Bağışlamayacam, Aydın Canıyev…

ehtiram

Düppədüz otuz il qabaq tanış olmuşam onunla. Ovaxtın tələbələri xatırlayar – Yasamal bazarının arxasındakı köhnə-küləş, bir-birinin içində olan kirayə evləri. Vaqif Bəhmənlinin dilimizdə dolaşan şeirində belə misralar vardi:

 

Kirayənişin qaldığımız evlərin

Qapıları balacaydı, əyildim.

 

Hərəmiz bir yerdən – rayondan, kənddən gəlmişdik, yerə-göyə sığmırdıq. Dünyanın bizim olduğunu zənn edirdik.

Gözəl rejissor dostumuz Rövşən Almuradlının məşhur “Yük” filmindəki sayaq. Məclislərimiz az qala səhərə qədər uzanırdı. Sazın-sözün-şeirin havasıyla yasayırdıq. Dupduru və romantik vaxtlarımızıydı. Həmin qayğısız günlərimizin ən səmimi həmdərdlərindən biri də o idi. Elə onda da hamıdan fərqlənirdi – həyata, şeirə baxışından tutmuş, ən adi hərəkətlərinə və diksiyasına qədər. Bir də gülüşü fərqli idi – sanki nəsə bir kədər yağırdı gülüşündən. Deyəsən, həmin kədər heç indi də tərk etməyib onun gülüşünü. O zaman sonuncu dəfə AzTV-də cıxış eləyən gördum onu – hərbi xidmətə yola düşən çağırışçı kimi ürək sözlərini dilə gətirib sonda sevgilisinə ünvanlı öz şeirini söylədi.

Ötüb keçən onilliklər boyu diqqətimi heç çəkmədim – baxmayaraq ki, bu qədər müddət ərzində bir dəfə də üz-üzə gəlmədik (özü yazsaydı bu son sözləri, mütləq öz stilinə uyğun şəkildə böyük hərflərlə yazardı – E.İ.). Amma bunun əvəzində ən müxtəlif mətbuat orqanlarında yazılarıyla rastlaşdım. O, mənim dostlarımla dostluq edirdi – əsasən də ustad Murad Köhnəqalayla. Murad da hər adamla yola gedən ha deyil. Xətrini istəmədiyi adamla isə ömur-billah dostluq eləməz. Sonra arada bir müddət yazıları cıxmadı qarşıma. Onda darıxırdım elə bil. Sonra haqqında başqa-başqa şeylər eşitdim. Başı daşdan-daşa dəyibmiş. Az qala çoxumuzun yaşadığı problemlər çıxıbmış qarşısına. Amma o, yazı yazmasa dayanamı bilərdi? Onun imzası olan yazılar hər dəfə məni bir ovqata kökləyib. Mürşid məqamında dayanan Elçibəy haqqında yazısını oxuyanda qanını içmək istəmişəm. Əziz arkadaşımız Həsən bəy Kərimovun nakam oğlanlarından bəhs edən yazısını oxuyanda yenə qanına təpilmək keçib ürəyimdən – birində nifrətdən, o birində sevgidən…

O, sənətinin fanatı və peşəkarıdır. Bu isə alın yazısı və tale qismətidir. Görünür, mənim də qismətimdə bu çooox köhnə dostumu 30 ildən sonra görmək də varmış!

P.S. İçində ömrümüzü çürütdüyümüz bu rəzil cəmiyyəti mənim istedadlı və böyük ürəkli dostlarımı istədikləri və layiq olduqları kimi yaşamağa qoymadığı üçün hec vaxt bağışlamayacam! Bağışlamayacam, Aydın Canıyev… 

Ehtiram İlham

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button