“Bu şəraitdə it də yaşamaz, amma biz yaşayırıq…”

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 35 ünvanında Ağdam rayonundan olan bir qrup məcburi köçkünün yaşadığı 128 saylı uşaq bağçasının binası qəzalı vəziyyətdədir. Binaya sığınan 11 ailə hər gün səhəri qorxu ilə açır.

Qəzalı vəziyyətdə olduğundan hələ 14 il əvvəl – 2004-cü ildə uşaq bağçası bu binadan köçürülüb. Lakin getməyə yeri olmayan məcburi köçkünlər 25  ildən artıqdır ki, burada yaşamaqda davam edirlər.

 

“Ev uçub dağılır, döşəmə çürüyür, zirzəmi də su ilə dolu…”

 

Məcburi köçkün Sənubər Əliyeva deyir ki, nəmişlik, üfunət içərisində olan, tavanı daman otaqlarda yaşayırlar. Bu azmış kimi binanın zirzəmisi də yay-qış su ilə dolu olur. Zirzəmiyə suyun necə və haradan dolduğunu isə müəyyən edən tapılmır. Elə bu səbəbdən də binaya verilən istilik sistemi kəsilib. Zirzəmisi su ilə dolu olan otaqları isə heç cür qızdırmaq mümkün deyil.

“Ev uçub dağılır, döşəmə də çürüyür. Bütün zirzəmi su ilə doludur. Qış günüdür, nə yandırsaq da xeyri olmur. Qaz yoxdur, evləri elektrik sobası ilə də qızdıra bilmirik. Evin altı su olduğundan, istilik sistemini də bu sulara görə düzəldə bilmirlər. Burada hər cür xəstəlik tapmışıq. Körpə uşaqlarımız var, üst-üstə xalça döşəyirik ki, uşaqlar soyuq çəkməsinlər. Bilmirik dərdimizi kimə deyək?”, – deyə S. Əliyeva bildirir.

 

“Dedilər əşyalarınızı toplayın, bayramı evinizdə keçirəcəksiniz…”

 

Həmsöhbətimiz deyir ki, onlar bura 2000-ci ildə köçüblər. Amma binada məskunlaşan digər ailələr 1993-cü ildən uşaq bağçasında yaşayırlar. Onlara qəzalı binadan köçürüləcəkləri ilə bağlı vəd verilsə də, hələ də kömək edən tapılmır.

“Biz gələndə bağça işləyirdi və yuxarı mərtəbədə uşaqlar təhsil alırdılar. Burada məskunlaşmaq üçün bağçanın müdirinə pul da vermişdik. Amma sonra bizi buradan çıxarmaq istədi. Mərhum prezident Heydər Əliyevə şikayət etdikdən sonra o, bildirdi ki, Ağdam torpağı alınmayınca heç kim bizi yaşadığımız yerdən çıxara bilməz. Bu şəraitdə bizə yaşamaq xoşdur ki? İllərlə şikayət etmədiyimiz yer qalmadı, sonra bizə də dedilər ki, sizə ev veriləcək. Hətta ötən il Novruz bayramı ərəfəsində dedilər ki, hazırlaşın təzə evə köçürsünüz. Bayramı öz evinizdə keçirəcəksiniz. O qədər sevindik ki, bütün əşyalarımızı da qutulara yığıdıq. O vaxtdan da xəbər olmadı. Sonra dedilər yanvar ayında köçürəcəyik, yanvar da gəldi, xəbər yoxdur. Daha ümidimizi üzmüşük”-ağdamlı məcburi köçkün deyir.

Su zirzəmiyə haradan dolur?

 

Binada 1993-cü ildən məskunlaşan Baxşeyiş Məmmədov da şəraitsiz və acınacaqlı vəziyyətdə yaşadığını deyir. Onun sözlərinə görə,  Nəsimi rayon İcra Hakimiyyətinə,  Bakı şəhər İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsnə, digər səlahiyyətli orqanlara şikayət etsələr də məcburi köçkün ailələrinə kömək edən olmayıb.

“Evimiz damırdı, onu düzəltmişik. Təmir edirik, amma 2 aydan sonra əvvəlki vəziyyətə düşür. Çünki nəmişlikdir. Zirzəmilər su ilə doludur. Gəlib baxırlar, mənşəyini də tapa bilmirlər. Əvvəl elə bildilər ki, istilik sistemindən sızır, ona görə istiliyimizi də kəsdilər. Amma ondan deyilmiş, zirzəmi yenə su ilə doludur, üstəlik istiliyimiz yoxdur. Evi zülümlə qızdırırıq”-B.Məmmədov dərdini danışır.

“Bu şəraitdə heç it də yaşamaz, amma biz yaşayırıq”

 

Söhbətləşdiyimiz  sakinlər arasında ən dözülməz şərait Zahidə Məmmədovanın mənzilində idi. Başgicəlləndirən kif və rütubət iyindən içəri girmək mümkün deyildi. Ev sahibi mənzili təzə təmir etdirdiyini desə də, bütün tavan qapqara qaralmışdı. Elə giriş qapısından axan su isə qapının aşağı hissəsini yarıya qədər çürütmüşdü. Mənzildə 5 dəqiqədən artıq dayana bilmədik.

“Bu şəraitdə heç it də yaşamaz, amma biz yaşayırıq. Bura başdan ayağa problemdir, hansı birini deyək? İçəridə nəm iyindən durmaq olmur. Bütün günü kondisioner də işləyir, elektrik qızdırıcısı da. Amma nəmi apara bilmir. Bütün texniki avadanlıqlar nəmişlikdən sıradan çıxır. Baxın, təzə televizor almışıq, amma işləmir. Bundan əvvəlki də təzə idi, amma altı tamam çürümüşdü. Hər şey belədir, soyuducu da, paltaryuyan maşın da. Nə alsan 6 ay dözmür. Ən dəhşətli yerimiz isə mətbəxdir. Orada nəfəs almaq mümkün deyil”, – deyə həmsöhbətimiz gileylənir.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, indiyə qədər 50 min qaçqın və köçkün ailəsi, ümumilikdə 250 min insan yeni evlərə köçürülüb. Dövlət tərəfindən bu işlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərclənib.

Vitse-prezident, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ötən il xüsusilə ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemlərinə dair müşavirə keçirib, belələrinin mümkün qədər tez müddətdə yeni mənzillərə köçürülməsinə dair göstərişlər verib. Ötən il ərzində ağır şəraitdə yaşayan 2300-ə yaxın məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub, prosesin bu il də davam etdiriləcəyi açıqlanıb. Prezident İlham Əliyev bu günlərdə Nazirlər Kabinetinin iclasında problemlə bağlı danışıb və bəyan edib ki, ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni evlərlə təmin olunması davam etdiriləcək.(virtualaz.org)

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button