Azərbaycanın 15 faizi quraqlıq riski altındadır

“Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq riski ilə üz-üzə qaldığını vurğulamaq lazımdır”.

AZƏRTAC-ın məlumatına görə, bu barədə aprelin 5-də “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində çıxışı zamanı Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

Onun sözlərinə görə, son 100 ildə Azərbaycanda orta illik temperatur artıb: “Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son yeddi ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi iki metr azalıb ki, bunun da 1.5 metri son beş ilə təsadüf edib”.

Ölkədə həm içməli, həm də suvarma suyunun qıtlığı ilə bağlı şikayətlər eşidilir. Artıq paytaxt Bakının özündə belə bir çox ərazilərə su limitlərlə verilir. Son illər ölkədə pambıq plantasiyalarının artmasından sonra suvarma sularının qıtlığı ilə bağlı daha çox şikayətlər səslənir.

Xəzər dənizinin səviyyəsinin düşməsini isə ekspertlər son illər, əsasən, Volqa çayının axınının həcminin azalması ilə izah edirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button