“Dünyaya eyni pəncərədən baxan iki qardaş ölkə…”

TÜRKİYƏNİN TANINMIŞ SİYASƏT VƏ SÖZ ADAMLARI AZƏRBAYCAN HAQQINDA DANIŞDILAR

Qardaş Türkiyədə cərəyan edən proseslərə Azərbaycan mediası daima xüsusi həssaslıqla yanaşıb.

Son olaylar da daxil olmaqla bu ölkənin həyatında baş verən ən kiçik hadisəyə belə, mediamız həmişə diqqət göstərib. Medianın xüsusi diqqətindən və həssas münasibətindən əlavə, ölkəmizin sıravi vətəndaşları da Türkiyənın sevincinə öz sevinci kimi sevinib, kədərinə öz kədəri kimi şərik çıxıb – ürəklərimiz hər zaman qardaşlarımızla birgə döyünüb…

Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır” fikri, eləcə də Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan dünyanın bütün ölkələri ilə əməkdaşlıq arzusundadır. Lakin onu Türkiyə ilə xüsusi münasibətlər bağlayır. Biz eyni kökdən boy atmışıq, ümumi cəhətlərimiz çoxdur. Biz iki ölkədə yaşayan bir xalqıq və öz birliyimizi möhkəmləndirməliyik” sözləri hər birimizın duyğu və düşüncələrini ifadə edən müdrik kəlamlardır.

Aramızda heç vaxt sarsılmayacaq bir doğmalıq, təmənnasız sevgi və bağlılıq var. Duyğularımızı hər fürsətdə ifadə etməkdən usanmırıq, iki ölkə arasında bağlarıın daha da möhkəmlənməsi üçün səylər göstəririk.

Bu duyğularla türkiyəli siyasət adamlarına, mədəniyyət nümayəndələrinə üz tutduq və “Azərbaycan deyiləndə ağlınıza ilk olaraq nə gəlir?” sualı ilə onlara müraciət etdik. Cavablar eşitmək istədiklərimizdən də təsirli və anlamlı oldu: demək olar, hər kəs əsrlərə söykənən sarsılmaz qardaşlıq əlaqələrinin, sevginin sözlə ifadəsinin mümkünsüzlüyünü dilə gətrib, birliyimizin önəmini dönə-dönə, həm də xüsusi incəliklə vurğuladı.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hazırda Moldovada səfir kimi fəaliyyətini davam etdirən Hulusi Kılıc Azərbaycanın onun üçün xüsusi önəm daşıdığını, ölkəmizi özünün ikinci vətəni hesab etdiyini söylədi: “Azərbaycan Qafqazlarda parıldayan ulduzdur, “Bir millət, iki dövlət”, qan bağımızdır, xalqlarımız qardaşdır. Bu söz mənə çox doğmadır. Cənab prezident İlham Əliyevin “Dostluq” ordeni ilə təltif etdiyi ilk türk səfir olmaq isə mənə xüsusi qürur hissi yaşadır”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz sualımızdan məmnunluğunu ifadə edərək Azərbaycan haqqında deyəcək xoş sözlərin sətirlərə sığmadığını vurğuladı: “Azərbaycan candır, qardaşdır, qanımız və canımızdır. Gücümüz, dəstəyimizdir! Azərbaycan Ata vətənimiz, Türkiyə Ana vətənimizdir”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri, şair, alim İrfan Çiftçinin isə sualımıza verdiyi cavab belə oldu: “Azərbaycan – qədim eşqim məhəbbətini qəlbimin dərinliyində saxladığım üçrəngli bayraq, doğmalarımın doğması, özümünkülər, bugünlərdə itirdiyim yaxın dostum, həm də əqrabam Məhərrəm Məhərrəmov, 1991-ci ildən bəri tanıdığım köhnə dostlarım, İçərişəhər, Yahya Şirvani, Bibiheybət, Mir Mövsüm Ağa ziyarətgahları, aşıq havaları, muğamat, möhtəşəm musiqilər, rəssamların əsərləri, miniatürlər, Rəsul Rzanın “Rəngləri sayağı baxdığım dağı, aranı, o taylı, bu taylı Kürü, Arazı, Ramiz Rövşənin şeirləri, Bakının əzəməti, memarlıq abidələri ilə bəzənmiş, baxmaqdan doymadığım heykəlləri olan küçələri, boz Xəzərin küləyi, qəsəvəti, ağıza şirin mətbəxi, xoşdamaqlı türkcəsi, eyni olan millətin ələ belə məzəli işləri… şikəstəsi ürəyimizə süzülən Qarabağlı odlu yurd, və təbii ki, hər zaman fonda Heydərbaba… Bir neçə cümləyə sığması imkansız bir şey istədiniz məndən. Bu dediklərimsə hazırda yazmaqda olduğum ensiklopediyanın arxa qapaq sözləridir…”

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir isə Azərbaycan sevgisini bu sözlərlə ifadə etdi: “Azərbaycan dedikdə ağlıma ilk olaraq ana dilim türkcə ilə hər bir yerdə sərbəst ünsiyyət qura bildiyim qardaş ölkə gəlir”.

Türkiyəli yazıçı Mehmet Cemal Saydam suala qısa cavab verməyin mümkün olmadığını vurğuladı: “Azərbaycan, onun müqəddəs torpaqları və canım qədər dəyərli insanları barədə düşüncələrim, hisslərim kitablara sığmaz. Hansından danışım – mədəniyyətindənmi, musiqisisindənmi, tarixindənmi, cəfakeşliyindən, əzabkeşliyindən, vəfalılığındanmı?”

Sualımızdan təsirlənən Mehmet Cemal Saydam Azərbaycana həsr etdiyi aşağıdakı şeirini səsləndirdi:

Ey, Azerbaycan!
Sen ki, yüreğimde yarasın.
Sen ki, “Evladı Fatihan”,
bir milletin ikinci parçası,
Bir bütün elmanın,
bir diğer yarısısın.
Sen, ben de yaşarsın…
“Çırpınırdı Karadeniz”
derken, yüreğim depreşir,
“Karabağ” zulmünü hatırlarken, yüreğimde acılarım eyleşir…
Sen Kafkaslarda korkusuz
bir yiğidim,
Kafkas dağlarında
el değmemiş çiçeğim,
Ama yalnızlığa mahkum olmuş
varlığımsın.
Emsalsizsin ey Azerbaycan!
Emsalsiz!..
Tarihler, hep seni yazmıştır,
seni yazacak.
Seni metliğinle tanımıştır alem,
öyle tanıyacak.  

Sen, kültürün pınarısın
Kafkasyada,
Onursuz milletler,
senin kültüründen bir parçayı,
En nadide elmas niyetine
göğsünde taşıyacak!..

Tanınmış Türkiyəli yazıçı və tərcüməçi İmdat Avşar Azərbaycan deyiləndə ağlına gələn ilk sözün “Qardaşlıq” olduğunu bildirdi: “İki ölkənin xalqlarının bu qədər doğmalığının və qardaşlıq duyğusu ilə bir-birinə bağlı olmağının dünyada başqa bir örnəyi yoxdur”.

Türkiyəli jurnalist, yazar Ersoy Dede Azərbaycanla Türkiyəni dünyaya eyni pəncərədən baxan iki qardaş ölkə kimi qiymətləndirdi: “Azərbaycan deyiləndə ağlıma qardaşlıq gəlir: dünyaya eyni pəncərədən baxan, eyni ailəyə mənsub iki qardaş. Qəlbim bu iki qardaşın hər zaman və hər məsələdə birlikdə olmasını istəyir. Azərbaycan və Türkiyənin bütün sahələrdə gücbirliyində olduğunu düşünün. Kim dura bilər ki, qarşımızda? Ümid edirəm ki, o günlər də gələr…”(525.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button