“Bəylər Əyyubovla bir neçə dəfə telefon söhbətim oldu”

Eldar Sabiroğlu: «Baş Prokurorluq başqa birisinin bu məsələdə münasibətini kənara atmadığına görə bu cür sərt yolu seçdi»

“Rüfətlə bağlı Bəylər Əyyubovla da bir neçə dəfə telefon söhbətim oldu. Ondan da yalnız qayğıkeş münasibət gördüm”.

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərov barəsində başlanmış cinayət işinə münasibət bildirərkən deyib. O, daha sonra oğlu barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə təşəkkür edib. Həmçinin bildirib ki, oğluna qarşı cinayət işi sifarişdir. “Hərdən Rüfətlə evdə zarafat edəndə deyirəm ki, oğlum, yaxşı qurtardın, verdiklərin bəyanat, yazı və açıqlamaların müqabilində. Sadəcə, Baş Prokurorluq başqa birisinin bu məsələdə münasibətini kənara atmadığına görə bu cür sərt yolu seçdi. Özlərinə qalsa idi, onlar da bu pisliyi mənə göstərməzdilər. Əsas pislik nümayiş etdirənin kimliyi haqda xeyli danışmışam, cəmiyyət bunu bilir. Həmin şəxs oğlumdan mənim iniqamımı aldı, çünki əlinə yaxşı girəvə düşmüşdü, buraxa bilməzdi”, – deyə Eldar Sabiroğlu bildirib.

O, əlavə edib ki, oğlunu hər an həbs edilə bilər: “İstəsələr günü sabah onu Kürdəxanıya yola sala bilərlər. Hər şey istintaqın və ”əlahəzrət” sifarişin ixtiyarındadır. Hələlik, asılı vəziyyətdə saxlamağa üstünlük verirlər. Baxaq görək, sonu nə ilə qurtaraqcaq”.

Eldar Sabiroğlu sifarişçinin adını çəkməsə də, onun eyhamlarından bu şəxsin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin olduğu aydın görünür. Eldar Sabiroğlu məhz Ramiz Mehdiyevi sərt tənqid etmiş, onun haqqında məqalələrlə çıxış etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button