DİASPORA MƏRKƏZİ İĞDIRA GEDİR

Beynəlxalq Diaspora Mərkəzindən iri addımlar

Son günlər Beynəlxalq Diaspora Mərkəzinin (BDM) bir çox layihələr ətrafında işlədiyi haqqında məlumatlar yayılmaqdadır. Bir neçə gün bundan əvvəl Qərbi Azərbaycanlıların dədə-baba yurdlarından köç etməsinin 22 illiyi münasibəti ilə keçirilən böyük tədbirin əks-sədası qulaqlardan çəkilməmiş BDM daha bir neçə aksiya keçirməyə hazırlaşır. Aldığımız məlumatlara görə, artıq Türkiyənin İqdır şəhərində olan BDM-in nümayəndə heyəti burada bir neçə önəmli tədbirlər keçirməyi planlaşdırır.

BDM Cahandar Ağanın oğlunun məzarını tapdı!

İqdırda bir neçə rəsmi görüşlərdən sonra Kərbəlayi İsmayılın məzarı ziyarət olunub. Azərbaycanın tarixi qəhrəmanlarından və el ağsaqqallarından biri olan Kərbəlayi İsmayılın məzarı da BDM tərəfindən axtarılıb tapılmış və abadlaşdırılmışdı. Ziyarətdən sonra İqdırın valiliyində və bələdiyyə sarayında görüşlər keçirilib. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərində İqdırın rolu və burada məskunlaşan Qərbi Azərbaycanlıların problemləri müzakirə olunub. Maraqlıdır ki, indiyə qədər bilinməyən bir məsələ də BDM-in bu səfəri çərçivəsində üzə çıxıb. Məlum olub ki, burada tarixi şəxsiyyət olan Cahandar ağanın oğlunun məzarı yerləşirmiş və BDM-in nümayəndə heyəti Cahandar Ağanın oğlunun məzarını ziyarət etməklə daha bir önəmli ziyarət yerinin millətimizə tanıdılmasının əsasını qoyub.

BDM Ağrı dağı ilə Baba dağı qardaş dağlar elan edir!

Ağrı dağı illərdir, əsrlərdir düşmənin gözünə ox kimi bata-bata günümüzə qədər tarixi torpaqlarımızda yer almaqdadır. Hətta Ermənistanın dövlət gerbi kimi dünyaya ermənilərinmiş kimi göstərilən və Türkiyə ilə Ermənistanın arasında ciddi münaqişə və mübahisə mövzusu olan Ağrı dağı haqqında BDM-in önəmli bir təklifi Türkiyə yetkililəri ilə müzakirə edilib. BDM-in təklifinə görə, Ağrı dağı ilə Baba dağının qardaşlaşması məsələsi gündəmə gətirilib və təklif İqdır rəhbərliyi tərəfindən razılıqla qarşılanıb. İndən sonra türkiyəli qardaşlarımızın qardaş dağı Babadağ, bizim qardaş dağımız isə Ağrı dağı olacaq. Tarixi nailiyyət kimi yaddaşa düşən bu anlamlı addım həm də Milli məsələlərdə irəli çıxmağımıza və Azərbaycan gerçəklərinin təbliğ olunmasında Azərbaycana lazım olacaq.

BDM bütün partiyalara bərabər məsafədə dayanır…

İqdırın siyasi yelpazəsinin bütün rəngləri ilə görüşən BDM-in nümayəndə heyəti bu sahədə də bir ilkə imza atır. Ənənəvi şəkildə daha bir partiya və bir partiyanın səlahiyyətliləri ziyarət olunmur. BDM Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyalardan AK Partiyanın, Milliyyətçi Hərəkat Partiyasının və Cümhuriyyət Xalq Partiyasının il başqanları ilə görüşüb, bu partiyaların binasını ziyarət edib və Azərbaycan-Türkiyə münasibətlərində ortaq hərəkət etməyin faydalarından bəhs edib. Türkiyəyə bir bütün kimi baxdığını bəyan edən BDM, qarşı tərəfdən də bunun gözlənildiyini vurğulayıb.

BDM Heydər Əliyevin ölümünün 7-ci ildönümünü qeyd edib

Tədbirlərdən biri də 2003-cü ilin dekabrın 12-də dünyasını dəyişən Azərbaycanın 3-cü prezidenti mərhum Heydər Əliyevin anılma tədbiridir. Zaman-zaman Azərbaycan Demokratik Respublikasının qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin, ikinci prezident Əbülfəz Elçibəyin də xatirəsini yad edən qurumun Heydər Əliyevi ölüm günündə xatırlaması təqdirlə qarşılanıb. Tədbir İqdırda yerləşən Heydər Əliyev abidəsinin qarşısına gül çələngi qoymaqla yekunlaşıb.
BDM-in nümayəndə heyətində Azərbaycanın tanınmış ziyalıları təmsil olunurlar. Bunlardan BDM sədri İsmayıl Ağayevi, deputat Gülər Əhmədovanı, BDU-nun professoru Vəli Əliyevi, Milli QHT Forumunun prezidenti Rauf Zeynini, müstəqil yazar Nurəddin Xocanı, qəzetimizin baş redaktoru Əvəz Zeynallını və digərlərini göstərmək olar. Nümayəndə heyətinin önümüzdəki günlərdə Vətənə qayıtması gözlənilir.

Gələn saylarımızda səfər haqqında geniş reportajlarımız olacaq…


XuralTAC


“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button