Bəxtiyar Hacıyev 100 manat cərimə edildi

Xırda xuliqanlıqda günahlandırılan siyasi fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Yasamal Rayon Məhkəməsi Avqustun 17-də B. Hacıyevi 100 manat cərimə edib.

Məhkəmədən sonra B.Hacıyev qərarın əsassız olduğunu deyib. Onun fikrincə, cərimə qərarı yalançı şahid ifadələri əsasında qəbul edilib.

Siyasi fəal qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Bəxtiyar Hacıyev avqustun 15-də Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılmışdı. Siyasi fəalın saxlanması Dövlət Yol Polisi əməkdaşları ilə mübahisə zəminində baş vermişdi.

B.Hacıyevin deməsinə görə, avqustun 14-də yol polisi heç bir qanuni əsas olmadan onun barəsində protokol tərtib edib. Avqustun 15-də siyasi fəalla həmin polis əməkdaşları arasında mübahisə yaranıb.

Polis əməkdaşlarından şikayətçi olmaq istəyən B.Hacıyev qeyd edib ki, onun özünü post-patrul xidmətinin əməkdaşları zorla bölməyə aparıblar.

Bölmədə B. Hacıyevin deməsinə görə, bəlli olub ki, yol polisi əməkdaşları artıq ondan şikayətçi olub. Polis əməkdaşı B.Hacıyevin qanuni tələblərinə əməl etməməsindən, onunla qaba rəftar etməsindən şikayət etmişdi. Bəxtiyar Hacıyev isə əksinə polis zorakılığı ilə üzləşdiyini bildirirdi.

Şikayət elə avqustun 15-də Yasamal Rayon Məhkəməsinə göndərilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button