“Deyirdilər ki, “”Quli” haqda nə bilirsənsə, danış”

“Lotu Quli”nin (Nadir Səlifov) kirvəsnin məhkəmə prosesi davam edib

Kriminal aləmin tanınmış siması, bu yaxınlarda 22.5 illik məhbəs həyatından sonra azadlığa buraxılmş “Lotu Quli”nin (Nadir Səlifov) kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

M.Namazov məhkəmədə öz vəkili Təranə Əliyevanın suallarını cavablandırıb.

Vəkil: Sizi saxlayan şəxslər özünü təqdim etdimi?

M.Namazov: Xeyir

Vəkil: Saxlanılan zaman üzərinizdə axtarış aparıldımı?

M.Namazov: Xeyir. Neçə saat saxlanıldım. Sonra baxış keçirildi. Əllərim də bağlı idi.

Vəkil: Saxlanılan zaman cibində nə var idi? Öz əşyalarınızdan.

M.Namazov: 2 min dollar və “İphone 5” telefonum var idi.

Vəkil: Cibinizdən kim çıxardı? Sonra qaytarıldımı?

M.Namazov: Əllərim bağlı idi. Özləri cibimdən götürdülər. Bir neçə saat sonra polisdən evə apardılar. Təxminən 5-6 saat çəkdi. Maşınıma da baxış keçirmək üçün. Həmin vaxt pulu evdəkilərə qaytardılar.

Vəkil: Evə gələndə maşına necə baxış keçirildi?

M.Namazov: Maşını mühasirəyə almışdılar. Qardaşım oğlu evdən açarı gətirdi. Maşını açıb baxış keçirdilər. Baxdılar nəsə tapmadılar. Mənə deyirdilər ki, nəsə cinayət bilmirsən? Dedim ki, biləndə deyərəm.

Vəkil: Saxlanılan zaman və daha sonra döyülmüsünüz?

M.Namazov: Bir neçə dəfə. O qədər döyüblər ki. 50 nəfər adam olardı otaqda.

Vəkil: Sənədlərə necə oldu ki, imza çəkdiyiniz göstərildi?

M.Namazov: Nə qədər məcbur elədilər, amma imzalamadım. Şəxsiyyət vəsiqəmdə olan imzama oxşadıb, özləri imzalayıblar.

Vəkil: Şəxsiyyət vəsiqənizi hardan götürmüşdülər?

M.Namazov: Maşına baxış keçiriləndə sənədlərimi götürüblər. Şəxsiyyət vəaiqəm də orada idi.

Vəkil: Sizdən nə ifadə istəyirdilər?

M.Namazov: Deyirdilər ki, “”Quli” haqda nə bilirsənsə, danış”. Narkotikdən danışmırdılar. Əgər mən “Quli” haqda nə desəm, narkotiki üzərimdən götürəcəklərdi.

Məhkəmədə M.Namazovun digər vəkili də çıxış edib. Vəkil qeyd edib ki, M.Namazov müayinədən keçirilib və onun narkotik vasitə istifadəçisi olmadığı məlum olub.

Vəkil M.Namazovun külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı haqda məhkəməyə məlumat verilməsini istəyib və bununla bağlı məhkəməyə vəsatət verib: “Əgər, doğrudan da belə bir əməliyat məlumatı polis idarəsinə daxil olubsa, bu məlumatın uçotu aparılmalıdır. Biz polis idarəsinə sorğu verib, bu barədə yazılı cavab istəmişik. Amma sorğumuza cavab verilməyib. Bir məsələni də qeyd edək ki, əgər Məhəbbət Namazov külli miqdarda narkotiki satış məqsədi ilə əldə etmişdisə, niyə əməliyyatı davam etdirib, onun həmin narkotik vasitəni kimə satacağı müəyyənləşdirilməyib? Guya ki, bununla bağlı cinayət işi ayrılıb”.

M.Namazovun vəkillərinin məhkəməyə təqdim etdiyi digər vəsatətlər növbəti prosesdə müzakirə ediləcək. Məhkəmə dekabrın 6-da davam edəcək.

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Xatırladaq ki, “Lotu Quli”nin yeznəsi Vidadi Hüseynov da narkotik ittihamı ilə həbs edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov “Bulaq”restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, “Lotu Quli” 8 saylı cəzaçəkmə müəssisəsində oktyabrın 23-də azadlığa çıxıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button