Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başlayır

Fevralın 7-də Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlara rəsmi start veriləcək. Bu barədə Avropa Komissiyasının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia məlumat verib.

“Vizanın sadələşdirilməsi, prosesin yüngülləşdirilməsi, inzibati tələblərin azaldılmasıdır, bu, ucuz və üzunmüddətli vizadır”, – Kobia jurnalistlərlə söhbətində bildirib.

Viza rejiminin sadələşdirilməsinin Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə kütləvi miqrasiyasına səbəb olacağı barədə fikirləri şərh edən Kobia deyib ki, o, bu fikirlərlə razı deyil.

“Hesab etmirəm ki, Aİ Azərbaycandan kütləvi miqrasiyanın mümkünlüyündən narahatdır. Birincisi, Azərbaycan əhalisi elə də çox deyil. İkincisi, azərbaycanlılar öz ölkələrində özlərini yaxşı hiss edirlər”, – Kobia vurğulayıb.

Eyni zamanda üçüncü ölkənin vətəndaşları Avropaya miqrasiya məqsədilə Azərbaycan ərazisindən istifadə edə bilər. Belə olan halda, onların qayıtması məsələsinin həlli vacibdir.

Viza rejiminin sadələşdirilməsi üçün şərt kimi readmissiya haqqında sazişin imzalanması vacibdirmi? Bu sualın cavabında Kobia deyib ki, bu proseslər paralel aparılacaq.

Viza rejiminə dair danışıqların müddətinə gəlincə, qonşu Gürcüstanda bu proses bir il yarım davam edib, ölkə rəhbərliyinin siyasi iradəsi belə olub. Əgər Azərbaycan siyasi iradə göstərsə, proses tez başa çatdırılacaq.

Assosiativ sazişin imzalanmasına gəlincə, Kobia bildirib ki, danışıqlar hələ 2010-cu ildə başlanılıb və bəzi bölmələr razılaşdırılıb. Viza və assosiativ münasibətlərə dair sazişlərin bağlanması proseduru paralel aparılacaq.

Bundan əvvəl Azərbaycanın rəsmi şəxsləri qeyd ediblər ki, readmissiya haqqında sazişin imzalanması Azərbaycan vasitəsilə Avropaya gedən miqrantların üçüncü ölkəyə qayıdışı ilə bağlı Bakı üçün öhdəlik problemi yaradır.

13.01.2012

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button