Bakıda bir neçə dayanacaqda qiymətlər qaldırılıb

Yayımlandı: 27 Mart 2024 15:23

İqtisadçı deyir ki, əksinə, qiymətlər ucuzlaşdırılmalıdır

2024-cü il aprelin 1-dən Bakının mərkəzində yerləşən bir neçə avtomobil dayanacağında (“parkinq”) qiymətlərin artırılacağı bildirilir.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Yayılan cədvəllərdə saatlıq və aylıq tariflər göstərilib.

Bildirilir ki, “Qış Parkı”nın dayanacağında aylıq “parkinq” qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq.

“Azadlıq” meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib.

Qış parkında avtomobil dayanacağı. Foto: Meydan TV

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “Çağrı mərkəzi”ndən Meydan TV-yə bildirilib ki, Hökumət evi, “Qış parkı” və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətinə daxil olan xərclər tam qarşılanmır.

“Yaranan zərərlərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”, – AYNA-dan bildirilib.

İqtisadçı Natiq Cəfərli bu addımı məntiqsiz yanaşma sayır.

O, Meydan TV-yə deyir ki, şəhərin mərkəzi avtomobillər üçün məhdudlaşdırıldığı təqdirdə, “parkinq”lərdə qiymətlər  ucuzlaşdırılmalıdır:

“28 may” metrosu yaxınlığında avtomobil dayanacağı. Foto: Meydan TV

“İkincisi, o “parkinq”lər dövlət büdcəsi hesabına tikilib. Hamımız həmin parkinqlərin tikintisində iştirak etmişik. Bu, özəl sektor deyil ki, qoyduğu xərci çıxarmağı düşünsün və qiyməti artırmaq yolu ilə öz xərclərini qarşılasın. Deməli, burada da bir məntiqsizlik var”.

İqtisadçı deyir ki, ödənilən vəsaitin xərclənməsi ilə bağlı hesabat verilmir:

AYNA-nın əsasnaməsində də yazılıb ki, toplanan vəsaitin yarısına yaxını onların maaş və mükafatlarının verilməsinə yönləndirilə bilər. Deməli, biz ödəniş edirik ki, onlar daha çox maaş və mükafatlar əldə etsinlər. Axı qonşu və normal, sivil ölkələrdə belə deyil. Orada parkinqdən gələn gəlirlər həmin ərazinin abadlaşdırılmasına, əhalinin problemlərinin həllinə, kommunal xidmətlərin yaxşılaşdırılmasına istifadə olunur”.

İqtisadçı Natiq Cəfərli
Foto: Meydan TV

Qiymət atrımının öz səbəbləri olur. Ya kommunal xidmətlər artır, məsələn, elektrik enerjisi. Yaxud vergilər artır, bu zaman da idarəedici şirkətlər bunu əsas gətirərək, qiyməti artırırlar. Hazırda nə elektrik enerjisinin qiyməti qalxıb, nə də vergilərdə bir dəyişiklik var. Nə baş verdi ki, belə bir qərar verdilər? Bunu vətəndaşa izah etməlidirlər. Amma etməyəcəklər. Çünki onların vətəndaş qarşısında heç bir məsuliyyəti yoxdur. Seçilmiş orqanlar deyillər, təyin olunmuşlardır. Təyin olunmuşlar da heç vaxt vətəndaş qarşısında özlərini məsuliyyətli hiss etmirlər”, – iqtisadçı deyib.

2023-cü il iyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib.

Təsdiq edilmiş sənədə görə, Bakının parklanma yerləri “Mərkəz”, I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb.

Hər saat üçün “Mərkəz”də 1 manat, I zonada 0,70 manat, II zonada 0,40 manat və III zonada isə 0,30 manat ödəniş tələb olunacaq.

Sonuncu IV zonada isə parklanma ödənişsizdir.

Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsizdir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button