belə cavab verirlər: əgər, soyqırım yox idisə, niyə ermənilər bütün dünyaya səpələniblər?

Maraqlı məntiqdir, istənilən halda, uşaqlarda türklərlə əlaqəli hər şeyə ədavət hissi yarat ki, İkinci Dünya Müharibəsindən sonra əlverişli ölkələrdə böyümüş erməni nəsilləri də bütün dünyada türkləri öldürmək və soyqırıma görə qisas almaq üçün ASALA – terror təşkilatı yaratsınlar. 70-80-ci illərdə bütün dünyada türk diplomatlarına və türk nümayəndəliklərinə qarşı onlarla terror aktı dünya ictimaiyyətinin diqqətini çəkməyə bilməzdi. Dünya bu terror aktlarını pisləyərkən, Fransa, ABŞ və digər ölkələrdə öz fəlakətləri haqqında dəhşətli hadisələr danışan on, bəzən isə yüz minlərlə ermənini “insani cəhətdən” başa düşdüklərini də deyirdilər.

Ermənilərdən öz maraqları üçün istifadə edən Avropa və Rusiya bu məsələdə, avropalıların və rusların türklərdən daha çox təqsirkar olduqlarını bilsələr də, bu terrora mənəvi cəhətdən bəraət verirdilər.

Ədalət naminə demək lazımdır ki, bir çox ermənilər bütün bunları dərk edir və hətta pisləyir. Amma bu gün elə bir tarixi mərhələ başlayıb ki, sağlam düşüncə və ayıq əql elə həmin avroamerikaruslar tərəfindən qidalanan qlobal erməni maşını qarşısında gücsüzdür.

Sivil dünyanın şəfqəti və mənəvi dəstəyi sadəcə donkixotluq deyil, asanlıqla istisna edilə biləcək insan alicənablığıdır.

Bundan başqa, şəfqət oyunu həm də siyasətçilər üçün “normal” biznesdir. Hər şeydən pul qazanmaq olar. Hətta yəhudi antisemitizm üzərində biznes qura bilər, məsələn, Jirinovski kimi. Amma satılmış və abırsız siyasətçilərdən başqa, ziyalılar və sadəcə vicdanlı insanlar da var ki, onlar erməni ideyasına möhkəm inanırlar. Məhz bu insanlar soyqırımı öz ölkələrində qanunvericilik səviyyəsində tanımağı və hətta onun inkarına görə cəza qanunu qəbul etməyi mənəvi borcu hesab edən təbəqədir.

Elə bu yaxınlarda belə insanlardan biri ilə qarşılaşdım və xeyli təəccübləndim.

Tanışım, hörmətli beynəlxalq qurumlardan birinin nümayəndəsi mənə dedi ki, soyqırımın inkarı haqqında qanun pis və ədalətsizdir və ifadə azadlığı daha üstündür. Lakin erməni soyqırımı olub və o, şübhə doğurmur, heç kim bunu inkar edə bilməz.

Ona bir neçə sual verdim: Niyə Fransada və digər ölkələrdə yalnız iki soyqırım – yəhudi və erməni soyqırımı haqqında danışırlar? Axı, Şimali Qafqaz xalqlarının soyqırımı da olub, İkinci Dünya Müharibəsi illərində Stalin yüz minlərlə çeçeni, qaraçaylını, inquşu, balkarı, çərkəzi deportasiya edib. Onlardan başqa, məhsəti türkləri, kumıklar, buna qədərsə Volqa almanları repressiya və deportasiyaya məruz qalıblar. Ümumilikdə isə milyonlarla insan. Onların əksəriyyəti Sibirdə və Qazaxıstan çöllərində yaşadı. Bu soyqırımın miqyası o qədər böyük idi ki, Xruşşov zamanı repressiyaya məruz qalmış xaqlar haqqında xüsusi qanun qəbul edilmişdi.

Elə həmin vaxt İkinci Dünya Müharibəsində amerikalılar minlərlə yaponu tərksilah edib ABŞ-a deportasiya edirdi. Daha sonra əlcəzairlilərin, kambociyalıların, ruandiyalıların və s. soyqırımı olub.

Bəs niyə Qərbdə bu soyqırımların pislənməsi haqqında qanun yoxdur? Buna belə cavab verə bilərəm: Fransa qanunları istənilən soyqırımın inkarını pisləyir. Bəs onda niyə yəhudilər və ermənilər xüsusi vurğulanır? Bəlkə onlar xüsusidirlər və ya onlar avropalılara daha yaxındırlar? Bu dəlillər tanışımın mövqeyini dəyişmədi, o, sadəcə olaraq sözümü kəsirdi: mövqeyimin erməniyönlü olduğunu gizləmirəm və sənin ölkəndə nə düşünəcəkləri vecimə də deyil!

Sadə bir nəticə çıxarmaq olar: avropalılar axmaqdırlar. Başqa bir nəticə də çıxarmaq olar: Normal insan belə düşünürsə, bu, müəyyən işin və səylərin nəticəsidir.

Bütöv bir millət bütün gün ağlayır və şəfqət tələb edirsə, inanan da tapılar. Amma elə etmək lazımdır ki, avropalılar başqa fikri də öyrənsinlər və səhv etdiklərini başa düşsünlər.

Bunun baş verməsi və bizə inanmaları üçün Qərbdə Heydər Əliyev haqqında deyil, Qarabağ haqqında, ötən əsrin əvvəllərində və ondan öncə regionun Rusiya tərəfindən müstəmləkəyə çevrilməsi dövründə Cənubi Qafqazda baş verənlər haqqında, 1918-1920-ci illər Yerevan quberniyasında, Zəngəzurda və s. regionlarda azərbaycanlıların qətlləri haqqında kitablar buraxılmalıdır.

Lakin bu səviyyədə “təxribat” yaxşı təhsil və bilik, bacarıq və vətənpərvərlik tələb edir, həm də təkcə bununla məşğul olanlarda deyil, göstəriş verənlərdə də.

Parisdə ailə sərgiləri təşkil etmək, əlbəttə ki, öz əhəmiyyətliliyi hissini təmin etmək üçün vacibdir, amma bəzən sərgilərin mövzusunu müxtəlifləşdirmək daha yaxşı oalrdı.

Heydər Əliyevin adını çəkmişkən, onunla bağlı iki hadisəni xatırlatmaq istərdim.

Birincisini Heydər Əliyev özü 2001-ci ildə Fransa parlamentinin “erməni soyqırımı”nı tanımasını şərh edərkən təsvir edirdi.

Fransanın o vaxtki prezidenti Jak Şirakın sözlərinə istinad edən Əliyev deyirdi ki, erməni diasporası çox fəaldır, onlar Fransa deputatlarını və hökumətini öz müracitələrilə “doldurub”lar. Lakin sayca ermənilərdən az olmayan türk diasporası, demək olar ki, heç nə etməyib və özünü həddindən artıq passiv aparıb.

İkinci hadisə bir neçə il əvvəl Ştatlarda baş verib. Məşhur tarixçiyə Azərbaycan tarixi haqqında kitab yazmaq sifarişi verilir. Kitab tamamlandıqda professora ödənişdən imtina ediblər. Səbəb isə kitabda Heydər Əliyevin rolunun kifayət qədər yaxşı əks olunmaması göstərilib. Belə nümunələrin isə sayı çoxdur.

Şahin Hacıyev

(məqalə 2012-ci ildə Fransanın erməni soyqırımının inkar edilməsinə görə məsuliyyət haqqında qanunun qəbulu ilə əlaqədar yazılıb, kiçik dəyişikliklərlə dərc edilir. Bu gün bu material Almaya Bundestaqının qərarindan sonra yenə də aktuallaşdı).

contact.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button