Daha bir repressiv dalğa-ƏVƏZ ZEYNALLI YAZIR

AzelTV-nin baş redaktoru Efqan Sadıqovun bir neçə ay bundan əvvəl Ali Məhkəmədə işindən 1 il götürülmüşdü. Bu qərardan çox keçmədi ki, “pay verib dərdindən öldü” misali Efqan Sadıqova yenidən ittiham irəli sürdülər. Cəlilabad rayonunun icra başçısı onun haqqında xüsusi ittiham qaydasında məhkəməyə müraciət edibmiş. Oysa Efqan Sadıqovun azadlığa çıxmasına bir neçə ay qalmışdı. Nəsə baş verdi. Nə baş verdi ki?
Efqan Muxtarliya apar-topar, tələsik 6 il iş verdilər. Haradasa son söz haqqı tanımadan. Elə bir daşa-divara oxuyurlar işi. 6 il! Bir az bundan əvvəl Kanal13-ün rəhbəri Əziz Orucova eyni qaydada olduqca sərt cəza verilmişdi – 6 il!
Bu hökmlərin mürəkkəbi qurumadan mühacirətdə fəaliyyət göstərən Məhəmməd Mirzəlinin atasını bu gün Göyçayda həbs edib Bakıya gətiriblər. 64 yaşlı beyin iflici olmuş, böyrək çatışmazlığından əziyyət çəkən ağsaqqal bir adamı oğlunun fəaliyyətinə görə həbs etmək heç Stalinin zamanında yox idi.
Bu hadisələrlə nəfəs alarkən, Qobustandan – ömürlüklərdən ağır xəbərlər yayıldı. Bir ömürlük özünü asıb – onu nadzor xilas edib, başqa biri karsa salınıb, ona əziyyət verilib. Və bunlar beynəlxalq təşkilatların siyahısında olan və beynəlxalq təşkilatların əfv olunmalarını tələb etdikləri məhbuslardır.
Görünən odur ki, cəmi bir neçə ay bundan əvvələ qədər hakimiyyət daxilində qüvvədə olan yanaşma bu ildən köklü şəkildə dəyişib. Nə baş verdi ki? Bəlkə nəyəsə icazə ala bilməyiblər? Bəlkə nəsə baş verəcək? Yoxsa niyə bir neçə ay bundan əvvəl 1 il işindən götürdüyü siyasi məhbusa yenidən iş vermək üçün təzə ittiham elan etsinlər ki?! Bunlar belə çıxır ki, həbs müddəti bitənləri də buraxmaq istəmirlər…
Nəsə baş verdi…
Daha bir repressiv dalğa gəlir…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button